2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Yeraltı yataqxanada bir gecə – Kiyev metrosundan reportaj

Seymur Kazımov, Kiyev

…Səhər tezdən hamı yuxulu-yuxulu metro xətlərinin bu gün neçədən-neçəyə işləyəcəyi, hansı stansiyaların açıq, hansıların bağlı olacağı ilə maraqlanır. Çünki gecə yatmağa yenə bura qayıdacaqlar…

Metro hazırda kiyevlilərin bombalardan qorunmaq üçün ən etibarlı sığınacağına çevrilib. Fevralın 24-dən etibarən buranın qapıları sutkanın bütün saatlarında “sərnişinlərin” üzünə açıqdır. Müharibənin ilk günlərindən metro-sığınacaq xüsusi rejimdə işləyir. Şəhər əhalisinin böyük qismi burada gecələyir. Yeraltı yataqxananın sakinləri iki qrupa bölünürlər. Birinci qrup yalnız gecələr qalanlar, yəni, bomba təhlükəsindən sığortalananlardır – onlar səhər açılanda evlərinə gedirlər. İkinci qrup isə artıq buranın daimi sakinləridir – onların gedəcək evi yoxdur: ya daim atəş altında olan məhəllədə yerləşir, ya da artıq dağılıb… 

İnsanlar metronun turniketlər qoyulmuş girişində, eskalatorlarda, platformalarda, hətta vaqonlarda özlərinə yer eləyirlər. Səhər yorğan-döşəklərini qatlayıb aparır, getməyə yeri olmayanlar barxanalarını bir yana yığırlar. Metro da təxminən 8-dən etibarən sərnişinlərinə ənənəvi qaydada xidmət göstərməyə başlayır. Axşam isə yenidən çevrilib olur sığınacaq… 

Saytların yığılması Saytlarin yigilmasi

Biz, Azərbaycandan iki jurnalist, Kiyevə uzun yoldan sonra çatdıq. Hərbçilər keşik çəkməyə, dinc əhali yatmağa hazırlaşırdı. Bizə də vaqonlardan birində yer təklif etdilər, yorğan-döşək verdilər. Vaqonun içərisi qaranlıq idi. Ancaq insanların baxışlarını üzərimdə aydın duyurdum. Hiss edirdim ki, narahatdırlar. Doğrudur, haradan gəldiyimizi, kim olduğumuzu bilmirdilər, bizi də özlərindən hesab edirdilər, amma yenə narahat idilər. 

Bu insanlar artıq bir aydır ki, evlərində gecələmirlər. Mənzillərinə yalnız gündüzlər, paltar, ya da zəruri əşyalarını götürmək üçün gedirlər. “Öz evin ola, amma orada rahat yata bilməyəsən” buna deyirlər!

Ətrafdakıların hamısı qalın paltarlarda yatmışdılar. Biz də eyni qaydada bürünüb vaqon-yatağımıza uzandıq. Amma çox yorğun olsam da, gözümə yuxu gəlmədi. Ayağa qalxıb vaqonun bağlı qapısını səssizcə əlimlə araladım. Adətən, belə hallarda maşinist: “Filan vaqondakılar, qapını buraxın”, – deyə qışqırır. 

Gecə saat 2 olardı. Vaqondan platformaya çıxdım, dəhşətli dərəcədə üşüyürdüm. Var-gəl etməyə başladım. İnsanlar tək vaqonlarda yox, dayanacaqda, pilləkənlərdə özlərinə yer eləyib uzanmışdılar. Hətta quruca döşəmədə, yaxud altına bir şey qoyub oturmuş vəziyyətdə gecələyənlər var idi. Burada hər yaşdan olan insanlara rast gəlmək mümkündü – körpə uşaqlardan ta qartımış qocalaradək. Özüm kimi yuxusuz bir neçə nəfəri də gördüm – kimsə fikirli-fikirli gəzişirdi, kimsə telefonuna baxırdı, kimsə yerində oturub gözlərini bir nöqtəyə zilləmişdi. Amma heç kim danışmırdı. 

Mən isə vaqondan aralanıb turniketlər olan tərəfdə gəzişməyə başladım. Bura nisbətən isti idi. Həm də hərəkət etdikcə adamın bədəni qızırdı. Amma gəzişməyə yer məhdud idi – yatanları narahat etmək olmazdı. 

Bütün gecəni beləcə gah gəzişdim, gah yer tapıb uzandım, yatmağa cəhd elədim. Axırda oturdum və yuxuya getdim. 

Səhər maşinistin siqnal səsinə oyandıq. Kimi evinə, kimi işinə getdi. Əksəriyyət yorğan-döşəyini yığıb, platformada “manşırlanmış” yerinə qoydu. Axşam yenə qayıdacaqdılar. 

Çünki dünyanın ərazicə ən böyük dövlətinin rəhbəri daha çox əraziyə sahib olmaq istəyir və buna görə 21-ci əsrin 22-ci ilində qonşu ölkənin şəhərlərini bombalayır, insanların evlərini dağıdır, onları yer altında gecələməyə məcbur edir.

(Metroda şəkil çəkməyə artıq icazə verilmədiyi üçün məqalədə bir müddət əvvəl burada çəkilmiş şəkillərdən istifadə olunub)    

24 saat” “Yeraltı yataqxanada bir gecə – Kiyev metrosundan reportaj” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button