2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Yürüdülən siyasət uşaqların uşaqlığını da oğurlayıb

Ölkənin gələcəyi necə müdafiəsiz qoyulur?

1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi günüdür. Doğrudan da uşaqlar bizim gələcəyimizdir. Dövlətin ən birinci vəzifəsi də sağlam, savadlı, vətənpərvər insanlar yetişdirmək, təminatlı gələcək üçün çalışmaqdır. Amma yaşadığımız ölkədəki eybəcərliklərdən bütün təbəqələr kimi uşaqlar da nəsibini aldı. Azərbaycan “uşaq göstəriciləri”nə görə ən pis yerlərdə qərarlaşır. Save the Children beynəlxalq uşaq hüquqlarının müdafiəsi xeyriyyə təşkilatının yeni hesabatında deyilir ki, bu günün uşaqları itirilmiş nəsil ola bilər, çünki onların uşaqlıq illəri “oğurlanıb”. İndeks cədvəlində Azərbaycan 87-ci, Gürcüstan isə 85-ci pillədədir. Ermənistan uşaqların vəziyyətinə görə Cənubi Qafqazda ən yaxşı göstəriciyə malikdir. Bu ölkə indeksdə 54-cü yerdədir.
Göründüyü kimi ölkədəki anti-milli idarəçilik uşaqların taleyinə də qılınc çalıb. Bütün parametrlər üzrə qonşu ölkələrdən daha böyük potensiala malik olan Azərbaycan “uşaq göstəriciləri”nə görə Ermənistandan 33 pillə geri qalır. Hansıki, bu ölkədə uşaqların yüksək səviyyədə yaşaması, uşaqlıq illərini unudulmaz etməsi üçün bütün imkanlar var. Amma Azərbaycanın sərvətləri, potensialı uşaqlara, gənclərə, yaşlılara gözəl həyat bəxş etmək üçün yox, bir qrup adamın şəxsi marağına xidmət edir. Bu ölkədə təkcə milyardlar oğurlanmır, həm də uşaqların uşaqlığı oğurlanır. Həm də insanların taleyi, arzuları, gələcəyi oğurlanır.
Hakimiyyət ölkədəki inkişafdan, yaşayış səviyyəsindən, insanlara qayğıdan danışsa da, hesabatlar, reallıqlar başqa mənzərəni üzə çıxarır. Uşaq ölümlərinə görə, uşaqlar arasında dilənçiliyə görə, sahibsiz uşaqların sayına görə ön yerlərdəyik. Əcnəbilərə milyonları ənam edən, dünyanın hər yerində xeyriyyə tədbirləri keçirən hökumət, “uşaq pulu”nu ləğv etməkdən də çəkinmədi. Bu gün doğulan uşaqlara görə verilən birdəfəlik yardım uşağın pampersə olan 1 aylıq ehtiyacını da ödəmir. Ardınca uşaqların sağlamlığı məsələsi gündəmə gəlir ki, bu sahədə də acınacaqlı vəziyyətdi. Əvvəla, səhiyyənin özü xəstə vəziyyətdədir, ikincisi dövlət xəstəxanaları qanuna zidd olaraq pullu fəaliyyət göstərir, üçüncüsü isə savadlı kadrlar azdır. Xaricdə həkimlik təhsili alanlar isə ölkəyə qayıtmaq istəmir. Çünki, ölkədə rüşvətlə, az maaşla, qanunsuzluqla üzləşəcəklər.
YAP hökumətinin analoqsuz inkişafı sayəsində Azərbaycan bu sahədə də düşmən ölkədən geri qaldı. Heç bir sərvəti olmayan Ermənistan demokratiya indeksinə görə də, əməkhaqqının səviyyəsinə görə də, söz azadlığına görə də, uşaq göstəricilərinə görə Azərbaycanı üstələyib. 24 illik YAP hakimiyyətinin bütün fəaliyyəti Azərbaycanı ən geridəqalmış ölkələrdən də geriyə salmaqla nəticələndi. Ölkənin bütün potensialı bir neçə ailənin aşırı varlanması üçün sərf edildi.
Əlbəttə , bugünü məhv edilmiş ölkənin işıqlı gələcəyi ola bilməz. Uşaqların ehtiyac içində, qayğıya möhtac böyüdüyü ölkədə gələcəklə bağlı böyük xəyallar qurmaq absurd görünür.
Mövcud idarəçilik bütün sahələri iflic etdi. Məhz bunun nəticəsidir ki, 15-19 yaşlarında olan gənclərin sayı 26.7 faiz azalıb.
Xülasə, bu ölkədə nə uşaqlar gün görə bilir, nə də böyüklər. Nə uşaqların müdafiəsi var, nə də böyüklərin. Bu ölkədə hamı müdafiəsizdir. Bütün bu problemlərin həlli isə xalqın özünəinamından, öz varlığını sübut etməsindən keçir.

Saytların yığılması Saytlarin yigilmasi

Samir

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button