Vəkil Zabil Qəhrəmanovun həbsi: Hüquq müdafiəçilərinə qarşı təzyiqlər artır
Oktyabrın 23-də həbs edilən vəkil Zabil Qəhrəmanov ölkə ictimaiyyətində səs-küylü, siyasi motivli işlərdə çıxışları ilə tanınırdı. O, Tovuzda 11 yaşlı Nərmin Quliyevanın qətli işi üzrə təqsirləndirilən İlkin Süleymanovun, həmçinin “Tərtər işi”ndə zərərçəkən şəxslərin hüquqlarını müdafiə edib. Z.Qəhrəmanov Azərbaycan Xalq Cəbhəsi Partiyasının Daşkəsən rayon şöbəsinin sədri Sahib Məmmədzadənin, partiyanın Gəncə şöbəsinin üzvü Şahin Hacıyevin və digər fəalların da müdafiəçisi qismində çıxış etmişdi.
Əsasən Qərb bölgəsində yerli sakinlərin hüquqlarının müdafiəsi ilə tanınan Zabil Qəhrəmanovun həbsi və ona qarşı açılan cinayət işi hüquq icmasında kəskin reaksiyaya səbəb oldu. Bir sıra həmkarları ittihamı "gülünc" adlandıraraq, həbsi pislədi. Vəkil Aqil Layıc sosial şəbəkə hesabında qeyd edib ki, Zabil Qəhrəmanov birmənalı şəkildə siyasi məhbusdur və bu qərar məhkəmə sisteminə qarşı çıxarılmış bir qərardır.
Həbsin müəmmalı detalları və məhkəmə prosesi
Z.Qəhrəmanovun müdafiəsinə qoşulan vəkil Babək Həmidov hadisənin müəmmalı tərəflərini qeyd edərək, başqa bir hadisə ilə müqayisə aparıb. O bildirib ki, Ağadadaş Ağayev küçədə balta ilə öz vəzifəsini icra edən şəxsə hücum etsə də, həbs edilməyib. Lakin vəkil Zabil Qəhrəmanov hücumdan qorunmaq üçün qarşısındakının baldır hissəsinə bir təpik vurduqdan iki saat sonra müəmmalı şikayət əsasında saxlanılıb.
Oktyabrın 25-də Gəncə Şəhər Məhkəməsində hakim Liza Xanməmmədovanın sədrliyi ilə keçirilən prosesdə Zabil Qəhrəmanov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. O, oktyabrın 23-də avtoyuma məntəqəsində bir nəfərə xəsarət yetirməkdə şübhəli bilinərək saxlanılmışdı. Vəkil Cinayət Məcəlləsinin 221.2.2-ci (xuliqanlıq – ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərmək) və 178.2.4-cü (dələduzluq, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham olunub.
Zabil Qəhrəmanovun saxlanılması xəbəri yayıldığı gün hökumətyönlü media orqanları onun guya xəsarət yetirməsi iddiasını əks etdirən videogörüntüləri paylaşmışdı. Lakin kadrlarda vəkilin mübahisə zamanı ona hücum etməyə cəhd edən şəxsə bir dəfə təpik zərbəsi endirdiyi aydın görünür. Müdafiə tərəfi ittihamın əsassız olduğunu, zərərçəkmişin ifadələrində ziddiyyətlər olduğunu və istintaqın ərazi aidiyyətinə görə pozulmaqla aparıldığını bildirsə də, məhkəmə bu vəsatətləri təmin etməyib. Oktyabrın 28-də Gəncə Apellyasiya Məhkəməsi də Zabil Qəhrəmanov haqqında həbs qətimkan tədbiri qərarını qüvvədə saxlayıb.
Vəkil fəaliyyətinin dayandırılması və ictimai çıxışlara məhdudiyyətlər
Zabil Qəhrəmanovun həbsindən öncə onun vəkil fəaliyyəti də müvəqqəti məhdudlaşdırılmışdı. Oktyabrın 8-də Vəkillər Kollegiyası onun fəaliyyətinin 6 aylıq dayandırılması haqqında qərar qəbul edib. Kollegiya "intizam pozuntusuna yol verdiyini" qeyd etsə də, konkret səbəb açıqlanmayıb. Sosial şəbəkə istifadəçiləri isə onun polislər haqqında yazdığı tənqidi qeydlərə görə cəzalandırıldığını iddia ediblər.
Vəkil fəaliyyətinin dayandırılması və Z.Qəhrəmanovun həbsindən öncə həm Vəkillər Kollegiyasında, həm də Milli Məclisdə vəkillərin məhkəmə xaricində ictimai çıxışları ilə bağlı müzakirələr baş tutub. İyulun 18-də Vəkillər Kollegiyasının sədri Anar Bağırov yeni vəkillərin andiçmə mərasimində sosial şəbəkələrdə məhkəmə prosesini müzakirəyə çıxaran vəkillərin cəzalandırılmalı olduğunu bəyan edib. Oktyabrın 10-da isə deputat Siyavuş Novruzov Milli Məclisin plenar iclasında bəzi vəkillərin mətbuata çıxmasına etiraz edərək, Azərbaycanın hüquqi dövlət olduğunu və qanunun aliliyinin hər kəsə tətbiq edilməli olduğunu vurğulayıb.
Daha əvvəllər də mətbuatda çıxışlarına görə cəzalandırılan vəkillər olub. 2017-ci ildə Müsəlman Birliyi Hərəkatının sədr müavini Abbas Hüseynovun vəkili Yalçın İmanov müvəkkilinə qarşı işgəncə hallarını ictimailəşdirdiyinə görə onun vəkil fəaliyyətinə xitam verilib. Bu il oktyabrın 7-də Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Y.İmanovun ifadə azadlığının pozulduğu haqda qərar qəbul edib. 2014-cü ildə isə vəkil Xalid Bağırov müdafiə etdiyi REAL Hərəkatının sədri İlqar Məmmədovun məhkəmə prosesində “Azərbaycanda ədalət yoxdur” ifadəsini işlətdiyi üçün vəkil fəaliyyətindən kənarlaşdırılıb. 2020-ci ildə AİHM Bağırovun hüquqlarının pozulduğunu tanıyaraq, Azərbaycan hökumətinin ona təzminat ödəməsi barədə qərar qəbul edib. Bu il oktyabrın 1-də Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan siyasətçi Azər Qasımlının işi üzrə keçirilən prosesdə isə hakim Telman Hüseynov vəkil Rövşanə Rəhimlini Vəkillər Kollegiyasına şikayət edəcəyi ilə hədələyib.
Siyasi motivli təqib: Hüquq müdafiəçilərinin çağırışları
Mövzu ilə bağlı vəkil Fariz Namazlı Zabil Qəhrəmanovun həbsinin “təkcə bir şəxsin azadlığının məhdudlaşdırılması deyil, müstəqil vəkillərə qarşı yönəlmiş, onların peşə müstəqilliyini və ifadə azadlığını hədəfə alan daha geniş hücumun növbəti mərhələsi” olduğunu qeyd edib. O, bu hadisənin Azərbaycanda hüquq müdafiə sisteminin hansı vəziyyətdə olduğunu, vəkillərin necə təzyiq altında fəaliyyət göstərdiyini açıq şəkildə göstərdiyini vurğulayıb.
Namazlının sözlərinə görə, Zabil Qəhrəmanovun həbsi, xüsusilə, diqqətçəkəndir, çünki bu dəfə ittihamların kökündə onun müstəqil düşüncəsi, peşəkar vəkil fəaliyyəti və işlədiyi bölgədə hüquq-mühafizə orqanlarının qanunsuzluqlarına qarşı barışmaz mövqeyi dayanır. Bu səbəbdən onun həbsi açıq şəkildə siyasi motivli xarakter daşıyır. Vəkil əlavə edib ki, son bir il ərzində vəkillərin ictimai çıxışları, siyasi motivli işlərdə iştirakı və məhkəmə-istintaq orqanlarının fəaliyyətini tənqid etmələri ardıcıl şəkildə məhdudlaşdırılır. Bu, təsadüfi deyil, Vəkillər Kollegiyasının rəhbərliyinin mövqeyi və Milli Məclisdə vəkillərin kütləvi informasiya vasitələrində çıxışlarının “tənzimlənməsi” ilə bağlı aparılan müzakirələr açıq şəkildə göstərir ki, məqsəd vəkillərin səsini nəzarət altına almaq, onların tənqidi fikirlərini boğmaqdır.
Fariz Namazlı hesab edir ki, Zabil Qəhrəmanovun həbsi artıq sırf hüquqi məsələ kimi deyil, sistemdə təhlükəli presedent kimi qiymətləndirilməlidir. Çünki vəkilin təkcə peşə fəaliyyətinə, hüququn aliliyini müdafiə etdiyinə və hüquq-mühafizə orqanlarının qanunsuzluqlarına qarşı açıq danışdığına görə hədəfə alınması bütün vəkillər üçün mesajdır. O, Z.Qəhrəmanovun həbsinin Azərbaycanda son iki ildə 30-a yaxın müstəqil jurnalist və vətəndaş cəmiyyəti nümayəndəsinin müxtəlif ittihamlarla həbs olunduğu dövrə təsadüf etdiyini vurğulayaraq, jurnalistlər və vətəndaş cəmiyyəti nümayəndələri necə təzyiq altındadırsa, sabah eyni aqibətin siyasi və ya həssas işlərdə iştirak edən vəkilləri də gözləyə biləcəyini deyib.
Hüquqşünas Emin Abbasov da Vəkillər Kollegiyasının “vəkillərə dövlət orqanlarının hüquqlarını və maraqlarını qorumaq öhdəliyi qoyacaq yeniliyi Milli Məclisdən keçirmək üçün əlləşdiyini” yazıb. O, əlavə edib ki, xalqa və dövlətə xidmət və sədaqət ölkədə hüququn işləməsini sıradan çıxaran heç kimlə əlbir olmamaqdan keçir. Əks təqdirdə, vəkillər daim təhdid və təzyiq qorxusu altında qalacaqlar.
Abbasov vurğulayıb ki, vəkil peşəsi hüquqi və ictimai toxunulmazlığa malik olmadıqca, onun nüfuzuna hörmət və vəkil fəaliyyətinə də təminatlar olmayacaq. Bu toxunulmazlığı əldə etməyin ən kiçik, ən asan və sadə başlanğıcı isə yaltaqlığa son qoymaqla, haqsızlıqlara etiraz və bunu bacarmadıqda isə haqsızlıq edənlərlə əməkdaşlıq etməməkdən keçir.

Oxucu Şərhləri
Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!
Şərh Yaz