Now Reading:
Yolun üstündəki qaya parçası

Səadət Cahangir

Gündəlik məişət problemləri insanları o qədər əldən salıb ki, onlara yazı oxudub “haqlarınız üçün mübarizə aparın” mesajı vermək də təsirsiz görünür. O üzdən çox halda məsələyə bir hekayədən giriş etmək istəyirəm ki, bəlkə insanlara impuls oldu. Biz nədən haqlarımızın israrlı davasını apara bilmirik? Niyə həmən həvəsdən düşüb işi yarıda buraxırıq? Niyə özümüzü qarşımızdakı ədalətsiz sistemi dəyişməyin mümkünsüz olduğuna inandırıb oturmuşuq? Biz nə zaman elliklə əllərimizi bir yerə qoyub o ağır daşı qaldırmaq istədik də, o daş tərpənmədi? Nə zaman inadla o zor maşınının üstünə gedib dirəndik də, onu durdura bilmədik? Siz bir qalxıb bütün enerjinizi toplayın, işə ürək qoyun da, görün, qısa zamanda o yoluna düşür, ya yox…

Qədim zamanlarda bir kral saraya gələn yolun üzərinə
böyük bir qaya parçası qoydurur, özü də pəncərə qarşısında oturub seyr edir. Baxın, nə olur… Ölkənin ən zəngin tacirləri, ən güclü karvançıları, saray xidmətçiləri bir-bir gəlib keçirlər. Hamısı qayanın ətrafından dolanıb saraya girirlər. Çoxu da səsləriylə bir kralın arxasınca deyinərək keçib gedir. “Xalqdan bu qədər vergi alır, amma yolları da təmizlətdirmir” deyirlər. Sonda yolda bir kəndçi görünür. Saraya meyvə-tərəvəz gətirən biri. Belindəki səbəti yerə qoyur, var-gücüylə qaya parçasına təkan verir. Zorla onu tərpədir, bir müddət çalışır və qan-tər içində onu kənara itələyib çıxarır. Elə səbəti belinə alıb getmək istəyəndə qaya parçasının yerində bir kisə olduğunu görür. Açır ki, kisə qızılla dolu və içində kralın yazdığı qeyd: “bu qızıllar qaya parçasını yoldan çəkən adama çatacaq”. Hekayənin sonunda belə ibrətlik bir ifadə var: əngəllər həyatımızı yaxşılaşdıra biləcək fürsətlərdir.

Biz hər gün yolumuza çıxıb, hərəkətimizi əngəlləyən həmin qaya parçasının yanından deyinə-deyinə ötüb keçən adamlara bənzəmirikmi? O qaya parçasını tərpədib yoldan kənara atmağa səy göstərən neçə nəfərik? Hansımız “necə olursa-olsun bunu yolumun üstümdən təmizləməliyəm” deyib qolunu çırmaladı da, o əngəli aşa bilmədik? Nə qədər öz-özünə deyinmək, vaysınmaq, mızıldanmaq olar axı? İşıq kəsilir, deyinirik, qaz kəsilir, deyinirik, məktəblərdə pul yığırlar, deyinirik, maaşlardan tuturlar, deyinirik, təqaüdlər aylıq çörək puluna güclə çatır, deyinirik. Hələ mən ən xırda məsələləri qeyd edirəm. Yolumuzun üstündə qaya parçası kimi duran böyük problemləri demirəm. O problemləri bizim yerimizə kiminsə həll edəcəyini gözləyirsiniz? Bilin, o “möcüzə” heç vaxt baş verməyəcək. O qayanı yoldan özümüz çıxarmayınca, yolumuzdakı böyük maneəni özümüz aşmayınca, həyatımızda yaxşılığa doğru heç nə dəyişməyəcək. Çünki gerçəkdən də o “qızıl”, gözəl həyat üçün yol həmin qaya parçasının altında gizlənir. İndi əlinizi daşın altına qoyun, onu qaldıraq…
azadliq.info

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.