2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Zərərçəkmişi qınamaq

2016-cı ilin sentyabrında İtaliyada Tiziana Cantone adlı qadın ayrıldığı sevgilisinə acıq vermək məqsədilə ona özünün seks videosunu göndərir. Videoda bir nəfərlə sekslə məşğul olan xanımı digəri videoya çəkir. Xanım kamera çəkənə baxaraq, deyir: “Video çəkirsən? Bravo”

Saytların yığılması Saytlarin yigilmasi

Keçmiş sevgilisi isə bu videonu Tiziananın razılığı olmadan internetdə yayır. İnsanlar videoya baxır və Tiziananın kameraya dediyi “Bravo” sözünə görə hesab edirlər ki, video qızın öz razılığı ilə yayılır və onların videoya baxmağa haqları çatır.

Tiziana isə videonun yayılmasını istəmirdi. Rəfiqəsinə deyirdi ki, bəlkə o video gələcəkdə mənim uşaqlarımın rastına çıxdı. Hər kəs baş verənlərə görə Tiziananı qınayır, ona lağ edirdi. Sosial şəbəkələrdə ard-arda bu mövzu ilə bağlı lağlağı videoları çıxırdı. Hətta məşhur adamlar da buna qoşulurdular.

Məsələn, Chievonun futbolçusu Floro Floresin supermarketdə çəkdiyi videoda məşhur futbolçu Fabio Cannavaronun qardaşı Paolo kameraya baxıb deyir: “Video çəkirsən? Bravo” və gülüşürlər.

İctimai şəkildə lağ, ironiya eləmək o səviyyəyə çatdı ki, Tiziana sentyabrın 15-i özünü öldürdü. Bundan sonra Tiziananın yaşadığı bölgədə (Neapolda) qadın hüquqları, insanın şəxsi həyatına müdaxilə barədə etirazlar oldu, Tizianaya lağ edənlər qınandı.

Dünən Beyləqandan yayılan xəbərin aid olduğu videoda isə xanım yalvarır ki, çəkməyin. Yəni onun vəziyyəti Tizianadan da pisdir. Amma sosial şəbəkələrdə lağlağı, xanımı qınamaq, “könüllü edir”, “zorlama yoxdur”, “yox bir, 20 nəfər” deyənlər get-gedə artır. Mütləq beyləqanlı xanım da özünü öldürməlidir ki, lağ edənləri, haqq qazandıranları qınayasınız?!

Tiziananın işində zorlama yox idi, o, keçmiş sevgilisindən acıq çıxmaq üçün könüllü şəkildə cinsi əlaqəyə girib videosunu da çəkdirməyə razı olmuşdu (amma ictimai şəkildə yayılmasına razı deyildi). Bizdə isə zorlamanın olub-olmadığını bilmirik. Hələ ki, qismən məlum olan şey qızın ifadəsidir və orada qız deyir ki, oğlan onu intim şəkillərini yaymaqla hədələyib – şantaj edib. Əgər bu fakt təsdiqini tapsa, əməl zorlama kimi tövsif oluna bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.1-ci maddəsində (Zorlama) deyilir:

“Zorlama, yəni zərərçəkmiş şəxsə və ya başqa şəxslərə qarşı zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə onunla cinsi əlaqədə olma”. Əgər orada şantaj olubsa, deməli, azı 2 nəfər qızın köməksiz vəziyyətindən istifadə etməklə onunla cinsi əlaqədə olub, yəni zorlayıblar (oxşar dispizisiya 150.1-ci maddədə də var və baş verənlərin detalları incələndikdən sonra əməl 150-ci maddəyə görə də tövsif oluna bilər).

Bütün bunlar aydın olmadan o hadisədə xanımı qınamaq hansı məntiqə sığır? İtaliyada Tiziana hadisəsinə etiraz edənlər deyirlər ki, insanın kiminlə sekslə məşğul olması, bunu videoya çəkdirib-çəkdirməməsi – hamısı onun öz hüququdur, kimsə buna qarışa bilməz. Biz isə zorlama ehtimalı çox olan bir hadisədə zərərçəkmişi qınamaqla məşğuluq.

Önyarğı, yersiz lağlağı İtaliyada gənc bir qızın ölümünə səbəb oldu. Eyni mahiyyətli insanlar Azərbaycanda da bir qızın intiharına qədər və ya mövzunu oynadıb bezənə qədər bundan əl çəkənə oxşamırlar.

24saat.org

Mənbə – www.meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button