2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Yoluxma, ölüm artır, bəs karantin sərtləşsin, sərtləşməsin…

Azərbaycanda son həftələr həm koronavirusa yoluxma, həm də bu virusun aşkarlandığı insanlar arasında ölüm hallarının artdığı bildirilir. Artıq bəzi media orqanları da ehtimal edirlər ki, karantin yenə sərtləşdiriləcək.

Milli Məclisin Səhiyyə komitəsinin üzvü Məlahət İbrahimqızı “Turan”a bildirib ki, dünyada və Azərbaycanda koronavirusla mübarizə davam edir: “Beynəlxalq səhiyyə təşkilatları, hökumətlər koronavirusla mübarizə ilə bağlı nə qədər operativ tədbirlər görsələr də, virusun ən müxtəlif ştammları üzə çıxır. Hər yeni ştamm yeni müalicə, yeni taktika tələb edir”.

Deputat qeyd edib ki, koronavirusla mübarizədə ən əsası peyvəndlənmədir: “Bu gün ölkəmizdə vaksinasiya aparılır. Amma, çox təəssüf ki, dövlət bu yöndə bütün gücünü, resurslarını səfərbər etsə də, bir qrup insan hələ də vaksinasiyadan özlərini kənar tuturlar. Bu da nəinki özləri üçün, başqa əhali üçün də təhlükəlidir”.

Saytların yığılması Saytlarin yigilmasi

“Avqustun axırına qədər yoluxmaların sayı çox artarsa…”

Komitə üzvünün sözlərinə görə, indi aparılan statistika və təhlillər göstərir ki, xəstəxanada ağır vəziyyətdə olan koronavirus xəstələrin əksəriyyəti peyvənd olmayanlardır: “Xəstəliyini yüngül keçirənlər isə vaksinasiyadan keçənlərdir. Hələ də elə ölkələr var ki, orada əhalinin heç 1 faizi peyvənd olunmayıb. Azərbaycanda isə müxtəlif növ vaksinlər var və bu, dövlətin vətəndaşlara qayğısının göstəricisidir. Vaksinasiya prosesi nə qədər tez getsə, ölkəmizdə bu xəstəlik o qədər də tez yox olacaq”.

M.İbrahimqızı vurğulayıb ki, Azərbaycanda xəstələnənlərin sayı artıq nəzərəçarpacaq qədər çoxdur: “Aparılan təhlillər də göstərir ki, avqustun axırına bu xəstələnmələrin sayı artacaq. Xəstələnmələrin sayı artdıqca, ölüm halların sayı da artacaq. Əgər avqustun axırına qədər yoluxmaların sayı çox artarsa, təbii ki, hökumətimiz karantində müəyyən sərtləşmələri, məhdudiyyətləri tətbiq etməyə məcbur olacaq”.

“Əvvəlki kimi sərt karantinin tətbiq edilməsinə ehtiyac görmürəm”

Tibb üzrə fəlsəfə doktoru Vasif İsmayıl isə AzadlıqRadiosuna bildirib ki, hazırda karantinin sərtləşdirilməsinə ehtiyac yoxdur: “Əlbəttə ki, yoluxmalar kəskin şəkildə artarsa, müəyyən məhdudiyyətlər tətbiq oluna bilər. Məsələn, kafe və restoranlarında insanların, bir yerə toplaşanların sayı ilə bağlı məhdudiyyətlər tətbiq edilə bilər. Amma əvvəlki kimi sərt karantinin tətbiq edilməsinə ehtiyac görmürəm”.

Bu fikirlərə, hələlik, Nazirlər Kabineti yanında Operativ Qərargahdan münasibət almaq mümkün olmayıb.

Azərbaycanda koronavirus pandemiyası ilə bağlı ötən il martın 24-dən karantin rejimidir. Bu rejim zaman-zaman yoluxma sayından asılı olaraq gah sərtləşdirilib, gah da yumşaldılıb.

Ölkədə vaksinasiyaya isə bu il yanvarın 18-dən başlanıb. Ölkədə əsasən Çinin “Sinovac” şirkətinin vaksinindən istifadə edildiyi açıqlanıb. İndiyə kimi ölkədə birinci mərhələdə 3.3 milyon, ikinci mərhələdə isə 2.2 milyon şəxsin peyvənd edildiyi açıqlanıb. Ölkə əhalisinin 10 milyon olduğu bildirilib.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 4.3 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb. Azərbaycanda isə ümumilikdə 352 min 926 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 5 min 72-sinin vəfat etdiyi bildirilib.

Mənbə: AzadlıqRadiosu
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button