Gündəm

“Zakir Fərəcov indi də məni ölümlə hədələyir” -ŞİKAYƏT

Zakir Fərəcov
Zakir Fərəcov

Laçın rayon sakini mərhum Müqabil Baxışovun qardaşı Ünsiyyət Baxış oğlu Baxışov redaksiyamıza müraciət edərək Sumqayıt şəhər icra başçısı Zakir Fərəcov, Laçın rayon icra başçısı Aqil Nəzərli və vaxtilə vətənə xəyanətdə təqsirli bilinərək həbs olunmuş Güləbirdli Vaqif kimi tanınan Vaqif Cabbarov tərəfindən ölümlə hədələndiyini bildirir.

Xatırladaq ki, Ünsiyyət Baxışovun mərhum qardaşı Müqabil Baxışov Zakir Fərəcov, Aqil Nəzərli və Güləbirdli Vaqifin hədə qorxularına, mənəvi işgəncələrinə dözməyərək intihar etmişdi. Hər gün ardı-arası kəsilməyən təhqirlərlə bağlı ölkənin rəsmi qurumlarına müraciətlər edən mərhum Müqabil Baxışov sonda özünü öldürməklə bu şəbəkənin əlindən “xilas” oldu.

Hazırda mərhumun qardaşı Ünsiyyət Baxışov da adıçəkilən şəxslər tərəfindən mənəvi işgəncələrə, təhqirlərə məruz qalmaqdadır. Vətəndaş intihar etmiş qardaşının hüquqi varisidir və məlum hadisə ilə bağlı açılmış cinayət işində zərəçəkən tərəfdir.

Sumqayıtın icra başçısı Zakir Fərəcovun qanunsuz əməlləri ilə bağlı mediada geniş yazılar dərc olunub. Dəfələrlə bu məmurun insanları ölümlə hədələməsi, vətəndaşları quldurluq yolu ilə cəzalandırması geniş narazılığa səbəb olsada, onun barəsində ölçü götürülməyib. Zakir Fərəcovun qohumları insanları döyməklə, hədələməklə istəklərini açıq şəkildə ortaya qoymaqla, dövlətin qanunlarını tanımadıqlarını aşkaranə nümayiş etdirməkdədirlər.

Onun himayə etdiyi Laçın rayon icra başçısı Aqil Nəzərli “dayi”sından öyrəndiklərini təcrübə etməklə ad çıxarıb. Adı qalmaqallı cinayətlərdə hallanan Laçın rayon icra başçısı, Zakir Fərəcovun əsas adamı sayılan Vaqif Cabbarovun kürəkənidir.

Güləbirdli Vaqif kimi tanınan Vaqif Cabbarovun 2005 – ci ildə vətənə xəyanətlə həbs olunması illərdir medianın gündəmini zəbt edib. Mediada gedən məlumatlarda qeyd olunur ki, 2005 – ci ildə keçmiş Milli Təhlükəsizlik Nazirliyinin və Baş Prokurorluğun, hətta deyəsən DİN-in də adının olduğu qorxulu bir bəyanat verilmişdi. Bəyanatda qeyd olunurdu ki, Azərbaycanın cəbhə təmas xəttində ermənilərlə işbirliyi quran gizli bir qrup aşkar edilib. Bu hadisə ilə bağlı MTN-in Hərbi Əks Kəşfiyyat İdarəsinin və Hərbi Prokurorluğun yaratdığı birgə qrup istintaq aparırdı. Bəyanatı oxuyanda adamın tükləri biz-biz dururdu. Söhbət Güləbirdli Vaqif kimi tanınan keçmiş hərbçi Vaqif Cabbarov haqqında səsləndirilən cinayət seriyasından gedirdi. Vaxtı ilə Laçındakı Güləbird batalyonunun komandiri olmuş həmin şəxs daha sonra Füzuli rayonunun Böyük Bəhmənli kəndində məskunlaşmışdı. Bəyanatda qeyd edilirdi ki, hələ döyüş əməliyyatları gedən zamanlarda ermənilərlə əlaqə quran V.Cabbarov Azərbaycanın Laçındakı Silahlı Qüvvələri, onların tutduqları mövqelər və digər məsələlər barədə düşmənə məlumat verib. Laçının işğalından sonra da ermənilərlə əlaqələrini kəsməyib, hər gün rayondan 150-200 çörək və ərzaq alaraq ermənilərə verirmiş. Həmçinin onlara Azərbaycan ordusu barədə də məlumatlar ötürürmüş. Bəyanatda bildirildiyinə görə, V.Cabbarovla birlikdə onun oğlanları Cəlal, Aqil, Cabbar Cabbarovlar, V. Cabbarovun kürəkəni Şakir və onun oğlanları Amillə Anar da həbs olunublar. Şakir Beyləqanda “Sedmoy” adlanan ərazidə yerləşən “N” saylı hərbi hissənin maddi-texniki təminat xidmətinin rəisi işləyirmiş. V.Cabbarovun oğlanlarından biri Almaniyada yaşayıb və orada bizneslə məşğul imiş. O da Almaniyada həbs olunaraq Azərbaycana gətirilib. Məlumata görə, V.Cabbarovun həyətindəki ot tayasının altından külli miqdarda silah-sursat tapılıb. Ondan 2700 xırda, 1500 iri buynuzlu mal-qara, 1 ədəd “KamAZ” (qoşqulu), 2 ədəd hərbi maşın – “Ural”, “UAZ”, 1 ədəd “QAZ 53”, 1 ədəd “LADA 07”, 1 ədəd “Niva”, bir ədəd xarici markalı maşınlar, müxtəlif növ silahlar müsadirə olunub. V.Cabbarovun və oğlu Cəlal Cabbarovun Füzulinin Alıxanlı kəndinin yaxınlığında yerləşən qoyunçuluq yataqları, ailənin Bakıdakı maşın təmiri sexləri və avtomobil hissələri satan mağazaları olub. Verilən məlumata görə, V.Cabbarov həbsindən bir ay əvvəl Laçında toyda olub. Hətta o da bildirilir ki, V.Cabbarovun Azərbaycanın işğal olunmuş ərazilərində həşiş və narkotik bitki plantasiyaları da olub.

Bütün bu məlumatlar MTN, DİN və Baş Prokurorluğun birgə bəyanatlarında yazılmışdı. Amma nəticə bilirsiniz, nə oldu? Güləbirdli Vaqif bu işə görə bir il iş aldı və bu söhbət öldü.

Realliq.tv – nin apardığı araşdırmalar zamanı məlum oldu ki, Vaqif Cabbarovu Eldar Mahmudovun rəhbərlik etdiyi MTN həbs edib və onu dövlətə qarşı cinayətlərdə ittiham olunmasına baxmayaraq azad edib. Vaqif Cabbarovun azad edilməsi və cinayətlərin ört-basdır olunmasında maraqlı olan qüvvələrin kimliyi və hadisələrin inkşafı bizi yenə bir ada doğru apardı.

MTN tərəfindən həbs olunmuş Güləbirdli Vaqifin nəvəsini alan Aqil Nəzərli sonradan Laçın rayonuna icra başçısı təyin edildi.

Zakir Fərəcovun yaxınları, deyilənə görə qohumları olan bu şəxslər cəmiyyətdə böyük narazılıq formalaşdıran əməllərin sahibləridirlər. İnsanların ölüm fərmanını verəcək qədər harınlayan məmurların cəzasız qalması Fərəcov və onun cinayətkar şəbəkəsini toxunulmaz edib. Zakir Fərəcovun digər qohumlarının böyük vəzifələrdə təmsil olunması, özünün isə Ramiz Mehdiyev tərəfindən himayə edilməsi bu gün yazılanları gerçəkliyə çevirib. Biz, ölkənin aidiyyatı qurumlarından redaksiyamıza müraciət edərək kömək istəyən Ünsiyyət Baxışovun səsinə səs verməyi xahiş edirik.

Zakir Fərəcovun keçmişi və hazırkı fəaliyyəti, Güləbird Vaqifin gizli əməlləri və Aqil Nəzərlinin qanunsuz hədələri ilə bağlı növbəti yazımızda geniş məlumat verəcəyik.

Bizi izləyin.

Realliq.TV araşdırma mərkəzi.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button