2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
İqtisadiyyat

Yunanıstan yenə də Azərbaycanın hesabına qazanmaq istəyir

Dünyada hər gün şirkətlərin və ya onların hissələrinin alqı-satqısı üzrə onlarla sövdələşmə həyata keçirilir və bunların çoxu asan və tez, səs-küysüz ötüşür.

Bəzən bu sövdələşmələr hər hansı səbəbdən, məsələn, iqtisadi qeyri-effektivlik, yaxud da siyasi səbəblər üzündən ləğv olunur. Nadir hallarda sövdələşmələr tərəflərdən birinin üzündən illərlə uzanır. Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Yunanıstan tərəfi arasında DESFA-da 60%-lik iştirak payının alışı üzrə sövdələşmənin tarixi məhz belələrindəndir.
Bu səs-küylü qalmaqallı əhvalat Azərbaycan oxucusuna yaxşı tanışdır. 2013-cü ilin dekabr ayında SOCAR DESFA-da 66%-lik iştirak payının satışı üzrə 400 milyon avroluq tenderin qalibi olub. Lakin təxminən 1 il sonra, 2014-cü ilin noyabrında Avropa Komissiyası bu sövdələşmənin Aİ-nin reqlamentinə uyğunluğunu araşdırmağa başladı.
Avrokomissiyanı narahat edən o idi ki, SOCAR eyni zamanda Cənub Qaz Kəməri vasitəsilə Yunanıstanı qazla təchiz edəcək və bu ölkədəki qaz boruları şəbəkəsinin sahibi olacaq. Bu isə Avropa İttifaqının antiinhisar qanunlarına ziddir. Yadınızdadırsa, elə həmin səbəb üzündən Rusiyanın “Cənub axını” layihəsinə də “yox” demişdi, çünki Moskva öz qazını öz borusu ilə ötürmək istəyirdi. Beləcə o, qaz inhisarçısına çevrilə bilərdi ki. bu da təhlükəsizlik, o cümlədən energetika sahəsində təhlükəsizlik baxımından yolverilməzdir. Uzun araşdılrmalar və müzakirələr SOCAR-ı məcbur etdi ki, DESFA-dakı payının 17%-ni üçüncü tərəfə satsın.
Elə görünürdü ki, bütün problemlər həll olunub- Azərbaycan şirkəti səhmlərin nəzarət zərfinə malik olmayacaq və bu bazarda inhisarçılıq imkanını itirəcək. Azərbaycanda ona bunu rəva görürlərsə, Yunanıstanda Avropa Komissiyası buna icazə vermir. Doğrusu, sövdələşmə bağlanarkən tərəflərin Aİ-nin tələblərini bilə-bilə belə addımı atmaları da maraqlıdır.
Bütün bu formallıqlar çox zaman aldı, Yunanıstanda yeni hökumət formalaşdı və o, iqtisadi məsələləri heç də həmişə ədalətli yolla həll etmir. Ölkədə uzun illər ərzində hökm sürən iqtisadi böhranın da burada rolu az deyil.
Yunanıstan hökumətinin müxtəlif yollarla Azərbaycan layihələrindən qazanmaq cəhdləri barədə yazmışıq. Məsələn. TAP layihəsi belələrindəndir. Lakin son baş verənlər DESFA ilə bağlı sövdələşməni təhlükə altına qoyur.
Təsəvvür etmək belə çətin olsa da, bu ölkənin hökuməti parlamentə qaz tariflərinin artırılması barədə qanun layihəsi təqdim edib. Bu isə SOCAR-la sövdələşməni təhlükəyə atır.
Təklif olunan tariflərin hesablanma mexanizmi elədir ki, bunlar SOCAR-ın maraqlarına qətiyyən uyğun gəlmir. Beləcə DESFA-nın səhmlərinin alışı ilə bağlı sövdələşmə kommersiya nöqteyi-nəzərindən mənasız olur.
Bu təklifdən hiddətlənən SOCAR Yunanıstan hökumətinə qanun layihəsini geri çağırmağın zəruriliyini bildirib. Şirkətin Yunanıstan nümayəndəsi Anar Məmmədov ölkənin Energetika Nazirliyi ilə çətin danışıqlar aparır. Onları anlamaq asandır, düzəlişlər qüvvəyə minəndən sonra yunan şirkətinin qiyməti və onun gələcək rentabelliyi kəskin aşağı düşəcək.  Lakin azərbaycanlılar hələlik nəyəsə nail ola bilmirlər. SOCAR Yunanıstan parlamenti qanun layihəsinə münasibətini bildirdikdən sonra mövqeyini açıqlayacağını bildirib.
Parlamentin hansı qərar qəbul edəcəyini söyləmək çətindir. Lakin indidən bəllidir ki. hökumət onu geri çağırmaq fikrində deyil. Onun fikrincə, düzəlişlər enerjiyə sərf edilən vəsaitlərə qənaət etməyə imkan verəcək.
Bəs bu sahənin yeganə sərmayəçisi olan SOCAR nə etsin? Bundan sonra şirkət 17%-lik payı, çətin ki, kiməsə sata bilsin. Avropa Komissiyası isə başqa şərtlər daxilində çalışmağa imkan vermir. Azərbaycan şirkətinin hansı addımı atacağı hələlik məlum deyil və o, bu işə artıq xeyli maliyyə ehtiyatı, güc və zaman sərf edib.
Çoxları yunan tərəfinin bu addımında burada öz maraqları olan üçüncü tərəfi günahlandırırlar. Ola bilsin. Lakin əsas amil, yəqin ki, Yunanıstanın öz maraqlarıdır.
Yunanıstan maliyyə böhranı ilə az-çox bacara bilib. Yəqin ki, indi də nisbətən zəif oyunçu olan Azərbaycanla oynamaq qərarına gəlib.
Bu cür oyunlar TAP layihəsində alınmadı – beynəlxalq layihə oyun oynamağa şərait yaratmır. SOCAR isə yunanlarının dişinə uyğun gələ bilər. Son nəticədə isə, biz tanış mənzərə ilə üz-üzəyik – kasıb tərəfdaşlar tox Azərbaycandan ehtiyac duyduqları milyonları çıxarmağa cəhd edirlər.(qaynarinfo.az)

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button