Taylandda hərbi məktəbə hücum: 2 ölü, 1 yaralı

2022-09-14 11:56:03

Taylandın paytaxtı Banqkokdakı The Royal Thai Army College-ə yerli vaxtla saat 08:55 radələrində silahlı hücum olub.

Silah səslərinin eşidildiyi məktəbin ətrafına xüsusi polis qrupları göndərilib. Məktəbin bir çox işçisi və müəllimi şəhər xaricində keçirilən seminara getdiyi üçün hücumu tələbələrin törətmiş ola biləcəyi düşünülürdü.

Lakin sonradan məktəbin ofis hissəsinə girərək təsadüfi atəş açan hücumçunun 59 yaşlı zabit Yongyut Monqkorkim olduğu məlum olub.

Psixi sağlamlıq problemləri olduğu öyrənilən təcavüzkarın açdığı atəş nəticəsində 2 hərbçi həyatını itirib, 1 zabit isə ağır yaralanıb.

Qaçarkən tutuldu

Monqkorkim hücumdan sonra diqqət çəkmədən hadisə yerindən qaçmağa çalışarkən məktəbin qarşısında dayanan polislər tərəfindən yaxalanıb.

Sosial mediada paylaşılan görüntülərdə məktəbdən çıxarkən təcavüzkarın silahını gizlətməyə çalışdığı görülüb. Səlahiyyətlilər tərəfindən edilən açıqlamada həyatını itirən hərbçilərin ailələrinə başsağlığı mesajı çatdırılıb. Hücumla bağlı araşdırmalara başlanılıb.

Tərcümə“24 SAAT”

Back to top button