2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Redaktorun seçimiXəbərlər

Yuxarı tüpürsən iqtidar, aşağı tüpürsən müxalifət…

Hakimiyyət bildiyini elədi, prezident seçkilərini naməlum səbəb və mənasız bəhanələrlə 6 ay əvvələ çəkdi. “Kim qazandı, kim itirdi” məsələsi deyil, amma kim qazana bilərdi məsələsi önəmli oldu.

Məlum oldu ki, İlham Əliyevin YAP tərəfindən dördüncü dəfə namizədliyinin irəli sürülməsindən 3 gün sonra elan olunan “növbədənkənar seçki” planını heç hakimiyyətinin sadiq təşviqatçıları, ağlagəlməz bəhanələr uydurmaqda usta olan deputat zümrəsi də bilmirmiş… İnamsızlıq ən yüksək kürsüyədək yeriyə bilib…

İlham Əliyevin “növbədənkənar seçki” sərəncamının mürəkkəbi qurumamış müxalifət “Əliyevin tələskənliyin arxasında nə dayanır” sualına ağıllı-ağıllı cavab axtarmağa başladı.

Saytların yığılması Saytlarin yigilmasi

Bu suala cavab üçün bəlkə də milyon ehtimal yürütmək olar, hətta Əli Həsənovun nəzarətində olan mətbuatın tirajladığı “Qarabağda əməliyyatlar başlayacaq” tipli alçaq versiyalara da inanmaq olar – amma əsas məqsəd təkdir –İLHAM ƏLİYEV İQTİDARINI QORUYA BİLMƏK üçün hamını ayaqda uyutdu! 2015-ci il referendumundan sonra ehtimalı böyük olan “erkən seçki” gedişi ilə hər kəsi neytrallaşdıra bildi.

Növbədənkənar seçki açıqlamasından dəqiqələr sonra 24saat.org saytı üçün açıqlama almaq məqsədiylə Milli Şuranın sədri, professor Cəmil Həsənli ilə əlaqə saxladıq. Danışdı, hakimiyyəti yıxıb-sürüdü, nöqtə-vergülünə toxunmadan olduğu kimi yayımladıq. Müsahibə əsnasında məlum oldu ki, Cəmil bəy dekabrın 7-si Zahid Orucun Milli Məclisdəki kürsüdən “prezident seçkiləri apreldə keçirilsin” təklifindən xəbərsizdir. Biz isə “B palnınız yoxdur ki?” tipli sadəlöv sual ünvanlamışdıq…

Sağ olsun, sonra vəziyyəti toparlayıb bildirdi ki, Zahid Oruc axı elə bir fiqur deyil ki, ona istinadən hansısa planımız olsun.

Onda deyə bilməzdik, telefonla da olsa açıqlama alırdıq, etik deyildi, indi deyirik – Hörmətli Cəmil Həsənli, məhz Zahid Oruc elə fiqur olmadığına görə “B planı” hazırlamaq lazım idi. Çünki elə fiqur olmadığına görə onu danışdıran və sizə 6 aylıq, xalqa isə 7 illik şok yaşadan qüvvə məhz sizin istədiyiniz kimi ELƏ FİQURDUR! Çox heyif ki, işini sosial şəbəkələrdə enerji dağıtmaqla məhdudlaşdıran Milli Şuranın “növbədənkənar seçkilər” üçün hansısa planının olmadığını da beləcə öyrənmiş olduq…

Eyni gün, Milli Şura yığılıb İlham Əliyevin sərəncamını müzakirə də elədi. Nəticədə bəyan olundu ki, Milli Şura 11 apreldə prezident seçkiləri adı ilə planlaşdırılan hoqqabazlığın boykot edilməsinə qərar verib. Stop, burda da dayanaq.

Birincisi, 11 apreldə planlaşdırılan hoqqabazlıqdırsa, ondan əvvəlki seçki nə idi, hoqqabazlıq deyildimi? Həmin seçkidə niyə iştirak edirdiniz? Niyə o seçkini də boykot eləmirdiniz?!

İkincisi, bpykot etməyib neyləyəcəkdiniz? Axı hazır deyildiniz, axı siz oktyabrda seçki keçiriləcəyini ümid edirdiniz. Axı Milli Məclisdə səsləndirilən anonsu ciddiyə almamışdınız…

Yenə eyni gün Milli Şura elan etdi ki, boykot kifayət eləmir, həm də mart ayından etibarən kütləvi aksiyalara start veriləcək. Olsun və ya olmasın demirəm, amma allah eləməmiş, mən İlham Əliyevin yerində olsaydım, həmin aksiyalara dəstək verib, hələ 15-20 min də adam yollayardım ki, daha kütləvi olsun. Nə də olmasa, seçib-seçilmək hüququ olmayan ölkədə səs-küylü etiraz aksiyaları “baxın demokratiya var, etirazçılar sözlərini deyir, amma seçkilərə getmirlər” demək üçün yetər də, artar da…

Gəl ki, Qərbin də əliyevlərdən demokratiya tələb etməsinə zərrə qədər inanmıram. Məncə, Amerikaya ölkəmizdə ən son lazım olan şey elə demokratiyadır. O demokratiya olmadığı müddətcə, Amerika əliyevlərdən istədiyini rahat şəkildə, həm də artıqlaması ilə almağın min yolunu tapacaq, necə ki, aradabir “narahat” olaraq tapır da…

Deməyim odur ki, İlham Əliyev 1 sərəncamla 7 il qazandı, rəqibsizdir, çünki rəqibləri – başda Milli Şura və AXCP sədri Əli Kərimli olmaqla bütün müxalifət qaydalara uyğun oyuna hazırlaşırdı. Hətta bəlkə də, ona da hazırlaşmayıb İlham Əliyevin bunları çağırıb prezident kürsüsünü təhvil verərərək “mən artıq yoruldum, bir az da siz prezident olun” kimi təklif gözləyirdilər. İndi inanıram ki, elə bir təklif olmuş olarsa, yenə hazır olmayacaqlar…

Bəs əslində necə olmalıydı?

Hələ 2015-ci ildə prezidentə müstəsna səlahiyyətlə növbədənkənar seçkilər keçirmək hüququnun verildiyi referendum şousundan dərhal sonra aparıcı müxalifət partıyalarının hamısının “B”, “C”, “E” hətta “W” planı hazırlanmalı, hər incə məqam analiz edilərək ona uyğun addımlar atılmalıydı.

Hakimiyyətin matryoşkası olan hər kəsin dodaqları arasından çıxan cümlə əhəmiyyətli mesaj olaraq alqılanmalı və dəyərləndirilməli idi. Çünki həssas dönəm idi, çünki iqtidarın arxa-dayağı olan Rusiya sıxışdırılırdı, çünki bu məqamda İlham Əliyev hər şey eləməyə hazı idi…

Bəlkə də işlər sosial şəbəkələrdə deyil, real həyatda ev-ev, küçə-küçə dolaşaraq, sadə seçici ilə canlı təmasda olaraq yürüdülüb, bir-bir insan qazanılmalı idi.
Küçədə təbliğat aparmaqdan, lider olaraq həbs olunmaqdan qorxuruqsa, o başqa məsələ. O zaman heç olmasa Facebook səhifəmizdən iki əlli yapışıb onun oğurlamaması üçün çalışaq deyəcəm, amma o da olmur, onu da düz-əməlli qoruya bilmirik, faciə yaşayırıq…
Yazının əvvəlində “kim qazana bilərdi” sualını qoymuşdum. Sizcə, hakimiyyət oktyabrda seçki keçirsəydi, kim qazanardı? Yaxud da, müxalifət “növbədənkənar seçkiyə” hazır olsaydı, kim qazanardı? Mən deyim, yenə İlham Əliyev!

Qurdqanlı
24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button