2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Redaktorun seçimi

Yaxın Şərqi qapayan “şiə ayparası

Dominik Peters, Kristof Zidov

“Der Spiegel” (Almaniya), 18.05.2017

 

Saytların yığılması Saytlarin yigilmasi

İordaniya kralı II Abdulla, əslini desək, öz ölkəsinin sanballı başçısı və bununla belə, falçı kimi ad çıxarıb. Amma bu monarx ərəb dilinə sərrast bir ifadə gətirib.

II Abdulla 2004-cü ildə bir müsahibədə Səddam Hüseynin sünni rejimi devrildikdən sonra İrandan İraq, Suriya ərazisi ilə Livana qədər yayılacaq “şiə ayparası” xəbərdarlığı edib. İordaniya kralı o vaxt deyib: “Bu aypara Fars körfəzi ölkələri və bütün bölgə üçün olduqca sabitsizləşdirici rol oynaya bilər”.

Şiə ayparası” o vaxtdan bəri tez-tez yada salınan, xüsusən də Fars körfəzi ölkələri, hər şeydən əvvəl Səudiyyə Ərəbistanının barəsində sıx-sıx danışdığı qorxunc görüntü olub.

Krallıq İrandakı şiə rejiminin ən güclü bölgəsəl düşməni olub. Səudiyyə rəhbərləri özlərini Tehranın vassalları ilə çevrələnmiş sayırlar. Səudiyyə Ərəbistanı İran qarşısında xofla təkcə öz ölkəsindəki şiə azlığı amansız şəkildə əzməyə deyil, həm də qonşu Bəhreyn və Yəməndəki hərbi əməliyyatlarına bəraət qazandırır.

Səudiyyənin qorxunc “şiə ayparası” mənzərəsində bu cür nə var ki? Əsaslı əndişə hansıdır, təbliğat hansıdır? Sıradakı icmalı təqdim edirik.

 

Livan

 

Ayparanın sol qurtaracağını Livan təşkil edir. Burada şiə inqilabı başlanıb. Ayətullah Xomeyni 1982-ci il İsrail müdaxiləsindən sonra inqilab keşikçilərini vətəndaş müharibəsi gedən ölkəyə göndərib. Onlar kasıblamış və mağmun günə qoyulmuş şiə azlıq içindən döyüşçülər toplayıblar. 1985-ci ildə bu dəstələrdən “Allah partiyası” – “Hizbullah” yaranıb. O, Livan vətəndaş savaşından sonra tərki-silah edilməmiş yeganə silahlı birləşmədir və bu gün ölkədə ordudan da güclü hərbi hakimiyyətdir. O, eyni zamanda həm də siyasi hakimiyyətdir. “Hizbullah” Beyrutda parlamentdə bir neçə deputatla təmsil olunub və kabinetə nazirlər təqdim edib.

“Hizbullah”ı İran maliyyələşdirir və silahlandırır, başçısı Həsən Nəsrullah İranın ali rəhbəri ayətullah Xomeynini rəhbər sayır İslam respublikası Livanın cənubunda birbaşa İsrail sərhədində “Hizbullah”la bərabər əməliyyat meydanına malikdir.

2000-ci illərin başlanğıcında silahlı birləşmənin içində “Hizbullah”ı “livanlaşdırmaq”, yəni İran təsirindən qurtulmaq cəhdləri olub. Bu cəhdlər ən geci Suriyada vətəndaş müharibəsinin başlanması ilə əhəmiyyətini itirib. Çünki bu arada olduqca intizamlı və çox gözəl silahlandırılmış “Hizbullah” orada Bəşər Əsəd rejiminə dəstəkdə əsas güclərdən biri olub. Şiə silahlı birləşməsi əvvəlcə əsasən Suriya-Livan sərhədində fəallıq göstərib. “Hizbullah” Tehranın əmrilə hazırda Dəməşq hökumətinin tərəfində, demək olar, bütün cəbhələrdə vuruşur. Bu müddətdə minlərlə livanlı döyüşçü həlak olub. İsraillə artıq otuz ildən çox davam edən münaqişədənsə Suriya müharibəsi “Hizbullah”dan daha çox itki tələb edib.

 

Suriya

 

Suriyada digər şiə silahlı birləşmələri İran inqilab keşikçiləri və “Hizbullah”ın başçılığı altında özlərini artıq çoxdan tanıdıblar. Məsələn, orada “Liva-Fatimiyyun” – on mindən çox adamı olan qoşun var. O, Əfqanıstanda öz döyüşçülərini şiə azlıq və xəzərlər içindən toplayır. Onları bir neçə həftəlik təlimdən sonra tez-tez Suriya cəbhəsinə yollayırlar. Beləliklə, yüzlərlə əfqanıstanlı döyüşlərdə həlak olub.

Pakistan şiələrinin Suriyada döyüşdüyü “Liva-Zeynəbiyyun” silahlı birləşməsində də işlər buna oxşardır. Bu qrupda bir neçə yüz döyüşçü var və 2015-ci ildə “Liva-Fatimiyyun”un şöbəsi kimi təşkil olunub. Hər iki bölmənin yaşıl yazılarla və “Kalaşnikov” avtomatı ilə bəzədilmiş sarı bayrağı aydın şəkildə göstərir ki, loqotipi, demək olar, bu cür görünən “Hizbullah”a yönəlikdir.

Suriyalıların beş faizə yaxını şiədir, buna görə də yerli şiə silahlı birləşmələri vətəndaş müharibəsində cüzi rol oynayır. Onlardan ən önəmlisi “Liva əl-Bəkir”dir. Digərləri ilə yanaşı Hələb uğrunda hökumət qoşunlarının tərəfində döyüşmüş bir neçə min döyüşçü bu birləşməyə aid edilir. Öz məlumatlarına görə, bu qrup döyüşlərdə yüzlərlə adam itirib.

Livandakı “Hizbullah” kimi “Liva əl-Bəkir” də siyasi məqsədlər güdür. Bu silahlı birləşmə 2016-cı il parlament seçkilərində Milli Məclisin tərkibinə daxil ola bilən namizədlərini irəli sürüb.

 

İraq

 

İran İnqilab Keşikçiləri Suriyada diktator Bəşər Əsədi hakimiyyətdə saxlayır, İraqda baş nazir Heydər əl-Abadi oxşar şəkildə Tehranın dəstəyindən asılıdır.

ABŞ 2003-cü ildə diktator Səddam Hüseyni devirəndə “Bədr briqadası” – o vaxtdan bəri ilbəil getdikcə güclənən silahlı birləşmə də İraqa daxil olub. Erkən səksəninci illərdə formalaşdırılmış “Bədr briqadası” əvvəllər nüfuzlu ayətullah Məhəmməd Bəki əl-Həkimin çevrəsindəki, Səddamın dövründə təqib olunan iraqlı mühacirlərdən ibarət idi. “Bədr briqadası” yarandığı andan onun ideoloji və hərbi rəhbəri olan İran inqilab keşikçilərinə tabedir. “Bədr briqadası”nın on mindən çox ağır silahlanmış əsgəri var. O, “Həşd əl-Şəabi”nin (Xalq səfərbərliyi qüvvələri) hissəsi kimi sünni terror birləşməsi İŞİD-ə qarşı döyüşüb. Bununla belə, onların özləri də zaman-zaman cinayətlər edirlər. Deməli, məsələn, “Bədr briqadasının döyüşçüləri 2015-ci ilin martında Tikrit şəhəri götürüldükdən sonra yüzlərlə dinc sünni sakinə divan tutub və bütöv kəndləri yerlə yeksan ediblər ki, qaçmış sünnilərin qayıdışının qabağı alınsın.

Bədr briqadası” təşkilatı döyüş meydanından uzaqda da qüvvədir. Lap Livandakı “Hizbullah” kimi o da ölkədə öz hissəsinə – İranla həmsərhəd Diyala əyalətinə nəzarət edir və İraqa daxili işlər naziri verib.

Tehrandakı rejim bu qayda ilə həmişə Bağdadda İraq mərkəzi hökumətinin nazirlər kabinetinin masası arxasında əyləşir.

 

Yəmən

 

İraqda hər halda necəsə bir işlək mərkəzi hökumət olsa da, Yəməndə buna hələ çox var. Orada indiyədək tam iki milyon adamı ölkədən qaçmağa məcbur etmiş, ən azı, on minlərlə insanın həyatına başa gəlmiş və nəticədə əhalinin 80%-i sağ qalmaqdan ötrü beynəlxalq yardıma ümid etmiş vətəndaş savaşında hər kəs hər kəsə qarşı vuruşur.  Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin başçılığı ilə alyans 2015-ci ilin martından İranın dəstəklədiyi “Husi” silahlı birləşməsinə qarşı çıxış edir. Husilər ənənə üzrə ölkənin şimal-qərbindəki onlara tabe rayonu 2012-ci ildən bəri genişləndirib, 2014-cü ilin sentyabrında Sənanı ələ keçirib və prezident Hadini paytaxtdan  qovublar. Husilər bir yandan 2011-ci ildə qovulmuş prezident Abdulla Salehdən və digər tərəfdən İrandan dəstək alırlar.

Tehran hökuməti 2011-ci ildə Yəməndə – Səudiyyə krallığının arxa həyətində fəallıq göstərməyə başlayıb. İran o vaxtdan bəri yüzlərlə yaraqlını hərbi işə öyrədib və bir müddət dəniz yolu ilə silah tədarük edib. Həm də husilərin “Hizbullah”ın köməyi ilə Livan paytaxtı Beyrutda “əl-Məsirə” adlı öz telekanalları var.

Husilərin iranlılar kimi “on iki imam” şiəsi deyil, digər şiə cərəyanının – zeydiliyin təmsilçiləri olması Tehranda heç kimi narahat etmir. Dini avtokratiya praqmatik ola bilər – əgər bu, özəl hədəflərin xeyrinədirsə. Bu, Yəməndə də belədir. Səudiyyə Ərəbistanı və müttəfiqləri husilərə qalib gəlməkdən ötrü çox böyük pullar sərf etdiyi və buna nail olmadığı bir vaxtda İran məsrəf və qazanc planında daha sərfəli siyasət izləyir, sünni rəqiblərinə ağrı verən sancma üsulu tətbiq edir.

 

Bəhreyn

 

Bəhreyndə də oxşar ssenari baş tuta bilərdi. Hamburq miqyaslı bu cırtdan dövlətdə yerli əhalinin böyük hissəsi şiələrdir. Lakin onlar  hakim sünni sülalə tərəfindən idarə olunur. Fars körfəzindəki bu ada dövləti nə zamansa farslar tərəfindən işğal edildiyindən İranın zaman-zaman ağalıq iddiaları meydana çıxır. İran siyasətçiləri Bəhreyni həvəslə itirilmiş, əslində, yenidən Tehranın nəzarətinə keçməli olan əyalət adlandırırlar.

Nəticə etibarilə 2011-ci il ərəb baharının gedişatında Bəhreynin on minlərlə sakini kral sülaləsinə qarşı etiraz edərkən hakim sünni sülaləni müdafiə edən Səudiyyə Ərəbistanı təşvişə düşüb. Səudiyyə qoşunları ən nəhayətdə güc vasitəsilə bu üsyanı boğub.

Dini komponent etirazlarda əvvəlcə yalnız cüzi rol oynayıb, lakin Səudiyyə Ərəbistanı bu arada xəbərdarlıq edib ki, İran Bəhreyndə hərbi çevriliş planlaşdırır. Ər-Riyad və Manamadan uyğun xəbərdarlıqlar uzun müddət təbliğat kimi rədd olunsa da, indi Qərb xüsusi xidmətlərində də məlumat peyda olub ki, inqilab keşikçiləri Bəhreyndə gənclərə təlim keçir və onları silahlandırır.

Gizli fəaliyyətdə olan döyüşkən “Saray əl-Əştar” və “Saray əl-Muxtar” qruplarının adı məlumdur. Onlar Bəhreyndə polis məntəqələri və təhlükəsizlik xidmətlərinə onlarla od vurduqlarını boyunlarına alıblar. Manama rejimi ilin əvvəlindən guya qrupların bir neçə üzvünü edam edib. Lakin Bəhreyndə şiə gəncliyin narazılığı böyükdür, İran sahili isə o qədər uzaq deyil. Tehran üçün qidalandırıcı ideal zəmindir ki, Fars körfəzi dövlətindəki döyüşkən tərəfdarlarını rejimə qarşı silahlı mübarizəyə təhrik etsin.

 

Tərcümə Strateq.az-ındır.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button