Now Reading:
Yerli tənəzzüldən beynəlxalq inkişafa

Yaxud, özünə umac ova bilməyənlərin özgəsinə əriştə kəsməsi

Hökumətimizin ölkə daxilində inkişaf bolluğu yaratmasından xəbərdar idik. Ən azı AzTv-lərin sayəsində xəbər tuturuq ki, ölkəmiz problemsizlikdən əziyyət çəkir. Arabir hansısa tanınmamış sorğu şirkəti də boynumuza qoyur ki, əhalinin 90 faizi xoşbəxtdir. Bir sözlə, yoxsulluğun kökünün kəsilməsindən, işsizliyin ləğv olunmasından, vətəndaşların həyat səviyyəsinin yüksəldilməsindən agahıq. Amma başımız yerli inkişafa elə qarışıb ki, hökumətimizin beynəlxalq inkişafa yardım etməsindən xəbərsiz qalmışıq. Sən demə, 2011-ci ildə Azərbaycanda “Beynəlxalq İnkişafa Yardım Agentliyi” yaradılıbmış. Əgər 30-31 yanvar tarixlərində Xarici İşlər Nazirliyinin nəzdində məlum agentliyin nümayəndə heyəti Parisdə keçirilən iclasında iştirak etməsəydi, dünyaya verdiyimiz töhfədən bixəbər qalacaqdıq.

Azərbaycanda elə vəziyyət yaranıb ki, ciddi qəbul edilməli olan qurumlara da qeyri-ciddi yanaşmaq məcburiyyətindəyik. Məsələn, “Dayanıqlı İnkişaf Şurası”, “Apellyasiya Şurası”, “Maliyyə Bazarlarına Nəzarət Palatası” və digər qurumların yaranması müsbət haldır. Amma Azərbaycanda belə qurumlar yaradılanda ironiya ilə qarşılanır. Çünki hakimiyyətin mahiyyəti, idarəçilik forması dəyişmir, yeni qurumlar köhnə adamların əsarətində olur, qanunların işləmədiyi ölkədə heç bir qurumun normal fəaliyyəti mümkün deyil.
Bu mənada Azərbaycanda “Beynəlxalq İnkişafa Yardım Agentliyi”nin olması da gülməli görünür. Ölkədə tənəzzülün rekordunu vurmuş adamlar, dünyadakı inkişafa necə yardım edə bilər? Bütün parametrlər üzrə sonuncu yerdə qərarlaşan, yalnız korrupsiyanın, seçki saxtakarlığının, repressiyanın miqyasına görə dünyada ön sırada duran hökumətin dünyaya töhfəsi nə ola bilər?
Əlbəttə, hökumətimiz 130 manat əməkhaqqıyla yaşamağın mümkünlüyünü, seçkidə topa bülletenlər atmağın üsulunu, 1500-2000 manat maaş alan məmurun necə milyarderə çevrilməsinin yollarını, günahsız adamları necə şərləməyin qaydasını beynəlxalq aləmə öyrədə bilər. Lakin dünyanın belə yardıma ehtiyacı yoxdur. 150 milyar dollar neft pulunu əridib, büdcəsini 9 milyard həddinə salmış bir hökumət dünyaya ancaq yük ola bilər. Bəli, xarici borcu dövlət büdcəsindən 3 dəfə çox olan, son 4 ildə ÜDM-i 23 milyard manat azalan bir ölkədə “Beynəlxalq İnkişafa Yardım Agentliyi”nin yaradılması fenomenal hadisədir.
Yerli tənəzzülün sürətini azalda bilmirlər, beynəlxalq inkişafa yardım olmaq eşqinə düşürlər.
Görəsən, özünə umac ova bilməyənlərin, özgəsinə kəsdiyi əriştənin bərəkəti olarmı? İstənilən halda beynəlxalq təşkilatlardan yardım almaq üzrə ixtisaslaşmış hökumətin, beynəlxalq inkişafa yardım etmək cəhdi “qətiyyət” tələb edir.
azadliq.info

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.