Now Reading:
Zahid Oruc :“Sərkisyan kiçik bir qələbə üçün bütün erməni xalqını səngərə doldurmağa hazırdır” 

Zahid Oruc :“Sərkisyan kiçik bir qələbə üçün bütün erməni xalqını səngərə doldurmağa hazırdır” 

Zahid Oruc: “Sərkisyan rejiminin iflasa uğraması və hakimiyyətdən getməsi mütləqdir”

“Rəsmi İrəvan istəyir ki, onların yerinə Qarabağda rus generalları vuruşsun” 

Deputat Zahid Oruc təmas xəttindəki hərbi aktivlik və proseslərin mümkün inkişaf istiqamətləri ilə bağlı 24saat.org-a müsahibə verib:

-Zahid bəy, rəsmi İrəvanın sülh danışıqlarından birmənalı şəkildə imtina etməsini necə dəyərləndirirsiniz? Sizcə Sərkisyan hakimiyyətinin bu mövqeyi Azərbaycanı son çarə kimi müharibəyə vadar edə bilərmi?

-Ermənistanın danışıqlardan çıxması xəbəri açıq-aşkar ATƏT-in Minsk qrupunu şantaj eləmək, xüsusilə də Rusiyanın irəli sürdüyü hər hansı təkliflər pakettini məhv etməyə yönəlik bir addımdır. Hamıya bəllidir ki, Sərkisyan müstəqilliyə malik olmadığından və son situasiya onunla xalqı daha kəskin  şəkildə üz-üzə qoyduğundan, onun bu davranışı bir gecəlk müddətə malikdir. Sabah Kremldən tapşırıq gəldiyi anda Sərkisyan ya Rusiya, ya da digər bir böyük dövlətə getməyə hazırdır ki, Azərbaycanın dövlət rəhbərliyi ilə danışıqlar aparsın. Məsələnin başqa bir tərəfi isə ondan ibarətdir ki, dörd günlük müharibə erməni cəmiyyətini silkələyib. Onlar məğlub olduqlarını dərk etməyə başlayıblar. Onların qorxuları sadəcə bir neçə yüksəkliyin itirilməsi ilə bağlı deyil. Onlar dərk edirlər ki, Azərbaycan atəşkəs dövründən üzübəri iqtisadi, siyasi, diplomatik, hərbi baxımdan inkişaf edib. Əvəzində isə ermənilər qazanmadıqları qələbə fonunda yaratdıqları eyforiya nəticəsində nə Ermənistan, nə də Qarabağda geniş xalq kütlələrinin rifahı üçün gərəkli olan şəraiti qura bilməyiblər.

Talış kəndindən köçən insanların hansı markalı maşınlarla, necə, hansı əşyalarla oranı tərk etdiyini hamı gördü. Bu görüntülər sual doğurur. “Qalib tərəfin” durumu niyə bu vəziyyətdədir? Niyə insanlar bunca ağır sosial-iqtisadi vəziyyətdə yaşayır? Bu və bu kimi suallar bu gün hər bir ermənini düşündürür.

-Sərkisyanın üç generalı tutuduğu vəzifədən azad etməsini necə dəyərləndirirsiniz? Doğrudanmı 2-5 aprel döyüşlərində Ermənistanın məğlubiyyətinə görə yalnız bu üç şəxs cavabdehdir? 

-Məsələ bundadır ki, Sərkisyan artıq cəmiyyətdən onun əleyhinə gələn etiraz dalğasını bloklamaq üçün ötən gün üç generalını qurban verdi. Xatırladaq ki, işdən qovulan bu şəxslər bu vaxta qədər Qarabağ savaşının qəhrəmanları qiyafəsində təqdim edilirdi. Onlar hərbi kəşfiyyat, maddi-texniki təchizat və rabitə sektorunun rəhbərliyinə asanlıqla gəlməyiblər. Onlar erməni cəmiyyətində sərkərdə kimi qəbul edilirdi. Onlar Azərbaycan insanının tökülən qanı hesabına özləri üçün belə yüksək rtbələr əldə etmişdilər. İndi isə İsa peyğəmbərin kəlamından istifadə etsək, daşları geri yığmağın vaxtıır. Bu adamlar xalq qarşıısnda hesabat verməyə məcbur olublar. Sərkisyan dörd günlük müharibənin məsuliyyət və günahını generalların ayağına yazmaqla məşğuldur.

-Sizcə rəsmi İrəvan bununla və ya daha bir neçə şəxsi istefaya yollamaqla vəziyyətdən çıxa biləcəkmi?

-Məsələ daha bir neçə şəxsin istefaya göndərilməsi ilə məhdudlaşacaq məsələ deyil. Çünki erməni cəmiyyəti daha kəskin şəkildə soruşur ki, ön cəbhədəki əsgərin patronu niyə çatışmır? Nə üçün gecəgörmə cihazları yoxdur? Nyə Sərkisyanın özünün də söylədiyi kimi, 80-ci illərin metalomları ilə vuruşurlar? Nə üçün ordunun təchizatı bu vəziyyətdə olduğu halda başqa sahələrə nəzarətsiz vəsaitlər yönləndirilir və külli miqdarda korrupsiya faktları baş verir? Niyə ayağı protezli general Seyran Ohanyan özünün ailəsinə on milyon dollarlıq mülklər, malikanələr qurur, onun həyat yoldaşı ilə bağlı az qala miflər dolaşır. Bu adamlar xalqın müflisləşməsi hesabına Qarabağ məsələsində niyə bu qədər qazanırlar? Bu suallara bir neçə generalı istefaya yollamaqla cavab vermək mümkün deyil.

-Bütövlükdə cəbhədəki uğursuzluqlar Sərkisyan hakimiyyəti üçün nə vəd edir?

-Ermənistan hakimiyyəti uzun illər ərzində nə iqtisadi, nə regional, nə də beynəlxalq siyasətdə heç bir uğur qazana bilməyib. Onlar yalnız Qarabağ platforması üzərində öz xuntalarını qoruyub saxlayıblar. Indi isə onlar bu dayağı da itirirlər. Buna görə də Sərkisyan bütün qüvvəsi ilə həm erməni xalqını, həm Qarabağda olan bütün qüvvələri səngərə doldurmağa hazırdır ki, ən azı yenidən 1 aprel vəziyyətinə öz ölkəsini qaytara bilsin. Lakin dörd günlük müharibə və onun nəticəsi erməni xalqını proseslərə daha ayıq şəkildə baxmağa vadar edir. Onlar bilirlər ki, əsgərlərin canı və qanı ilə idarəetmədəki yırtığı doldurmaq mümkün deyil. Xalqı qırğına verməklə Sərkisyan Qarabağı əldə edəsi deyil. Buna görə də danışıqlardan çıxmaq, yaxud da Lavrovun, onun Kələntəryanın övladı olması hesabına, guya Rusiyanın Ermənistanı qazanmaq, onunla müttəfiqliyini güclü bir şəkildə ortaya qoymaq naminə müxtəlif təxribatlara əl atır. Erməni hakimiyyəti istəyir ki, 90-cı illlərdə olduğu kimi rus generalları gəlib onların əvəzinə Qarabağda vuruşsunlar. Bütün təxribatların məqsədi erməni cəmiyyətinə hər hansı qələbə müjdəsi vermək, onları əvvəlki əhval-ruhiyyəyə qaytarmaqdır. Tarixdən bəlli olduğu qədərincə, belə vəziyyətlərdə xaotik istiqamətlərdə hərəkət Ermənistan hakimiyyətini daha çox batıracaq. Heç şübhəm yoxdur ki, Sərkisyan rejimi iflasa uğrayacaq və hakimiyyətdən gedəcək.

 

Seymur Əliyev

Input your search keywords and press Enter.