Now Reading:
Yadigar Sadıqov Xədicə İsmayıla cavab verdi

Yadigar Sadıqov Xədicə İsmayıla cavab verdi

“Bizi hakimiyyətə işləməkdə günahlandırmaq təhqiramiz yanaşmadır”

“Xədicə İsmayıla əsassız ittihamlarla cavab vermək həvəsində deyilik”

Araşdırmaçı jurnalist, keçmiş siyasi və vicdan məhbusu Xədicə İsmayılın Əvəz Zeynallının “Qaynar Qazan” verilişinə verdiyi müsahibə ciddi rezonansa səbəb olub. Xüsusilə, jurnalistin “Müsavatın ümumi xəttini anlamıram. Bu partiyanın bəzən etdiyi hərəkətləri, sapıntıları çox zaman anlaya bilmirəm. Arif Hacılının başqanlığından əvvəldə bu suallar olub. Müsavat Partiyası “Yeni Müsavat” qəzetindən özünü ayıra bilməməsi, aralarında sədd göstərə bilməməsi halları var. Müsavat Partiyasının siyasi kursuna “Yeni Müsavat” qəzetinin təsiri bu gün də yüksək olaraq qalır” fikirləri Müsavat Partiyasında ciddi narazılığa səbəb olub. Hazırda feysbook.com sosial şəbəkəsində bu mövzu ətrafında ciddi müzakirələr başlanıb, bir çox müsavatçılar Xədicə İsmayıl haqqında fikirlərini, təəssüratlarını yazır, bəzən təhqirdən belə çəkinmirlər.

24 saat.org bu mövzu ətrafında Müsavat Partiyası başqanının müavini Yadigar Sadıqovla yaranan durumu müzakirə edir.

– Müsavat Partiyası ilə Xədicə İsmayıl arasında nə baş verir?

– Xüsusi bir şey baş verməyib. Xədicə xanım müsahibəsi zamanı növbəti dəfə Müsavata qarşı qərəzli olub. Müsavat tərəfi də buna reaksiya verib.

– Yəni çoxlu sayda müsavatçının sosial şəbəkədə Xədicə İsmayıl haqda yazması, hətta az qala onu ittiham etməsi qərəz deyil?

– Mənim Xədicə xanımı nədə ittiham etdiklərini bilmirəm.

– Saxta profillərlə tənqidlərə münasibətiniz necədir?

– Saxta profil olduğunu düşünmürəm. Müsavat Partiyasında ümumiyyətlə saxta profil məsələsi populyar deyil.

– Məsələn, Azad Türk adlı profil var, səhv etmirəmsə Sirac Kərimlinin fotosu altında yazır…

– Ola bilər. Ancaq saxta profil olduğunu düşünmürəm. Bəlkə də, ola bilər.

– Hamı bilir ki, Azad Türk profilindən yazan Müsavat başqanının qardaşı Mustafa Hacıbəylidir…

– Mən bunu deyə bilmərəm. Ola bilsin ki, anonim profildir, saxta profil deyil. Ancaq hər halda təhqirlər yolverilməzdir.

– Yüzlərlə insanın sosial şəbəkədə eyni anda bir jurnalistə qarşı yazması bütün bunların bir mərkəzdən idarə olunması görüntüsünü yaradır. Siz, bu haqda nə düşünürsünüz?

– Bu hər hansı bir mərkəzdən idarə edilmir. Biz dəfələrlə sübut etmişik ki, bu kimi halların baş verməsində, yaşanmasında maraqlı deyilik. Mübarizəni də sırf hakimiyyətlə aparmaq niyyətindəyik. Yəni bizim rəqibimiz hakimiyyətdir. Ancaq Müsavata qarşı iddia və fikir olanda, xüsusilə bu iddia ədalətsiz olanda müsavatçılar buna cavab vermək həvəsində olur.

– Bir jurnalist hər hansısa bir partiyaya qarşı subyektiv fikrini deyə bilər. Buna qarşı gəlmək, yüzlərlə insanın həmin jurnalisti hədəfə alması nə dərəcədə yerində olan addımdır?

– Əvvəl sosial şəbəkələr yox idi. Partiyaya qarşı bir mövqe olanda jurnalistlər həmin təşkilatın rəhbərliyində təmsil olunan şəxslərdən bu haqda soruşurdular. Yəni reaksiya bu formada olurdu və mövzu bitirdi. İndi sosial şəbəkələr var, hamı burada təmsil olunur. Təbii ki, mövqe ədalətsiz olanda hər kəs buna reaksiya vermək istəyir. Mən şəxsən hesab edirəm ki, dostumuz Xədicə İsmayılın dedikləri Müsavat və müsavatçılar üçün təhqiramizdir. Odur ki, müsavatçılarda buna cavab vermək həvəsində qalırlar. Nəticədə belə vəziyyət yaranır. Müsavat Partiyasının minlərlə üzvü var, onların da müəyyən hissəsi sosial şəbəkələrdə aktivdir. Mən bir daha vurğulamaq istəyirəm ki, bu məsələnin uzanmasında maraqlı deyilik.

– Ancaq siz deyirsiniz ki, müsavatçılar həvəsli olduğundan Xədicə İsmayıl haqqında yazırlar…

– Xədicə xanımın mövqeyinə qarşı istənilən müsavatçı fikir bildirməyə çalışır. Bunu onlara qadağan etmək də olmaz. Bunu etmək anti-demokratik hərəkət olardı. Amma buna rəğmən biz çalışırıq ki, öz fikirlərimizi ifadə edək və kimsə təhqir yazmasın. Xədicə İsmayılın bizimlə bağlı ittihamı əsassızdır və bizdə buna əsassız ittihamlarla cavab vermək həvəsində deyilik.

– Ancaq sirr deyil ki, Xədicə İsmayılın fikirləri böyük auditoriyalara təsir edə bilir. Başqa sözlə, X. İsmayılın fikirləri müəyyən mənada aktiv kəsimdə hansısa partiya haqqında ümumi rəyə gəlməyə təsir göstərir. Müsavat barəsində deyilən iddialarla bağlı buna görə, narahatlıq keçirir?

– Müsavat Partiyası narahat deyil. Dostumuz Xədicə İsmayılın Müsavat Partiyasına qarşı belə mövqe sərgiləməsi halı da yeni deyil. Bizim şəxsən Xədicə İsmayılın apardığı ciddi araşdırmalara, üzləşdiyi haqsız təzyiqlərə, həbsinə də böyük hörmətimiz və sayğımız var. Bu mənada istərdik ki, Xədicə xanım özünün nüfuz və avtoritetini düşünərək Müsavata qarşı əsassız iddiada bulanmasın, insanları yanlış yönləndirməsin, eləcədə minlərlə üzvü olan Müsavat Partiyasını aşağılamasın.

– Gəlin, açıq danışaq. Xədicə İsmayıl müəyyən qədər AXCP-yə yaxın olduğu üçünmü onun fikirləri Müsavat Partiyasında qıcığa səbəb olur?

– Kimin hara yaxın olması onun şəxsi hüququ və seçimidir. Hər kəs istədiyi qüvvəni tərif edə, dəstəkləyə, təbliğ edə bilər. Bizim buna etirazımız yoxdur. Lakin bizə əsassız və qərəzsiz münasibət göstərilməsin. Bizi tənqid edə bilərlər və tənqidə hər zaman hazırıq, açığıq. Ancaq bizi az qala hakimiyyətə işləməkdə günahlandırmaq təhqiramiz yanaşmadır.

– Partiyalarda yolunda sapa bilir düşüncəsi ilə razı deyilsiniz?

– Müsavat Partiyası üçün yolundan sapmaq normal bir şey deyil. Müsavat daima Azərbaycanda azadlıq və demokratiya uğrunda mübarizə aparıb. Bu yolda sapmayan bir siyasi təşkilat olub. Biz konkret mövqe nümayiş etdirmişik. Odur ki, Müsavat Partiyası üçün yolundan sapmaq normal olmazdı və allaha şükür ki, belə də deyil.

– Siz bundan sonrakı münasibətləri necə görürsünüz, yüzlərlə müsavatçı nə zamana qədər sosial şəbəkədə bir jurnalisti hədəf olaraq götürəcək?

– Yüzlərlə müsavatçının Xədicə xanımı təhqir etdiyini düşünmürəm. Ola bilsin ki, bir və ya iki müsavatçı aqressiv nəsə yazsın. Mən şəxsən belə təhqirə rast gəlsəm dərhal reaksiya verər və bunun düzgün olmadığını göstərərəm. Biz kiminsə təhqir olunmasının tərəfdarı deyilik və Xədicə İsmayıl bizə yaxın olmasa, bir çox hallarda subyektiv mövqe nümayiş etdirsə də, Azərbaycanın demokratik düşərgəsinin təmsilçisidir. Onun təhqir olunmasına heç bir halda razı deyilik. Xədicə xanıma münasibətimiz normaldır. Əlbəttə, bundan sonra da Xədicə İsmayıl Müsavat Partiyası haqqında subyektiv fikirlərini ifadə edəcəksə, bizdə mədəni formada buna cavabımızı deyəcəyik.

24saat.org

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.