2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Zərərçəkən: “Bacım ölümlə hədələnəndə polisə getdik, dedilər, tədbir var, sonra gəl…”

Yayımlandı: 8 İyul 2022 17:12

Qadın qətli ilə əlaqədar məhkəmə iclası keçirilib

Beş ay əvvəl Bakının Xətai rayonunda 41 yaşlı Ülkər Məmmədova əri tərəfindən qətlə yetirilməmişdən az əvvəl onun qardaşı ailədə münaqişə olması, arzuolunmaz sonluqla nəticələnmə ehtimalı haqda xəbərdarlıq edibmiş. Bu barədə qardaşı Heydər Hacıyev iyulun 8-də məhkəmədə ifadə verərkən bildirib.

Saytların yığılması Saytlarin yigilmasi

Ülkər Məmmədovanın qardaşı və anası Fəridə Hacıyeva da zərərçəkmiş qismində tanınıb. Çünki hadisə zamanı onlara da xəsarət yetirilib.

Ülkər Məmmədovanı qətlə yetirməkdə ittiham olunan 1974-cü il təvəllüdlü Bəxtiyar Məmmədovun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.

İyulun 8-də hakim Azər Paşayevin sədrliyilə keçirilən məhkəmə iclasında prokuror ittiham aktını elan edib. İttihama əsasən, Bəxtiyar Məmmədov şəxsi münasibətlər zəminində yaranmış münaqişə zamanı arvadını bıçaqla öldürüb, qaynı və qayınanasını yaralayıb. İş materiallarına görə, Bəxtiyar Məmmədov həyat yoldaşı və övladlarına münasibətdə məsuliyyətsiz davranıb, ailənin yeməyi, dolanışığıyla maraqlanmayıb. Əksinə, özü müəllim olan həyat yoldaşından tez-tez pul tələb edib. Bu səbəbdən ailədə ər-arvad arasında mübahisələr olub. Fevralın 25-də axşam saatlarında başlanan axırıncı mübahisə zamanı Bəxtiyar Məmmədov həyat yoldaşını döyüb. Buna görə Ülkər Məmmədova qardaşı və anasını çağırıb. Heydər Hacıyev və anası birlikdə onların yaşadığı evə gəlib. Onlar Bəxtiyar Məmmədovdan çıxıb getməsini, bir müddət ayrı yaşamalarını istəyib. Mübahisələri qanlı sonluqla bitib.

Bəxtiyar Məmmədov ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, arvadını öldürmək niyyəti olmayıb:

“Hadisənin baş verməsində özümü günahkar sayıram. Lakin ittiham aktında yazıların çoxu yalandır”.

Daha sonra məhkəmədə zərərçəkmişlər dindirilib. Hadisə zamanı xəsarət almış Heydər Hacıyev və Fəridə Hacıyeva da zərərçəkmiş qismində tanınıb.

Heydər Hacıyev bildirib ki, fevralın 25-də işdən evə gələndən az sonra böyük bacısının qızı ona zəng edib:

“Dedi ki, Ülkər əri ilə mübahisə edib, evdən çıxıb küçədə oturub, əri onu öldürəcəyilə hədələyib. Əvvəlcə onların ailə işinə qarışmaq istəmədim. Sonradan anamla birlikdə Xətai rayonundakı 34-cü polis bölməsinə getdik. Sahə müvəkkili ilə əlaqə saxladım. O, məzuniyyətdə olduğunu bildirdi. Mənə başqa bir polis işçisinin nömrəsini verdi, onunla əlaqə saxladım. Həmin polis işçisi də dedi ki, Xocalı soyqırımı ilə əlaqədar tədbir var, oradadır. Tövsiyə elədi ki, fevralın 27-də şikayət edək, çünki 26-da tədbirlərə görə baş qarışıq olur”.

Zərərçəkmişin sözlərinə görə, sonra onlar anasıyla birlikdə bacısının yaşadığı evə gəliblər, Bəxtiyar Məmmədovla danışıblar:

“Ona rayona getməyi, bir müddət ayrı qalmağı, sakitlik yaranandan sonra qayıtmasını məsləhət gördüm. Amma Bəxtiyar getmədi. Bundan sonra Ülkərə dedim ki, durun gedək, burda nəsə bir hadisə baş verəcək. Bu zaman Bəxtiyar məni bıçaqla vurdu. Bacımla anam qışqırdı ki, sən neylədin? Mənə kömək eləmək istəyəndə Bəxtiyar onları da vurdu…”

Heydər Hacıyev əlavə edib ki, bacısının öldüyünü hadisədən üç gün sonra bilib. O deyir ki, Bəxtiyar Məmmədovun anasını vurduğunu görüb, amma bacısının hansı şəraitdə vurulduğunu görməyib.

“Bacımın ailəsində maddi cəhətdən problemlər olub, buna görə aralarında mübahisələr baş verib. Amma bu barədə bizə heç bir söz deməyib. Aralarındakı dava-dalaşla əlaqədar polisə şikayət etməyib. Hadisə günü polisə şikayət etmişdik. Şikayətimizə həmin gün baxmayan polis əməkdaşı Xətai rayon Prokurorluğunda dindirilib, izahatı alınıb. Bununla bağlı Daxili İşlər Nazirliyinə təqdimat da verilib. Biz də həmin polis əməkdaşının cəzalandırılması üçün Daxili İşlər Nazirliyinə müraciət etmişik”.

52 il müəllim işlədiyini deyən digər zərərçəkmiş Fəridə Hacıyeva da qızının ailəsində problemlər olduğunu bildirib:

“Biz burada çox şeyi demirik. Qızımın qızıllarını oğurlayıb, lombarddan pul götürmüşdü. O qızılları sonradan biz çıxartdıq. Nəvəmə aldığımız telefonu aparıb satmışdı. Qızım Ülkər mənə demirdi ki, şəkər xəstəsiyəm, eşidirəm, komaya düşərəm”.

Ülkər Məmmədovanın hüquqi varisi qismində tanınan atası Elnar Hacıyev də məhkəmədə dindirilib. Azərbaycan Dövlət Pedaqoji Universitetində müəllim işlədiyini deyən Elnar Hacıyev bildirib ki, ona hadisə haqda digər qızı məlumat verib:

“Mənə məlumat verildi ki, oğlunu “Baku Medical Plaza”ya, yoldaşını 3 nömrəli şəhərə xəstəxanasına gətiriblər. Qızımı soruşanda susdular. Oğlumun yanına gedəndə dedi ki, “məndən narahat olma, get, bacımla anamın yanına”. Yoldaşımın yanına gedəndə qızımı soruşdum, onun öldüyünü dedilər. Çox təəssüf ki, qızım bu adamla ailə quranda onun bir neçə dəfə məhkumluğu olduğunu bilmirdik. Üstümüzə nə qədər borc yığmışdı, məcbur olub ödədik. Yoldaşının qızılını lombarda qoyub narkotikə verib”.

Elnar Hacıyev təqsirləndirilən şəxsə ən ağır cəza verilməsini istəyib.

Məhkəmə prosesi davam edir.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button