2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Yevlaxda əkin sahəsində kasetli bomba partlayıb: ölən var

Həlak olan İsmayıl Mikayılov Kəlbəcər sakinidir

Kasetli bombanın partlaması nəticəsində Yevlaxda bir nəfər şəxs həyatını itirib.

Hadisə fevralın 1-də, əkin sahəsində baş verib.

Saytların yığılması Saytlarin yigilmasi

Bu barədə Yevlax Rayon Prokurorluğunun yaydığı məlumatda bildirilir.  

Prokurorluq ehtimal edir ki, partlayan kasetli bomba İkinci Qarabağ müharibəsi dövründə əraziyə atılıb.

Aldığı qəlpə yaralarından ölən 26 yaşlı İsmayıl Mikayılov isə əslən Kəlbəcərdən olub.

“Dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib”, – prokurorluq qeyd edir.

Faktla bağlı Yevlax Rayon Prokurorluğunda araşdırma başlanıb.

İsmayılov Mikayılov, Foto: Hacı Zeynalovun “Facebook” səhifəsindən

İkinci Qarabağ müharibəsindən bu yana Azərbaycanın təhlükəsizlik və müdafiə sektorunun itkiləri 110 nəfərdən artıqdır.

“Xəzər” Hərbi Tədqiqatlar İnstitutunun (XHTİ) 30 yanvar hesabatında belə deyilir.

Ötən ilin dekabrında ən son açıqlanan rəsmi məlumata görə, işğaldan azad edilmiş ərazilərdə minaya düşmələri nəticəsində 7 hərbi qulluqçu, 29 mülki şəxs həlak olub.

109  hərbi qulluqçu və 44 mülki şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

2020-ci ildə Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında 44 gün sürən İkinci Qarabağ müharibəsi baş verib.

Nəticədə Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Bu müharibə zamanı Azərbaycanın 3 min hərbi qulluqçu, 100 civarında mülki şəxs itirdiyi açıqlanıb. Həmin günlər mülki şəxslərin, əsasən, Gəncə şəhəri, Bərdə və Tərtər ( Yevlaxla qonşudurlar) rayonlarına atılan bombalardan həlak olduğu bildirilmişdi.

Qarabağ münaqişəsi müasir mərhələdə 1988-ci ildə başlayıb. Daha sonra Ermənistan və Azərbaycan arasında silahlı toqquşmalar baş verib.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər isə Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button