Now Reading:
Zamanla ayaqlaşan müraciət

Dünyada “sənaye inqilabı gəmisi”nin dördüncü səfərə çıxdığı bir dövrdə Qazaxıstan nə etməlidir və bu prosesə necə adaptasiya olunmalıdır? Bu sualı respublika Prezidenti Nursultan Nazarbayev yanvarın 10-da KİV-də yayılan xalqa müraciətində cavablandırıb.
Dünya ölkələri tərəfindən daha çox mənimsənilməyə cəhd göstərilən yeni texnoloji üsullar insanların adət etdikləri həyat tərzini daha çox dəyişir, – deyə Nazarbayev yazır. O, bu xüsusda “neft bolluğu erasının qürub çağı” olduğunu qeyd edir və nəinki Qazaxıstanın, eləcə bir çox dövlətlərin yeni inkişaf mərhələsinə qədəm qoymalarının vacibliyini vurğulayır. Bu isə, ilk növbədə dördüncü sənaye inqilabı elementlərindən geniş şəkildə yararlanmaqla bağlıdır, – Qazaxıstanın dövlət başçısı belə qənaətə gəlir.

Nazarbayev əmindir ki, yeni dünyanın liderləri sırasına çıxmaq üçün Mərkəzi Asiya ölkələri arasında öz inkişaf tempinə görə xeyli irəlidə gedən Qazaxıstanın bunun üçün şansları böyükdür. Bu, ələlxüsus ölkənin krizis dövründən uğurla çıxması illərinə aiddir. Dayanıqlı iqtisadiyyat müstəqil respublika kimi həm də Qazaxıstanı dünyada etibarlı tərəfdaş kimi tanıdıb və beynəlxalq ictimaiyyətin ona rəğbətini artırıb. Bundan əlavə, respublikanın əldə etdiyi son nailiyyətlərini də unutmaq olmaz: “EKSPO-2017” Beynəlxalq sərgiyə ev sahibliyi etmək, habelə BMT-nin qeyri-daimi Təhlükəsizlik Şurasına üzv qəbul olunmaq və s. Yeri gəlmişkən, Qazaxıstan Orta Asiya respublikaları arasında BMT-də belə statusu qazanan ilk ölkədir və o, 2018-ci ildə dünyanın ən iri mötəbər qurumunda regionu təmsil edəcək.
Nursultan Nazarbayev öz müraciətində onu da vurğulayır ki, bugünkü nailiyyətlər heç də sabahın uğurlarına təminat vermir, sadəcə bu, inkişaf üçün ümidverici bir bazadır. Ölkə başçısı texnoloji üsullarla əlaqədar konkret olaraq 10 müddəa irəli sürür.

Birincisi, sənayeləşmə yeni texnologiyaların flaqmanı kimi önə çıxmalıdır. Burada yüksək əmək məhsuldarlığına əvvəlki qaydada əməl olunmalı, lakin sənayeləşmə daha innovativ xarakter daşımalıdır, – deyə Nazarbayev qeyd edir. Təbii ki, məsələnin reallaşmasında pilot layihələrindən istifadə edilməlidir. Dövlət başçısı bununla bağlı qanunvericilik bazasının yenidən nəzərdən keçirilməsini və bunu iqtisadiyyatın real sektoruna uyğunlaşdırarkən stimullaşdırıcı məsələləri nəzərə almağı təklif edir. Elə bu məqsədlə də 2018-ci ildə sənayeləşmənin üçüncü beşillik planının hazırlanmasını irəli sürür.

İkinci məsələ ehtiyat potensialı sahəsində inkişafın gündəmə gətirilməsidir. Ölkə Prezidenti bu məsələdə xammal bazasının və təbii resursların yenidən nəzərdən keçirilməsinin vacibliyini bildirir. Qeyd edir ki, müəssisələrin enerji daşıyıcılarından istifadəsində tələbkarlıq artırılmalıdır.

Növbəti istiqamət dünya bazarına çıxışda kardinal dəyişikliklərlə bağlıdır. Bu da ilk növbədə aqrosənaye kompleksinə aiddir. “Bu məsələdə açar rolunu aqrar sahə üçün mütəxəssislər hazırlayan ali məktəblər oynamalıdır”, – deyə Nursultan Nazarbayev bildirir və əlavə edir ki, qeyri-effektiv subsidiyaları bank kreditlərinin faiz dərəcələrinin aşağı salınmasına yönəltmək lazımdır.

Nəqliyyat-loqistik infrastrukturun yüksəldilməsi dördüncü vəzifə kimi ortaya qoyulur və bu sahədən gələn gəlirin 2020-ci ildə 5 milyard dollar həcminə çatdırılması nəzərdə tutulur. Yeri gəlmişkən, 2017-ci ildə tranzit yüklərin daşınması üzrə artım 17 faiz olub. Ölkə başçısının sözügedən proqram sənədində xüsusilə nəqliyyatın intellektual idarə olunmasının tətbiqi vacib sayılır və yerli avtomobil yollarının təmirinə ayrılan vəsaitin illik həcmini daha da artırmaq və onu 150 milyard tenqə çatdırmaq irəli sürülür. Nazarbayev bundan əlavə, yaşayış və kommunal sektorlarda da müasir texnologiyaların tətbiqini zəruri sayır. Qeyd edək ki, 2030-cu ildə ölkə əhalisinin hər birinə orta hesabla 30 kvadratmetr yaşayış sahəsinin düşməsi planlaşdırılır (hazırda bu rəqəm 21 kv. metrdir).

Qazaxıstan Prezidenti maliyyə sektorunun həddən artıq yüklənməsi məsələsinə də toxunur. O, bu məqsədlə Milli Banka və hökumətə biznes sahəsində rentabelliyi gözləmək şərtilə uzunmüddətli kreditlərin verilməsinin vacibliyini xatırladır.

Xalqa müraciətdə insan kapitalına diqqət xüsusi yer tutur. Belə ki, 2019-cu ildən uşaq bağçalarında vahid proqramın tətbiqi, azyaşlıların sosial vərdişlərə və özünüdərkə yönəldilmələri başlıca yer tutacaq. Proqramda o da göstərilir ki, bu ilin əvvəllərindən etibarən yeni üsulla dərs deyən müəllimlərin əmək haqqına 30 faiz əlavə olunacaq. Ali təhsil sahəsində isə ən müasir və mütərəqqi yeniliklərdən istifadə nəzərdə tutulur.
Səhiyyə sahəsində də bəzi yeniliklər olacaq. Bu, xüsusilə az effektli və dövlətə baha başa gələn dispanserləşdirmədən məsafəli diaqnostikaya və ambulator müalicə üsuluna keçidə aiddir. Bundan əlavə, onkoloji mərkəzin yaradılması və xalqın sağlamlığı ilə əlaqədar yeni kodeksin qəbulu da bu sıraya aiddir. Dövlət başçısı məşğulluq və pensiyalarla bağlı bir sıra islahatların zəruriliyini vurğulayır.

Səkkizinci vəzifə kimi, dövlət idarəetmə mexanizminin daha effektiv şəkildə yüksəldilməsi irəli sürülür. Müraciətdə həmçinin korrupsiyaya qarşı mübarizədə preventiv tədbirlərin görülməsi ciddi məsələ kimi qoyulur. Nəhayət, Nazarbayev Astananın nümunəvi bir şəhərə çevrilməsinin zəruriliyini də xüsusi vurğulayır.
bizimyol.info

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.