2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Yeni müharibəyə aparan “sülh müqaviləsi”?

“Ermənistan hökuməti sülh danışıqlarını dövlət strategiyası elan edib və onun həyata keçirilməsi ilə bağlı məsuliyyəti öz üzərinə götürüb”. Bunu “Armenpress”ə müsahibəsində Ermənistan Təhlükəsizlik Şurasının rəhbəri Armen Qriqoryan deyib.

Onun sözlərinə görə, Azərbaycanla sərhədin delimitasiyası və təhlükəsizlik səviyyəsinin yüksəldilməsi, eləcə də regional kommunikasiyaların açılması bunun üçün yol xəritəsidir.

“Biz “Ermənistan qovşağı” layihəsinin (Paşinyanın komandası Zəngəzur dəhlizini belə adlandırır – red.) bir hissəsi olan regional kommunikasiyaların açılmasında çox maraqlıyıq. Təbii ki, layihənin Şərq-Qərb hissəsi üçün konkret marşrut məsələsi müzakirə oluna bilər. Biz heç zaman tək bir variant üzərində israr etməmişik və bizə ən effektiv marşrutu tapmaq lazımdır. Çünki “Ermənistan qovşağı” layihəsinin funksionallığı və cəlbediciliyi ondan asılıdır”, – Qriqoryan qeyd edib.

Saytların yığılması Saytlarin yigilmasi

Qarabağın statusunun necə olacağı və Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıyıb-tanımadığı sualına Qriqoryan belə cavab verib:

“Biz dəfələrlə demişik ki, Ermənistan və Azərbaycan MDB-nin yaradılması haqqında 1991-ci ildə imzalanmış və sonradan ratifikasiya olunmuş sazişlə bir-birinin ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını tanıyıb. Və bu gün bu sənəd həm Ermənistanın, həm də Azərbaycanın qanunvericiliyinin bir hissəsidir. Bunu ikitərəfli səviyyədə də ifadə etmək lazımdır və Ermənistanın Azərbaycana qarşı ərazi iddiası yoxdur.

Biz dəfələrlə demişik ki, Qarabağ məsələsi bizim üçün ərazi məsələsi deyil. Bu mənada Qarabağ ermənilərinin təhlükəsizliyi və hüquqları bizim üçün prinsipial əhəmiyyət kəsb edir”. 

O, eyni zamanda Azərbaycanla sülh müqaviləsinin Qarabağın statusu müəyyən edilmədən imzalanacağını da “istisna etməyib.

Qriqoryan Qarabağ ermənilərinin təhlükəsizliyinin təminatının nədən ibarət olacağı ilə bağlı suala cavabında bildirib ki, Rusiya sülhməramlı qüvvələrinin bölgədə mövcudiyyəti beynəlxalq təminat deməkdir. “Biz bu zəmanətin daha da təkmilləşdirilməsi üzərində işləməliyik. Lakin Dağlıq Qarabağ probleminin demilitarizasiyası mühüm ideyadır”, – o əlavə edib.

Qriqoryan təsdiqləyib ki, Ermənistan Laçından yan keçən yeni yolun ona aid hissəsinin – Kornidzor-Tex-M12-nin tikintisinə başlayır. “Tikinti 2020-ci il 9 noyabr tarixli Üçtərəfli Bəyanatda nəzərdə tutulmuş müddətdə başa çatdırılacaq”.

Beləliklə, ortaya suallar çıxır. “Qarabağın statusunu müəyyən etmədən sülh sazişi” necə mümkündür? Bu, bir növ aşağı səviyyəli sülh müqaviləsi olmayacaqmı? Ermənistanın Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımadan imza atdığı razılaşmanın faydası olacaqmı? Ümumiyyətlə, belə bir razılaşmanı hazırlayıb imzalamağa dəyərmi? Bu çox əcaib bəyanat deyilmi?

Politoloq, Şərq-Qərb Araşdırmalar Mərkəzinin direktoru Ərəstun Oruclu məsələ ilə bağlı fikirlərini Press Klubla bölüşüb:

– Ondan başlayaq ki, Qriqoryanın açıqlamaları Azərbaycan mətbuatında bəzən kifayət qədər təfərrüatlı verilmir və kifayət qədər düzgün şərh olunmur. Qarabağın statusu məsələsində çoxlu hüquqi qarışıqlıqlar var. Öncə, hər şeyin necə başladığını xatırlayaq. SSRİ-nin süqutuna yaxın Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətinin Xalq Deputatları Soveti Azərbaycanın tərkibindən çıxaraq Ermənistanın tərkibinə daxil olmaq qərarını elan etdi. Eyni zamanda, Azərbaycan SSR və Ermənistan SSR parlamentlərinə müraciət ünvanlandı. Ermənistan Ali Soveti isə bu müraciəti təsdiqlədi və DQMV-ni respublikanın tərkibinə qəbul etdiyini bəyan etdi.

Qriqoryan MDB-nin yaradılması haqqında müqaviləyə istinad edərək deyir ki, ölkələr bir-birinin ərazi bütövlüyünü və toxunulmazlığını tanıyıb. Sual olunur ki, Ermənistan bunu necə şərh edir? Azərbaycanın ərazi bütövlüyü necədir, Ermənistan onu hansı ərazilər çərçivəsində tanıyır? Ermənistan Ali Soveti MDB-nin yaranmasından 3 il əvvəl yuxarıda qeyd olunan qərarı qəbul edib. Bu qərar ləğv edilibmi, qanunsuz və ya etibarsız sayılıbmı? Bu sual açıq qalıb.

SSRİ-nin dağılmasından və MDB-nin yaranmasından sonra Qarabağda referendum keçirildi və qondarma Dağlıq Qarabağ Respublikası elan edildi. Guya ki, müstəqillik elan etdilər. Düzdür, burada hər şey aydındır – Ermənistan heç vaxt “DQR”i tanımayıb.

Qarabağın statusu olmadan sülh müqaviləsinin bağlanmasına gəlincə, bu, Qarabağın statusu məsələsinin müzakirə üçün açıq qalması anlamına gəlirmi? Azərbaycan belə bir sülh sazişi imzalayarmı? Mən birmənalı olaraq imzalamayacağını düşünürəm. Çünki Azərbaycanla Ermənistan arasında sülh müqaviləsində aydın şəkildə göstərilməlidir ki, Ermənistanın Qarabağ bölgəsinin dağlıq hissəsinin statusu ilə bağlı heç bir iddiası yoxdur və bu torpaqları Azərbaycanın tərkib hissəsi hesab edir. Yalnız bu şərtlə sülh müqaviləsi imzalana bilər, çünki bu halda Ermənistan hətta Qarabağın statusunu müzakirə etmək hüququnu da itirir. Bir ölkə digər ölkənin ayrılmaz bir hissəsinin statusunu müzakirə edə bilməz.

Vəziyyət dalana dirənib. Çünki Ermənistan Qarabağın erməni əhalisinin hüquqlarından danışarkən hesab edir ki, onların təhlükəsizliyini həmişə Rusiya sülhməramlıları adlanan qüvvə təmin etməlidir. Amma bu qüvvələr oraya 5 il müddətinə daxil olublar. Ermənistan rəsmisinin açıqlamasından isə belə çıxır ki, söhbət Rusiya qoşunlarının Azərbaycan ərazisində uzun müddət qalmasından gedir. Ermənistan bu məsələləri necə həll edə bilər? Demək istəyirəm ki, burada çoxlu ziddiyyətlər var.

Ona görə də hesab edirəm ki, Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalansa, bütün bu məqamlar çox aydın şəkildə ifadə edilməlidir. Qarabağın erməni əhalisinin hüquqlarının təmin edilməsi yalnız Azərbaycanın hüququ daxilindədir. Bu, ancaq Azərbaycanın öhdəliyi ola bilər. Nə Ermənistanın, nə Rusiyanın, nə də başqa ölkənin bu işə qarışmağa haqqı yoxdur. Çünki əks halda, bu, Azərbaycanın suverenliyinin məhdudlaşdırılması olacaq.

Hesab edirəm ki, belə anlaşılmazlıqların çox olduğu indiki vəziyyətdə Bakı heç bir halda sülh müqaviləsi imzalamamalıdır. Bu sənəddə aydın göstərilməlidir ki, Qarabağ Azərbaycanın ərazisidir və nə status kontekstində, nə təhlükəsizliyin təmin edilməsi kontekstində və nə də digər kontekstlərdə heç bir dövlət, o cümlədən Rusiya ilə müzakirə predmeti deyil. Yeganə yol budur.

Rauf Orucov

24 saat” “Yeni müharibəyə aparan “sülh müqaviləsi”?” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button