AZ24SAAT.ORG

Now Reading:
Yol polisləri özlərini suya atıb ana və 6 aylıq körpəni xilas etdilər – VİDEO

YPX əməkdaşları körpə və anasını təcili olaraq başqa bir avtomobilə əyləşdirərək xəstəxanaya çatdırılmasını təmin ediblər

Xəbər verdiyimiz kimi, dünən Ağdaş rayonunda içərisində gənc ailənin olduğu avtomobil su kanalına düşüb. Hadisə Bakı-Qazax yolunun 259-cu kilometrliyində – Ağdaş rayonu Aşağı Ləki kəndindən keçən hissəsində qeydə alınıb. Bakı sakini, 1990-cı il təvəllüdlü Hümbətzadə Oruc Mehbalı oğlunun idarə etdiyi “Mercedes” markalı avtomobil idarəetmədən çıxaraq su kanalına düşüb.

Avtosfer.az-ın əldə etdiyi məlumata görə, ana və azyaşlı uşağı yol polisi əməkdaşları xilas edib. Belə ki, axşam saat 18:30 radələrində 99 YP 882 dövlət nomrə nişanlı patrul avtomobili ilə xidmət aparan Ruslan Həsənov və Natiq Hüseynov Bakıdan Gəncə istiqamətinə hərəkət edərkən idarəetməni itirərək təxminən yoldan 40-50 metr aralıda su kanalına düşən “Mercedes” markalı avtomobili görüblər. Bakı istiqamətində hərəkətdə olduqları üçün tez avtomobili saxlayaraq yolun ayırıcı dəmir hissələrindən keçən inspektorlar hadisə yerinə qaçıblar. Təxminən 19-20 yaşlarında bir qadın və qucağındakı 6 aylıq körpəsinin kanala düşən avtomobilin içində köməksiz vəziyyətdə qaldığının şahidi olan YPX əməkdaşları tez kanala girərək avtomobilin qapısını açıb və qadınla uşağı xilas ediblər. Qadın boğulmaq üzrə imiş. Körpəsini isə yuxarı qaldıraraq boğulmaqdan xilas edən ananı son anda yol polisləri maşından çıxara biliblər.

Yenidən hadisə yerinə qayıdan polislər sol yanı üstə düşmüş və yarıyadək lilə batmış avtomobildə qalan sürücünün boğularaq öldüyünü görüblər.

YPX əməkdaşları körpə və anasını təcili olaraq başqa bir avtomobilə əyləşdirərək xəstəxanaya çatdırılmasını təmin ediblər. Nəticədə ana və uşaq salamat qalıb.

Hazırda faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, ana və qızını xilas edən yol polisi əməkdaşları Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayının 8-cı tağımının əməkdaşlarıdır. 8-ci tağımın komandiri, polis mayoru Etibar İbrahimov bildirdi ki, yol polisi əməkdaşları hadisənin şahidi olmasaydı, yəqin ki, onların kanala düşməsindən xəbər tutanda çox gecikərdik və onları xilas etmək mümkün olmazdı.

Avtomobil FHN-in xilasetmə qüvvələri tərəfindən avtokran vasitəsi ilə kanaldan çıxarılıb. Orada sıxılmış vəziyyətdə qalmış sürücü – Oruc Hümmətzadənin cəsədi xilasedicilər tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Qeyd edək ki, O. Hümbətzadə İmişli rayon prokurorluğunun müstəntiqi olub

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.