2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Zülfüqarlıların zavoduna növbəti hücum oldu – VİDEO+FOTO

300 fəhlə qanunsuz məhkəmə qətnaməsinə etiraz edir; zavod direktoru prezidentdən kömək istədi

“Baku Steel Company” MMC-nin rəhbəri Rasim Məmmədovun iddalarının təmini Zülfüqarlı qardaşlarının zavodlarında ciddi etirazla qarşılanıb.

Saytların yığılması Saytlarin yigilmasi

Mayın 15-də Rasim Məmmədovun adamları Zülfüqarlıların Keşlə qəsəbəsindəki metal zavodunda növbəti dəfə hucuma keçiblər. “İstədikləri də budur ki, zavoddakı istehsal xətti sökülüb onlara verilsin. Bu isə 300 fəhlənin işlədiyi bir zavodun iflic duruma salınması deməkdir.
Mayın 11-də baş tutan ilk hucum əməliyyatı Zülfüqarlıların zavodunu iflic duruma salmışdı. Mayın 15-də də zavodda eyni durum yaşanırdı. Üzərində “Baku Steel Company” sözləri yazılan ağır texnika ilə Zülfüqarlı qardaşlarının zavodunun iri giriş qapısının sındırılmasına cəhdlər oldu. Ən son məqamda Rasim Məmmədovun dəstəsi bu qanunsuz hərəkəti gerçəkləşdirmədi. İri zavod qapısının əks tərəfindən isə fəhlələr zavodun işini iflic duruma salınmasına yönələn qanunsuzluqların davam etdirilməsinə etiraz edir, işsiz-gücsüz zavodun həyətində ölkə rəhbərliyinin məsələyə müdaxilə edəcəyinə ümidlərini gizlətmirdilər. Bundan əvvəl isə baş verənlərlə bağlı Zülfüqarlı qardaşları ölkə rəhbərliyinə müracət ünvanlayıblar:

– Biz daima Dövlətini, Prezidentini sevən, dövlətimizin verdiyi qərarlara hörmətlə yanaşan, dövlətimizin mənafeyini hər şeydən üstün tutan, bir iş adamları kimi Sizə müraciət edirik.Biz iş adamları Nurəddin və Loğman Zülfüqarlı qardaşları “Baku Steel Company” MMC-nin rəhbəri Rasim Məmmədov və onun havadarları tərəfindən əmlaklarımız “Bakı Poladtökmə” ASC, “Bakı Elektroştamp” ASC, Bakı şəhəri, Binəqədi şossesi 53 ünvanında yerləşən, şəxsi mülkiyyətimiz olan əmlak kompleksi, həmin kompleksin yanında yerləşən, kiçik qardaşımız Elnur Zülfüqarlıya məxsus qranit kəsmə sexi qarşılığında heç bir ödəniş edilmədən, zorla əlimizdən alınaraq qəsb edilib. Bundan sonra Rasim Məmmədovun təzyiqləri səbəbindən və həyatımız təhlükə qarşısında olduğundan ölkəni tərk etmək məcburiyyətində qaldıq. Uzun müddət Türkiyə Respublikasında mühacirətdə yaşadıqdan sonra, cənab Prezidentin sahibkarlara çağırışına cavab olaraq, İlham Əliyev cənablarının və şəxsən ölkəmizin I Vitse-Prezidenti kimi Mehriban xanım Əliyevanın sahibkarlara verdiyi dəstəkdən ruhlanaraq ölkəmizdə yeni iş qurmaq niyyəti ilə vətənimizə geri döndük.

Ölkəmizə qayıtdıqdan sonra biz külli miqdarda investisiya yatıraraq, müasir tələblərə cavab verən yeni istehsal sahəsi yaratdıq. Bunun da nəticəsində artıq 300 nəfərdən yuxarı yeni iş yerləri açmışıq. Biz bu layihəni həyata keçirmək məqsədi ilə ölkəmizin ən böyük banklarından olan “Paşa Bank” ASC-dən külli miqdarda kredit götürmüşük. Bu istehsal sahəsini qurarkən, ölkə Prezidentinin “İnvestisiyaların təşviqi ilə bağlı əlavə tədbirlər haqqında” 18 yanvar 2016-cı il tarixli, 745 nömrəli Fərmanın uyğun olaraq İqtisadiyyat Nazirliyindən 12 oktyabr 2017-ci il tarixli, İN/İTS-122/2017 saylı İnvestisiya Təşviqi Sənədini də, əldə etmişik. Bizim istehsal etdiyimiz məhsullar beynəlxalq standartlara tam cavab verdiyindən, məhsullarımızın böyük hissəsi uğurla xaricə ixrac olunur. Biz qurduğumuz yeni istehsal sahəsi ilə bağlı artıq İSO sertfikatını da, almışıq. Biz Zülfüqarlı qardaşları iş adamları olaraq bununla kifayətlənməyərək, daha yeni və daha uğurlu layihələrin reallaşdırılması üzərində çalışırıq.

Lakin çox təəssüf ki, bizim bu uğurlarımızı qısqanclıqla qarşılayan Rasim Məmmədov yenidən öz havadarlarının köməyinə arxalanaraq, bizim üstümüzə daha aqressiv şəkildə gəlməyə və bizə qarşı çox böyük təzyiqlər etməyə başlayıb. Bizə qarşı saxta iddialar qaldırtdıraraq, məhkəmələrə təzyiq etdirməklə əleyhimizə qeyri-qanuni qərarlar çıxartdırıb. Bu yolla tərəfimizdən quraşdırılmış və bizə məxsus olan istehsal xəttini zorla əlimizdən almağa çalışır.
Qeyd edək ki, həmin xətt bizim yeni qurduğumuz istehsal sahəsinin əsasını təşkil etdiyindən, Rasim Məmmədov həmin xətti bizim əlimizdən zorla almaqla yeni qurduğumuz və uğurla fəaliyyət göstərməkdə olan yeni istehsal sahəsini iflic vəziyyətinə salaraq, fəaliyyətini dayandırmaq istəyir. Artıq Rasim Məmmədovun təzyiqləri nəticəsində Bakı şəhəri, Nizami Rayon İcra və Probasiya Şöbəsindən bizə rəsmi qaydada xəbərdar ediblər ki, 11 may 2018-ci il tarixində qeyd edilən xətt məcburi qaydada sökülərək aparılacaqdır. Bir daha bildirmək istəyirik ki, həmin xəttin sökülməsi müəssisəmizin iflic vəziyyətinə düşməsinə səbəb olacaq ki, bununda nəticəsində həm 300 nəfərə yaxın adam öz iş yerlərini itirəcəklər.

Bundan başqa reallaşdırmaq istədiyimiz yeni perspektiv layihələri həyata keçirmək mümkün olmayacaq. Qeyd edilənlərlə yanaşı bildirmək istəyirik ki, əgər müəssisəmiz Rasim Məmmədov tərəfindən məqsədyönlü şəkildə iflic vəziyyətinə salınarsa, bizim “Paşa Bank” ASC qarşısında kredit ödənişləri ilə bağlı götürdüyümüz müqavilə öhdəliklərinə əməl etməyimiz demək olar ki, mümkünsüz vəziyyətə gələcəkdir.

Biz bu ölkənin vətəndaşları deyilikmi? Bizim vergilər şəklində ödədiyimiz külli miqdarda vəsait bizim ölkəmizin büdcəsinə zərrə qədərdə olsa xeyir vermirmi? Bizm müəssisədə çalışan 300 nəfərdən artıq əməkdaş bu ölkənin vətəndaşları deyilmi? Axı bizə qarşı edilən bu ayrı-seçkilik haradan qaynaqlanır?

Hər danışığında Ramiz Mehdiyevin adını hallandıraraq ona arxalanan Rasim Məmmədovun hərəkətlərinə son qoyulmasını tələb edirik. 3 zavodumuzun zorla əlimizdən alınması bəs deyilmiş kimi son dayanacağımız olan, Bakının Keşlə qəsəbəsində yerləşən zavodumuzdakı prokat xəttini də özününkiləşdirərək əlimizdən alınması artıq bizim üçün namus məsələsidir.

Ulu öndərimiz Heydər Əliyevin ad günündə müxtəlif güc strukturlarının müşaiyəti ilə zorla zavoda girib alın tərimizlə qazanıb qurduğumuz prokat xəttinin sökülməsinə icazə verməyəcəyik. Ona görə də, ölümlə nəticələnə biləcək qarşıdurma yaranmasın deyə verilən icra qərarının dayandırılması ilə bağlı lazımi göstəriş verməyinizi öz adımızdan və müəssisəmizin çoxsaylı kollektivi adından Sizdən xahiş edirik.

Qeyd edək ki, hazırda zavod iflic durumdadır. Fəhlələr işsiz-gücsüz baş verənlərin nə ilə nəticələnəcəyini gözləyirlər. Ümid edirlər ki, ölkə rəhbərliyi qanunsuzluqları durduracaq”.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button