2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Zaqatala RİH büdcə pullarını necə gəldi xərcləyib?

İcra Hakimiyyəti rəqəmləri “havadan” götürüb, vəzifəli şəxslər məsuliyyətə cəlb ediləcək

Hesablama Palatasının Kollegiyası 2014-2015-ci illərdə və 2016-cı ilin yanvar-iyun aylarında Zaqatala Rayon İcra Hakimiyyəti və onun tabeliyində olan idarə, müəssisə və təşkilatlar tərəfindən dövlət büdcəsindən ayrılan vəsaitlərin proqnozlaşdırılması və istifadəsi vəziyyəti ilə bağlı həyata keçirilmiş auditin nəticələrini açıqlayıb. Audit 4 qurumda həyata keçirilib və ümumilikdə 4,4 mln. manat məbləğində vəsaiti əhatə edib.
Bizimyol.info-nun məlumatına görə, auditlə müəyyən edilib ki, Zaqatala RİH və tabeliyində olan idarə, müəssisə və təşkilatlar tərəfindən proqnozların tərtibi bir sıra hallarda iqtisadi əsaslandırmalar və hesablamalar aparılmadan, həmçinin real tələbatlar müəyyən edilmədən aparılıb, mənzil fondunun maliyyə təsərrüfat planı tərtib edilməyib, mənzil fondunun hər kv/m-ə düşən xərclər araşdırılmayıb, mənzil fondunun gəlirləri, o cümlədən mənzil haqqı az hesablanıb. Küçələrin süpürülməsi, işıqlandırılması, yaşıllıq sahəsinə qulluq edilməsi xərcləri üzrə təqdim olunmuş proqnoz bu sahəni tənzimləyən müvafiq normalara uyğun müəyyən edilməyib, müntəzəm süpürülən sahələrin dislokasiyası təsdiq edilməyib və müvafiq illər üzrə “Abadlaşdırma xidmətləri haqqının ödənilməsi” paraqrafı üzrə xərclər tam araşdırılmadan proqnozlar tərtib edilərək təsdiq edilib.
 “Yolların əsaslı təmiri” və “Mənzil fondunun əsaslı təmiri” xərc maddələri üzrə vəsaitlərin istifadəsi zamanı iş vahidlərinin qiymətinin artırılması hesabına büdcə vəsaiti podratçılara artıq ödənilib, 2014-cü ildə sanitar təmizlik, yaşıllıqlara qulluq və küçələrin işıqlandırılması işlərinə xidmət göstərilməsi məqsədi ilə ödənilmiş vəsaitin bir hissəsinin təyinatı dəyişdirilib, şəxsi həyətyanı və kommunal evlərin sahibləri ilə bərk məişət tullantılarının yığılması, daşınması və zərərsizləşdirilməsi məqsədi ilə bağlanmış müqavilələr üzrə vəsaitin alınması barədə müvafiq tədbirlər görülməyib.
Qurumlar tərəfindən satınalmalar üzrə qanunvericiliyin bəzi tələblərinə əməl edilməyərək satınalma proseduru keçirilmədən müqavilələr bağlanıb, keçirilən satınalmalarda iddiaçılardan müvafiq məlumatlar tələb edilməyib, podratçılarla bağlanılmış müqavilələrin xüsusi şərtləri tərtib olunmayıb, müqavilənin yerinə yetirilməsinin təminatı alınmayıb.
Qeyd edək ki, Zaqatala rayonu Şəki-Zaqatala İqtisadi rayonuna daxil olmaqla, ərazisi 1348 kv/m, əhalisinin sayı 124,8 min nəfər, mənzil fondunun yaşayış sahəsində özəlləşdirilmiş mənzillər 57099 kv/m, dövlət mülkiyyətində olan mənzillərin yaşayış sahəsi isə 9163,6 kv/m təşkil edib.
Palatanın Kollegiyası Zaqatala RİH və onun tabeliyində olan idarə, müəssisə və təşkilatlar tərəfindən yol verilmiş nöqsanların müəyyən hissəsinin audit dövründə aradan qaldırıldığını nəzərə almaqla bu istiqamətdə fəaliyyətin daha da gücləndirilməsi, həmçinin nöqsanlara yol vermiş vəzifəli şəxslərin məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edib, icra olunması və həyata keçirilmiş tədbirlər barədə HP-yə məlumat verilməsi məqsədilə Kollegiya qərarının surəti İH-ə göndərilib. Auditin nəticələri ilə bağlı Milli Məclisə də məlumat verilib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button