SEÇMƏ

“Yeraltı hamam” dağılmaq təhlükəsindədir

Yayımlandı: 1 Noyabr 2022 16:28

Hamamın çirkab sularının saxsı borularla hara və necə axıdılması hələ də müəmmalı olaraq qalır
Göyçayın mərkəzində yerləşən “Yeraltı hamam” abidə kompleksinin dağılma təhlükəsi olduğu bildirilir.
Report”un məlumatına görə, otuz ildən çoxdur baxımsız vəziyyətdə qalan memarlıq nümunəsinin bərpası bir neçə ildir nəzərdə tutulsa da, əməli olaraq hələ ki, heç bir lazımi tədbir görülməyib.
Qeyd olunur ki, abidənin qarşısı zibil tullantılarının toplandığı yerə çevrilib. Damında və divarlarında böyük çatlar əmələ gələn abidənin uçmaq təhlükəsi yaranıb.
Hazırda qapıları bağlı olan “Yeraltı hamam” kənar müdaxilələrdən mühafizə olunur və içəri heç kim buraxılmır.
Göyçay sakinlərinin dediyinə görə, Mədəniyyət Nazirliyinin, eləcə də Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin nümayəndələri ötən 10 il ərzində dəfələrlə gələrək bu tarixi abidənin vəziyyəti ilə tanış olub və burada təmir-bərpa işləri aparılacağını bildiriblər.
Lakin o vaxtdan bəri bu işə hələ başlanılmayıb, abidə tamamilə unudularaq bərbad hala düşüb.
Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynli hamamda təmir-bərpa işlərinin aparılacağını bildirib:
“Bu məqsədlə tarixi hamamın bərpası məsələsi investisiya planına salınıb. Dövlət Xidməti olaraq belə tarixi tikililərin qanunvericilik çərçivəsində bərpa edilərək istifadə edilməsi istiqamətində təşviqat işləri aparılır. “Yeraltı hamam”ın da bu çərçivədə bərpası istiqamətində tədbirlər görülməkdədir”.
Azərbaycanda 135 il əvvəl tikilmiş bu hamam nadir memarlıq abidələrindən hesab edilir.
Tarixi mənbələrə görə, XIX əsrdə Göyçayın imkanlı şəxslərindən olan Həzrət bəy Ağazadə bu hamamı qızına cehiz olaraq inşa etdirib.
“Yeraltı hamam” adı isə əsas hissəsi yerin səthindən 2 metr dərinlikdə yerləşdiyi üçün verilib. Kvadrat formasında olan tikilinin ovalşəkilli üç böyük salonu var. Hamamlardan ikisi qadınlar, biri isə kişilər üçün olub. Vaxtilə buradan eyni vaxtda 70 nəfər istifadə edirmiş. Uzun illər insanlara xidmət göstərən ölkə əhəmiyyətli bu nadir tikilinin bir sirri indiyədək açılmayıb. Hamamın çirkab sularının saxsı borularla hara və necə axıdılması hələ də müəmmalı olaraq qalır.
Aparılan araşdırmalara baxmayaraq, bu sual hələ də cavabını tapmayıb. Gümbəzli unikal memarlıq abidəsi olan bu hamamın fəaliyyəti keçmiş sovetlər dövründə dayandırılıb. Ötən əsrin 30-40-cı illərində “Yeraltı hamam”ı həbsxanaya çeviriblər. İkinci dünya müharibəsindən sonra isə ondan bir müddət pendir sexi kimi istifadə olunub. 1958-ci ildə bina təmir edilərək yenidən hamam kimi fəaliyyətə başlayıb. Lakin 1991-ci ildən sonra bu abidə sahibkarlar tərəfindən müxtəlif məqsədlər üçün istifadə olunub, tarixi memarlıq nümunəsi zərər görüb, dağılaraq bərbad hala düşüb.

Gözdən qaçırmayın:  Kinotənqidçi: ““Fəryad II” filminin qatıldığı festival heç də nüfuzlu deyil”

Meydan TV

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button