2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Xoşbəxt keçmişin bəxtəvər sakinləri

Nəzərə alsaq ki, Azərbaycana son əlli üç il, qısa fasilələri çıxsaq, Əliyevlər ağalıq edib, nə gözləməliyik?

Ömrümün qürub çağında həmvətənlərimin mütləq əksəriyyətinin məni nə üçün daima anlamadıqları sualı məni düşündürür.

Saytların yığılması Saytlarin yigilmasi

İlk baxışdan həddən ziyadə bəsit fikirlər səsləndirirdim. Məsələn, xalq hərəkatının lap əvvəlində deyirdim ki, Əbülfəz Əliyevin Xalq Cəbhəsinə sədrliyi nəticədə Heydər Əliyevi hakimiyyətə qaytaracaq. Milli ruhlu bəylər mənə qeyzlə deyirdilər ki, “Peyğəmbər kimi təmiz adama böhtan deyirsən”. Deyrdim ki, “Baxın, Əbülfəzin sağında Murtuz Ələsgərov, solunda Ramiz Rizayev, arxasında Eldar Salayev, qənşərində Rəsul Quliyev oturub, onlarla məsləhətləşir. Onlar kimə və nəyə işləyir?” Milli ruhlu bəylər dilbilməz mənə qandırırdılar ki: “Müdrik bəyimiz düşməni öyrənir”.

Deyirdim ki, seçki ərəfəsində ölkədəki sabitliyi pozmayın, dövlət idarələrinə hücum etməyin, milli ədavəti qızışdırmayın, seçkilərə hazırlaşın. Milli bəylər və xanımlar məni təhqir edirdilər, qeyrətli bəylər üstümə bıçaq çəkirdilər, hamılıqla deyirdilər ki, “Mərkəzi Komitəyə işləyirsən”.

Deyirdim ki, əliyalın camaatı tankın üstünə aparsanız, onları qırdıracaqsınız. Elə ki, bunu deyirdim, bir neçə yüz əsl milli ruhlu bəy yerindən sıçrayıb “qorxaq, satqın” bağırırdı. Elə həmin an Əbülfəz Əliyev yerindən qalxıb əlini Leninsayağı bir az yuxarı, bir az irəli uzadıb deyirdi ki, “Azadlıq yolunda demokratiya ilə yanaşı qan da tökülməlidir!” Məni təhqir edən həmin milli bəylər cuşə gəlib bu dərin və sağlam fikrə çəpik çalırdılar. Mən sadəcə soruşanda ki, “Nəyə lazımdır qan tökmək, üç aydan sonra parlament seçkilərində qələbə Xalq Cəbhəsinin cibindədir”, həmin milli ruhlu bəylər var gücləri ilə “sus, xain” qışqırırdı.
Mən də heyrətə gəlib bu qəribəliyin özüm üçün elmi izahını axtarırdım.

Xülasə, hadisələr mən gördüyüm və dediyim kimi cərəyan etdi, tanklar gəldi və insanları qırdı, parlament seçkilərində Xalq Cəbhəsi parlaq qələbə əvəzinə Mərkəzi Komitədən miskin 8% tula payı alıb camaat arasında hörmətini itirdi.

Təbii ki, Əbülfəz özü azadlıq naminə qanını tökmək istəmədi, qətliam gecəsi dostu Becan Fərzəliyevin Yasamaldakı mənzilində gizləndi. Qırılanlar dəfn olunandan bir müddət sonra aldadıb bada verdiyi camaat arasına başıuca, alnıağ çıxdı, fəqət yeni adla: ELÇİBƏY! Elçi, yəni rəsul, peyğəmbər, lakin sadəsindən yox, peyğəmbərlərin bəyi. Nolar, Məhəmməd bin Abdullah əl-Haşimi əl-Qureyşi (aleyhi-s-səlam) peyğəmbərlərin möhürü, yəni sonuncusu, Əbülfəz Qədirqulu oğlu Əliyev isə, əstəğfirullah, peyğəmbərlərin bəyi oldu.

Əsas odur ki, milli ruhlu bəylər və xanımlar bu məntiqsiz və utandırıcı olayı tam təbii qəbul edib hərəkatı zəlil etmiş Böyük bəyin və onun əsabəsinin ardınca, seyrəlmiş də olsa, dəstə kimi yürüməkdə davam etdi.

Hadisələr elə cərəyan etdi ki, dövlətin başına ağciyər, insan qanını tökməkdən çəkinən Ayaz Mütəllibov gəldi. Xalq hərəkatının dəstə başçıları onun bu zəif cəhətini tutub addımbaşı onu qırğın və qanla təhdid etməyə başladılar. Gözəl-göyçək prezident də hər dəfə bu hədədən qorxub geri çəkilməyə, güzəştə getməyə başladı. Güzəşt o həddə çatdı ki, cəbhəçiləri hakimiyyət masasının başına dəvət etdi, yüksək vəzifələr verdi, sonda qanunverici hakimiyyət qolunu tam onlara təhvil verdi, icra hakimiyyətinin də 90%-ni verməyə hazır olduğunu bildirdi. Xahiş etdi ki, “təki məni devirməyin”.

Elə bu an mən səsimi qaldırıb dedim ki, “Razılaşın, bu dinc təkamül yolu ilə xalqımız tədricən demokratiyaya və tərəqqiyə nail ola bilər”. Milli ruhlu bəylər və xanımlar “Satılıb, Mütəllibova satılıb” bağırdılar və razılaşmayıb küçə uşaqlarının başçılığı altında  ağciyər prezidenti devirdilər. Hakimiyyəti qamarlayandan sonra məni axtardılar ki, öz şanlı ədəb-ərkanlarına uyğun olaraq döyüb-öldürsünlər, fəqət mən sabiq cəbhədaşlarımın qabiliyyətinə artıq bələd olduğum üçün ölkəni bir müddət tərk etdim.

Uzaqdan baxıb gördüm ki, başları qəniməti bölməyə qarışıb,  məni unudublar, vətənə döndüm.  Dilimi saxlamayıb dedim ki, “Sizi bir ildən sonra devirəcəklər”.

Bəli, bir il tamam olandan bir gün sonra Xalq Cəbhəsi hakimiyyəti devrildi. Cəbhənin müdrik başbilənləri dedi ki, “günah bu satqın Zərdüştdədir, deməsəydi, devrilməyəcəkdik”.

Bir illik hakimiyyətləri dövründə Rusiyaya təpik vururdular. Dedim ki, siyasət elminin qanunlarına görə sabiq müstəmləkə sabiq dominionla nə qədər yaxşı əlaqə qursa, bir o qədər təhlükədən uzaq olar, Rusiya ilə yaxşı münasibət qurun. Milli bəylər bağırdılar ki, “Rusiyaya satılıb!”.

Gördüm İrana kəllə atırlar, dedim “İranla yaxşı münasibət gənc dövlətə vacibdir”. Güldülər, dedilər ki, “Zərdüşt İranın adamıdır, İrana işləyir”.

Müxtəsər, Qarabağı, hakimiyyəti və xalqın inamını itirəndən sonra bu milli bəylər və xanımlar siyasət səhnəsini tərk etməli oldular.

Yoxa çıxdılarmı? Əsla yox, indi həmin bisavad və abırsız məxluqat İnternet saytlarında meydan sulayır.
Guya siyasətlə də məşğul olurlar. Hərdən bir neçə min milli bəy və xanım meydana toplaşıb hətərən-pətərən fikirlər səsləndirir, bəziləri tutulub ötürülür içəri, bir az yatandan sonra ya kəskin fağırlaşır, ya Qərb ölkələrinə qaçır, ya da İnternet səhifələrində coşqun fəaliyyətə başlayıb camaata ağıl öyrədir.

44 günlük müharibə qurtardı, indi Azərbaycan diplomatiyası işləyir ki, Qarabağın qalan hissəsini də qansız-qadasız qaytarsın.  Qalan hissənin qansız-qadasız və ədalətsiz Rusiyanın və Qərbin həyasız müdaxiləsinə yol vermədən qayıtmasının əsas şərtlərindən biri Azərbaycanla Ermənistanın barış əldə etməsidir. Yadda saxlayın,

Qarabağın tam qaytarılmasının bir mühüm və qaçılmaz şərti var: BARIŞ!

Barışı Rusiya istəmir, barışı Fransa istəmir, Azərbaycana isə barış vacibdir.

Barışmaq istəyən adam nə etməlidir? Bəli, savaş sözlərini deyil, barış sözlərini işlətməlidir. Sözləri seçməlidir, səsinin ahəngini yumşaltmalıdır, sifətinin ifadəsinə fikir verməlidir.

Barışmaq istədiyi əks tərəfi təhqir etməməlidir, aşağılamamalıdır.

İnternet məkanında cövlan edən milli bəylər və onlardan geri qalmayan milli xanımlar öz aləmlərində xəyanətə bərabər belə işlərdən uzaqdırlar. Onların işi-peşəsi erməni tərəfini və erməni tərəfi ilə barış axtaran azərbaycanlıları təhqir etməkdir.

Fərz edək ki, siz erməni tərəfinin bir nümayəndəsi ilə mükalimə aparırsınız. Siz təbii ki, hər iki tərəfə xeyirli olan ortaq məxrəc təklif edirsiniz. Erməni tərəfinin də nümayəndəsi sizə hücum etmir, əksinə, həmin bu ortaq məxrəcin faydasını sakitcə müzakirə edir.

Mükalimə göstərilən çarxın altında şərhləri oxuyuram. Bəh-bəh! Öldü var, döndü yox!  “Həpsi aləm bir olsa, yenə yarım şirindir”. Çarxın altında şərh yazıb barış axtaran gürcü aparıcıdan soruşurlar: “Bu boyda Azərbaycanda başqa adam tapammadın?” Başqa birisi yazır: “İranın adamıdır”. Üçüncüsü yazır: “Rusiyaya işləyir”. Dördüncüsü yazır: “Səhv etdi, erməniyə bəhanə verdi, dedi ki, Azərbaycanda insan haqlarının vəziyyəti bərbaddır. Xeyr! Azərbaycanda hər şey əladır! İlham Əliyev əla prezidentdir!” Beşincisi yazır: “Hər erməniyə bir unitaz verib yola salmalıyıq”. Altıncısı yazır ki, filanıncı ildə Qarabağda Marağadan köçmüş ermənilər köçlərinin yüz əlli illiyinə abidə ucaltmışdılar, sonra ayılıb sökdülər. Və sairə və ilaxıra.

Bu şərhləri oxuduqca dərin fikrə gedirəm. Anlayıram ki, əhalimizin doxsan faizinin məntiqi düşüncə ilə arası yoxdur. Bilirəm ki, çoxu ömründə orta məktəb dərsliyindən başqa kitab görməyib. Hiss edirəm ki, tərbiyəli və nəzakətli danışıq tərzi onların dəruni hisslərini ciddi zədələyir. Heç bir şübhə etmirəm ki, onlar demokratiya məfhumunun nə olduğunu bilməyirlər, heç bilmək də istəmirlər və onları heç vaxt seçkidə iştiraka cəlb etmək mümkün olmayacaq. Bu islahedilməz Əliyevpərəstlər Azərbaycanın yenilməz Vandeyasıdır.

Səbəb barədə də çox düşünmüşəm. Əminəm ki, bu adamlar müasir cəmiyyətlərin keçdiyi yollarla heç vaxt getməyiblər, elə orta əsr mühitində yetişib yaşayırlar.

Müasir dünyanı harada və necə görə bilərdilər? Çar Rusiyası Azərbaycan xanlıqlarını işğal edəndə burada demokratiya var idimi?  “Xan sağ olsun, sənə özüm də, balam da qurban”. Çar Rusiyası dövründə Bakı, Yelizavetpol və İrəvan quberniyalarında demokratiya var idimi? Cümhuriyyət neçə il yaşadı? Sovet Azərbaycanında demokratiya var idimi?

Nəzərə alsaq ki, Azərbaycana son əlli üç il, qısa fasilələri çıxsaq, Əliyevlər ağalıq edib, nə gözləməliyik?
Odur ki, bu məntiqsiz və səfeh şərhləri yazan vətəndaşımız, “Məşədi İbad”da deyildiyi kimi, “əsl müsəlmandır”.  Onlar şanlı keçmişdə, qılınca sarılmış türk ordularının intəhasız ərazini fəth etdiyi, yad qoşunları basıb dağıtdığı gözəl əyyamda yaşayırlar və əmindirlər ki, belə gözəl günlər bir daha qayıdacaq.
Başqa vətəndaşımız yoxdur. Olanımız budur. Odur ki, bu acı həqiqəti unutmayaraq, günümüzə şükür etməliyik. Daha pis ola bilərdi.

The post Xoşbəxt keçmişin bəxtəvər sakinləri appeared first on MEYDAN.TV.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button