2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

“Yavru vatan” hekayəsi: baş nazirin gizli parolu, “Ayşə əməliyyatı” – IV YAZI

Yadigar Sadıqlı

1974-cü il iyulun 20-da saat 06:10-da Türkiyənin baş naziri Bülənt Ecevit tezliklə bütün dünyaya yayılacaq açıqlama ilə çıxış etdi: “Türk Silahlı Kuvvetleri, Kıbrısa indirme ve çıkarma harekatına başlamış bulunuyor. Allah milletimize, bütün kıbrıslılara ve insanlığa hayırlı etsin. Bu şekilde insanlığa ve barışa büyük hizmette bulunmuş olacağımıza inanıyoruz. Öyle umarım ki, kuvvetlerimize ateş açılmaz ve kanlı bir çatışmaya yol açılmaz. Biz aslında savaş için değil, barış için, yalnız türklere değil, rumlara da barış getirmek için adaya gidiyoruz. Bu karara ancak tüm politik ve diplomatik yolları denedikten sonra mecbur kalarak vardık”.

Həmin dəqiqələrdə türk paraşütçülər Kiprə enməkdə idilər. Bir qədər sonra isə desant gəmiləri Kireniya (Girne) yaxınlığındakı Pentemili çimərliyinə lövbər saldılar. Döyüşsüz baş verən çıxışdan sonra türklər bir qədər irəliləyərək, tutduqları plasdarma strateji dərinlik qazandırdılar. 

Türkiyənin 1964 və 1967-ci illərdə olduğu kimi hədə-qorxu gəldiyini düşünən Yunanıstan və Kipr hökumətləri üçün əməliyyatın başlanması gözlənilməz oldu. Yalnız saat 10-da bir tabora sahilə doğru irəliləyərək türklərə hücum etmək əmr olundu. Amma bu qədər qüvvə ilə türkləri dənizə tökmək mümkün deyildi. Yunanlar canlı qüvvədən əlavə beş tank itirərək, geri çəkildilər. Desant yerinə göndərilən əlavə qüvvələr türk aviasiyasının hücumu nəticəsində ağır itkilər verdi. Türk gəmilərinə hücum etmək istəyən iki torpedo kateri də batırıldı. 

Saytların yığılması Saytlarin yigilmasi

Bununla belə, desantın vəziyyəti də təhlükəsiz deyildi. Belə bir əməliyyat üçün 3500 nəfərlik qüvvə olduqca az idi. Desant gəmilərinin azlığı səbəbindən hərəkat üçün ayrılan bütün qüvvələri birdəfəlik gətirmək mümkün olmamışdı. Gəmilər geri qayıdıb yeni qüvvə gətirənə qədər duruş gətirmək lazım idi. Növbəti 3 gün ərzində ümumən 8 min türk əsgəri adaya çıxdı.

Yunanıstan hadisələrə heç bir reaksiya verə bilmədi. Əgər Türkiyəyə hücum etməyi düşünürdülərsə belə, Ankaradan Afinaya gələn Cozef Sisko onların qəzəbini soyutdu. Amerikalı diplomat qeyri-diplomatik şəkildə bildirdi ki, yunanların türklərə qarşı savaşda heç bir şansları yoxdur və Vaşinqtonun dəstəyinə də bel bağlaya bilməzlər. Türk aviasiyasının ada və ətrafı üzərində dominantlıq etməsi səbəbindən Afina, heç olmasa, Kiprə ciddi hərbi yardım da göndərə bilmədi.

Yalnız “Niki” əməliyyatı çərçivəsində iyulun 21-dən 22-ə keçən gecə 15 “Nord Noratlas” təyyarəsi ilə xüsusi təyinatlılar göndərildi. Amma təyyarələrdən ikisi texniki səbəblərdən Krit və Rodosda endilər. Mənzilə çatanlar isə “dost atəşi”nə məruz qaldılar. Kipr qvardiyasının zenitçiləri onları türk təyyarələri hesab edərək, atəş açdı. Nəticədə təyyarələrdən biri yerə çırpıldı, 4 heyət üzvü və 27 kommandos həlak oldu. Enməyi bacaran başqa bir təyyarədə isə 2 kommandos öldü, 10 nəfər yaralandı. Digər təyyarələr, atəşə baxmayaraq, enə bildilər. Onların gətirdiyi 278 kommandos Nikosiya hava limanının müdafiəsinə qoşuldu. 

Çimərlik uğrunda döyüşlər iyulun 22-ə kimi davam etdi. Türklər Kireniya limanını tuta və onu paytaxt Nikosiyadan (Lefkoşa) şimaldakı böyük türk anklavı ilə birləşdirə bildilər. BMT Təhlükəsizlik Şurasının qərarına əsasən həmin gün saat 17.00-da hərbi əməliyyatlar əsasən dayandırıldı. Hərəkatın birinci mərhələsinin yekunlarına əsasən Türkiyə adanın 7 faizinə nəzarət edirdi. Onu da əlavə edim ki, müdaxilənin başlaması ilə yunanlar ada türklərinin anklavlarına hücum etməyə başladılar və yenə dinc əhaliyə qarşı zorakılıq və qətliam törətdilər.

“Dost atəşi” türklərə də itkilər yaşatdı. Belə ki, iyulun 21-də anlaşılmazlıq nəticəsində “Adatepe”, “Mareşal Fevzi Çakmak” və “Kocatepe”, gəmiləri türk aviasiyası tərəfindən atəşə tutuldu. “Adatepe” ciddi, “Çakmak” yüngül xəsarət aldı, “Kocatepe” isə batdı və 54 heyət üzvü həyatını itirdi. 

Yunanıstanda artıq 7 il ərzində hərbi xuntanın mövcudluğu, Kiprdə isə yeni hərbi çevrilişin baş verməsi səbəbindən dünya ictimai rəyi Türkiyənin Kiprə müdaxiləsinə rəğbətlə yanaşdı. Amma hərbi uğursuzluq hər iki xuntanı çökdürdü. Nikos Sampson Kiprdən qaçdı və parlamentin sədri Qlafkos Kliridis prezident vəzifəsini icra etməyə başladı. Yunanıstanda isə mühacirətdən qayıdan Konstantinos Karamanlis yenidən baş nazir oldu. 

*** 

İyulun 25-də Cenevrədə Kiprin müstəqilliyinin və konstitusiya quruluşunun təminatçısı olan üç ölkənin –  Böyük Britaniya, Türkiyə və Yunanıstanın xarici işlər nazirlərinin iştirakı ilə konfrans başladı və 5 gün davam etdi. İyulun 30-da qəbul edilən razılaşmada hücum əməliyyatlarının aparılmaması, tutulan türk anklavlarının boşaldılması, hərbi əsirlərin və girov götürülən dinc sakinlərin tezliklə azad edilməsi və başqa maddələr vardı. Sonda isə yeni konstitusiyanın müzakirə edilməsi üçün hər üç ölkənin xarici işlər nazirlərinin, eləcə də Kiprin yunan və türk icmaları liderlərinin iştirakı ilə avqustun 8-də ikinci konfransa başlamaq barədə müddəa yer alırdı.

Ankara problemin dinc yolla həll ediləcəyinə çox da ümid bəsləmirdi. Buna görə də atəşkəs razılığına baxmayaraq (əslində toqquşmalar tam dayanmadı), adadakı hərbi qüvvələrini artırmaqda davam edirdi. Kiprdə artıq 40 min əsgər, 200-ə qədər tank və 200-dən çox zirehli transportyor vardı. 

Onu da qeyd etmək lazımdır ki, Avropa Şurası iyulun 29-da qəbul etdiyi qətnamədə Türkiyənin müdaxiləsinə haqq qazandırdı. Qurum sənədin 3-cü bəndində problemin diplomatik yolla həllinə nail olunmadığına təəssüflənir və buna görə Türkiyə hökumətinin Təminatlar haqqında müqavilənin 4-cü maddəsində əks olunan hüququndan istifadə etdiyini vurğulayırdı.

*** 

Avqustun 8-də başlayan ikinci Cenevrə konfransında tərəflər ortaq məxrəcə gələ bilmədilər. Avqustun 12-də Türkiyə iki təklif irəli sürdü. Birincisi, federativ Kipr təklifi idi: türklər özlərini, yunanlar da özlərini idarə edəcək, federal hökumətin minimum səlahiyyətləri olacaq, bu zaman adanın 30 faizi türklərə, 70 faizi yunanlara catacaqdı. İkinci təklifə görə isə şimalda bir böyük, cənubda isə dörd kiçik olmaqla, beş türk kantonu yaradılacaqdı. Bu kantonların ümumi sahəsi yenə adanın 30 faizinə bərabər olacaqdı və türklər özünüidarə hüququndan yararlanacaqdılar.

Həm Yunanıstan, həm də Kipr yunanlarının təmsilçiləri bu təklifləri müzakirə etmək üçün vaxt istədilər, onlar müvafiq olaraq Afinaya və Nikosiyaya getməli idilər. Amma Türkiyənin xarici işlər naziri Turan Güneş vaxt verilməsi ilə razılaşmadı. Bunun da səbəbi vardı.

Ankara konfransın uğursuz olacağı halda ikinci hərbi hərəkata başlamaq üçün hazırlıqlar görmüşdü. Amma konfrans gedə-gedə bunu etmək olmazdı, o zaman pozucu tərəf kimi görünəcəkdin. Buna görə də Turan Güneşlə baş nazir Bülent Ecevit öz aralarında bir parol fikirləşmişdilər.

Türkiyə nümayəndə heyətinin üzvü Haluk Ulman konfransın gedişi barədə telefonla Ecevitə məruzə edərkən, baş nazir ondan bir xahiş etdi: “Turan [Güneş] gedərkən mənə dedi ki, qızı Ayşeni tətilə göndərməyə vaxt tapmayıb, Orhan [turizm naziri Orhan Birgit] bir yer tapıb onu göndərsin. Yer tapdıq, Turana deyərsən ki, Ayşe tətilə çıxacaq”.

Böyük bir böhran zamanı baş nazirin Ayşenin tətili ilə maraqlanmasından təəccüblənən Haluk Ulman bu xahişi əvvəlcə unutsa da, sonra Turan Günəşə çatdırır. Bu, həmin parol idi – Ecevit Türkiyə ordusunun hərəkatın ikinci mərhələsinə başlayacağını xəbər verirdi, Güneşin öhdəsinə düşən isə əgər yunanlar iki təklifdən birini dərhal qəbul etməzlərsə, konfransı yekunlaşdırmaq idi. Yunanlar isə qəbul etmədilər və konfrans dağıldı.

Həmin günlərdə Türkiyənin ABŞ-dakı səfiri Melih Esenbel ABŞ-ın dövlət katibi Henri Kissincerlə görüşərək, hərəkatı davam etdirmək zorunda olduqlarını söylədi. Kissincer isə cavabında “mən Türkiyənin təkcə Yaxın Şərqdə deyil, Kiprdə də güclü olmasını istəyirəm” deyərək dəstək verdi. Zatən daha əvvəl London Vaşinqtona müraciət edərək, Kiprdəki türk qüvvələrinin ətrafına ingilis və amerikan qüvvələrindən ibarət çəmbər çəkilməsini, bununla da türklərin hərəkətə keçməsini mümkünsüz etmək istəyəndə də Kissinceri bunu rədd etmişdi.

***

Avqustun 14-də səhər tezdən Türkiyə ordusu “Atilla-2” hərəkatına başladı. Yunanlar, bəzi yerlər istisna olmaqla, ciddi müqavimət göstərə bilmədilər. Onların müdafiəsinin xüsusən qərb sektorunda fərarilik az qala kütləvi hal aldı. Nəticədə adanın 36,2 faizi türklərin nəzarətinə keçdi. 

Yunanların narazılığı türkləri durdurmaq üçün səy göstərməyən Amerika üzərinə yönəldi. Nikosiyadakı ABŞ səfirliyi qarşısında keçirilən etiraz aksiyası zamanı səfir Rocer Devis və Kipr vətəndaşı olan katibəsi Antuanetta Varnavas snayper atəşi ilə öldürüldülər.

Hərəkatın birinci mərhələsindən fərqli olaraq, ikinci mərhələ beynəlxalq aləmdə ciddi etiraz doğurdu. Dünya ictimai rəyinə görə, əgər Kiprdə hərbi xunta çökmüşdüsə, daha türklərin həyatına heç bir təhdid yox idi, deməli, hərbi əməliyyatın ikinci hissəsinə ehtiyac yox idi. Halbuki əvvəlki illərin təcrübəsi belə arxayınlıq üçün əsas vermirdi. Onu da deyim ki, Qurtuluş savaşından sonra xeyli normallaşan türk-yunan münasibətləri də bu hadisələrdən sonra tamamilə pisləşdi. 

Hərbi əməliyyatlar zamanı Türkiyə ordusunun  498 hərbçisi və 70 kiprli türk kombatant həlak oldu. Yunan tərəfindən isə 397 hərbçi həlak oldu, 992 nəfər itkin düşdü və 932 nəfər əsir alındı. 

***

Kipr türkləri 1975-ci ilin fevralında birtərəfli qaydada Kipr Türk Federativ Dövlətinin yarandığını elan etdilər. Bu addım müstəqilliyi nəzərdə tutmurdu, ümumi federal Kipr tərkibində muxtariyyət olmalı idi. Amma yunanlar federativ Kipr ideyasını qəbul etmədilər.

İki icma arasında səkkiz il sürən uğursuz danışıqlardan sonra ada türkləri 1983-cü il noyabrın 15-də Şimali Kipr Türk Respublikasının yaradıldığını elan etdilər.  Üç gün sonra BMT TŞ bir səs əleyhinə (Pakistan), bir səs bitərəf (İordaniya) olmaqla, Şimali Kiprin müstəqilliyini qanunsuz elan etdi. 

Sonrakı illərdə Kipr probleminin həlli üçün bir sıra səylər göstərildi. Ən ciddi cəhd isə BMT Baş katibi Kofi Annana məxsus idi. Onun adını daşıyan plan ayrı-ayrı yunan və türk dövlətlərinin federasiyasını –  Birləşmiş Kipr Respublikasının yaradılmasını nəzərdə tuturdu. 2004-cü ildə keçirilən referendumda ada türklərinin 64,9 faizi lehinə səs versə də, yunanların 75,8 faizinin “yox” deməsi səbəbindən plan qəbul olunmadı.

Hazırda Şimali Kipr Türk Respublikasını yalnız Türkiyə müstəqil dövlət kimi tanıyır.

24 saat” ““Yavru vatan” hekayəsi: baş nazirin gizli parolu, “Ayşə əməliyyatı” – IV YAZI” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button