2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

“Yeni hakimiyyət bunu etməyə çalışsa, ciddi problemlər yaranacaq” – Professor Türkiyədəki seçkiləri şərh edir

Azərbaycanın strateji müttəfiqi Türkiyə mayın 14-də öz prezidentini və yeni parlamentini seçəcək. Birləşmiş müxalifət seçkilərdə vahid namizədlə çıxış edir, habelə seçki dairələri üzrə deputatlığa namizədlərini müəyyənləşdirib. Rəy sorğularına görə, müxalifət lideri, CHP sədri Kamal Klışdaroğlu prezident Rəcəb Tayyib Ərdoğanla başa-baş rəqabət aparır.  Mayın 14-də indiki hakimiyyətin namizədi məğlub olarsa, Türkiyənin yeni iqtidarının xarici siyasəti, o cümlədən Azərbaycanla bağlı strategiyası dəyişə bilərmi? Bu barədə Pressklub.az-ın suallarını tarixçi professor Xaləddin İbrahimli cavablandırıb. 

  • Xaləddin bəy, Prezident Rəcəb Tayyib Ərdoğan mayın 14-də ölkədə növbədənkənar prezident və parlament seçkilərinin keçirilməsi ilə bağlı sərəncam imzaladı. Müxalifətin əsas partiyaları Millət İttifaqı adlanan seçki blokunda birləşib. Hakim AKP və MHP-dən ibarət olan Cümhur İttifaqı isə sıralarını genişləndirmək üçün digər partiyalarla danışıqlara başlayıb. Ötən ayın 6-da baş vermiş dəhşətli zəlzələnin təsirlərini nəzərə alaraq, Türkiyədə seçkiqabağı durumu necə dəyərləndirirsiniz? Necə bir seçki sürəci izləyəcəyik?

 

  • Türkiyədə seçkiqabağı vəziyyət qeyri-müəyyəndir. Demək olmaz ki, bu gün seçki olarsa, hansısa tərəf qələbəsini təmin edə bilər. Seçkiyə hələ 60 gündən çox vaxt qalır, qarşıdakı günlərdə iddiaçılardan biri – istər iqtidar, istərsə də müxalifət, ciddi səhvlərə yol verərsə, bu, seçkinin taleyinə əsaslı şəkildə təsir göstərəcək.

Saytların yığılması Saytlarin yigilmasi
  • Belə taleykülü məqamda onların səhv etməsi ehtimal varmı?

 

  • İndiki şəraitdə, təbii ki, var. Türkiyə zəlzələdə çox böyük sarsıntı keçirdi, əzab çəkdi və çəkir. Ciddi seçici kütləsi var ki, onlar iqtidarın zəlzələdən zərər çəkənlərə necə dəstək verəcəyini gözləyirlər. Əlbəttə, dövlət dəstəyi var və davam edir. Amma qarşıdakı günlərdə bu dəstəyin necə davam edəcəyini, prosesin necə gedəcəyini söyləmək çətindir. Bu və digər məsələlərdə səhvlər seçkilərin nəticələrinə təsir edə bilər. Müxalifət də öz fəaliyyətində səhvlərə yol versə, səs itirəcək. İndiki vəziyyətdə Türkiyə siyasətində iddiaçıların səs itirmək riskləri çoxdur. Məncə, tərəflər səhv etməmək və seçici dəstəyini itirməmək üçün çox çalışmalıdırlar. Türkiyə toplumu həddindən artıq həssas vəziyyətdədir, hansı tərəfdən asılı olmayaraq, yol verilən səhvi bağışlamayacaq. İndiyə qədər belə bir səhvi müxalifət elədi, “altılı masa” liderlərindən biri, İyi Partiyanın sədri Meral Akşener onu tərk etdi, amma seçici iradəsi onu geri dönməyə məcbur etdi. Məncə, Akşener bu addımını toplumun ona bağışlamayacağını, ciddi cəza alacağını anlayaraq atdı. Onun masaya geri qayıtmasında əsas faktor məhz bu amil idi.

  • Professor, son 20 ildə ilk dəfə Türkiyədə hakimiyyətin dəyişəcəyi gözləntisi yaranıb. Bu səbəbdən, seçkilərin nəticələrinin Türkiyənin daxili və xarici siyasətinə təsirləri barədə geniş müzakirələr başlayıb. Hazırkı hökumətin qalması və getməsi halında Ankaranın xarici siyasətində hansı dəyişikliklər ola bilər?

– Türkiyənin xarici siyasətinə təsir edəcək bir sıra önəmli faktorlar var. Onlardan biri Türkiyənin müdafiə sənayesi ilə bağlı yürütdüyü siyasətdir. Mənə elə gəlir ki, bu siyasət ara verilmədən davam etdirilməlidir. Çünki bu faktor istər daxildə, istərsə də xaricdə Türkiyənin əlini gücləndirir. Həmçinin dövlətin xarici faktorlardan asılılığını azaldır. Ona görə də buna alternativ bir siyasət olmamalıdır. Müxalifət də iqtidara gəlsə, bu siyasəti mütləq davam etdirməlidir. İkincisi, hazırkı iqtidar Türk Dövlətləri Təşkilatının gücləndirilməsi siyasəti yürüdür. Məncə, bunun da alternativi yoxdur. Bu iki məsələ Türkiyə xarici siyasətində mühüm yer tutur. Müxalifət iqtidar olduqdan sonra bu siyasəti dəyişməyə cəhd edərsə, o zaman ciddi problemlər ortaya çıxa bilər. Bu da nəticə etibarı ilə həmin qüvvənin uzun müddət hakimiyyətdə qalmasını əngəlləyəcək. Bundan başqa, müxalifət iqtidara gələrsə, terror, Suriya məsələsi, Ağ dəniz, Egey dənizi ilə bağlı məsələlərdə ağıllı siyasət yürütməlidir. “Bu, məndən əvvəlki hakimiyyətin siyasətidir” deməklə əldə olunan uğurların üzərindən xətt çəkmək Türkiyəni Qərb ölkələrindən, xüsusən, ABŞ-dan asılı vəziyyətə salacaq. Ona görə də bu məsələlərdə müxalifət ehtiyatlı və ağıllı davranmalıdır.

– Müxalifət hakimiyyətə gələrsə, qeyd etdiyiniz istiqamətdəki dövlət siyasətində dəyişikliklər edə bilərmı?

– Təəssüf ki, müxalifət Türkiyənin təhlükəsizliyi ilə bağlı açıq və birmənalı fikirlər söyləmir, bu gerçəklikdir. Məncə, müxalifət bu məsələlərlə bağlı Türkiyə toplumunu rahatlada bilən, güvən yaradan fikirlər, impulslar vermir. Bu, səhvidir. Müdafiə sənayesi ilə bağlı, Konstitusiyada türk millətinin adını necə yazmaqla bağlı, Qarabağda guya suriyalı radikal dinçilərin döyüşməsi ilə bağlı yanlış fikirlər səsləndirildi. Bunlar toplumun zehnində izlər buraxdı. Təbii ki, müxalifət bunlara açıqlıq gətirməli, toplumun beynində dolaşan şübhələri dağıtmaq üçün işlər görməlidir. Yəni, təhlükəsizlik məsələləri ilə bağlı müxalifətdə ciddi boşluqlar var. Ola bilsin, qarşıdakı günlərdə – seçki kampaniyasında bu barədə suallara aydınlıq gətiriləcək və Türk toplumunun dənizlər, adalar, müdafiə sənayesi, o cümlədən Qarabağla bağlı şübhələrinə son qoyulacaq.

– Azərbaycanda və Ermənistanda Türkiyədəki seçim daha çox müzakirə olunur. Ərdoğan hökumətinin qalmasını da istəyənlər var, getməsini də. Ermənistanda ekspertlər hakim AKP-nin uduzmasına fürsət kimi baxırlar. Azərbaycanlı ekspertlər isə müxalifətin qələbə çalmasını regionda Türkiyənin mövqelərini zəiflədəcəyini düşünürlər. Siz nə düşünürsüz bu barədə?

– İlk baxışdan Ermənistan belə xəyala qapıla bilər ki, Ərdoğandan sonra iqtidara gələcək hakimiyyət Ermənistana nisbətən loyal münasibət bəsləyəcək, Azərbaycanın maraqlarını əvvəlki qədər gözləməyəcək. Təbii ki, bunlar yanlış düşüncələrdir. Ermənistan da, İran da tam əmin ola bilər ki, kimin hakimiyyətdə olmasından asılı olmayaraq, Türkiyənin Azərbaycanın təhlükəsizliyi ilə bağlı siyasəti dəyişməyəcək. 

Müxalifət iqtidara gələrsə, Azərbaycan hökuməti ilə münasibətlərini necə quracaq?

– Mən yeni iqtidarın Azərbaycanla bağlı əsas siyasəti dəyişdirəcəyinə inanmıram. Türk Dövlətləri Təşkilatı ilə bağlı isə narahatlığım var. İqtidarlar arası münasibət də dəyişə bilər. Belə bir ehtimal var ki, Türkiyənin yeni iqtidarı Azərbaycan xalqının maraqlarını ön plana keçirə bilər. Bilirsiniz ki, 1993-cü ildən sonra Azərbaycan-Türkiyə münasibətləri daha çox iqtidarlararası münasibətlər olub. Xalqlar arasındakı münasibətləri xalqların özləri tənzimləyib. Türkiyənin Azərbaycandakı səfirləri iqtidarla işləyib. Toplumla əlaqələri getdikcə zəifləyib. Hazırda səfirliyin Azərbaycan toplumunun əksər zümrəsi ilə əlaqəsi yoxdur. Bu, təəssüf doğuran haldır. Ola bilər ki, yeni iqtidar bu narahatlığı aradan qaldıracaq. Bu fəaliyyət Azərbaycanın Türkiyədəki səfirliyinə də aiddir. Buradakı da iqtidarın səfirliyidir. Təbii ki, bu münasibətlər dəyişməlidir. Türkiyənin Azərbaycandakı səfirliyi bütün vətəndaşların hiss edə biləcəyi bir səfirlik olmalıdır. İndiyə qədər iqtidarlar arası məsələdə ən mühüm amil neft-qaz layihələri ilə bağlıdır. Bu da xalqların maraqlarından öndə gəlib-burada da dəyişmələrə ehtiyac var.

– Yeni iqtidar özündə cəsarət tapıb bu sahədə dəyişiklik edə bilərmi?

– Bilirsiz ki, Türkiyə xaricdən alınan neft və qazdan asılı ölkədir, ona görə də Azərbaycanla bağlı səsləndirdiyimiz addımları ata bilmir, hər zaman Azərbaycan iqtidarının kaprizlərini nəzərə almalı olur. Yaşayıb görərik, yeni iqtidar gəlsə, onlar nə edəcəklər. Əlbəttə, Azərbaycan-Türkiyə münasibətləri iqtidarlararası yox, millətlərarası səviyyəyə yüksəlməlidir. Və qarşılıqlı komprador maraqlar ortadan qalxmalıdır. 

Turqut

The post “Yeni hakimiyyət bunu etməyə çalışsa, ciddi problemlər yaranacaq” – Professor Türkiyədəki seçkiləri şərh edir appeared first on 24 saat.

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button