DünyaGündəm

Ərəblər niyə Qətərin üstünə düşüblər?

“The New Statesman” məcmuəsinin məqaləsi Səudiyyə Ərəbistanı ilə Qətər arasında davam edən böhranın tarixi səbəblərinə həsr olunub.

Məqalədə deyilir ki, Səudiyyə Ərəbistanının kiçicik Qətər dövlətinə qarşı embarqolarına təkcə Körfəz ölkələri, Misir və Liviya deyil, həm də Məhəmməd ibn Əbdül Vəhabın 200 səudiyyəli törəməsini birləşdirən Əl Əş-Şeyx icması qoşulub. Bu həmin Əbdül Vəhabdır ki, İslam dininin Səudiyyə təriqəti olan Vəhabiliyin əsasını qoyub.

Məqalə müəəlifi John Jenkins yazır ki, son onilliklərdə Yaxın Şərqdə baş verənləri izləyənlər üçün Qətər böhranı heç də gözlənilməz olmayıb.

Hələ 1971-ci ildə belə bir plan vardı ki, Qətər və Bəhreyn konfederasiya əsasında aşağı Körfəzdəki şeyxliklərə qoşulacaqlar. Lakin o vaxt hər iki ölkə müstəqil olaraq qalmağa üstünlük vermişdi. Qətər getdikcə varlanırdı, lakin o qədər də səs çıxarmırdı. Amma 1995-ci ildə Qətərin o vaxtkı başçısı xarici səfərdə olarkən öz oğlu tərəfindən devrildi. Bu qansız çevriliş Səudiyyə Ərəbistanını xeyli narahat etmişdi.

Məhz bundan sonra Dohanın sürətli qaydada fiziki və siyasi inkişafı nəzəri cəlb etməyə başladı.

Atasını hakimiyyətdən uzaqlaşdırmış Şeyx Həməd 1950-ci illərdən bəri çox da dəyişməmiş bu ölkəni göydələnlər, ecazkar ofis və otellər məkanına çevirdi.

Bu həmin vaxtlar idi ki, Qətər beynəlxalq meydana çıxmaq üçün Körfəz İqtisadi Əməkdaşlıq Şurasına o qədər möhtac deyildi. Qətər o vaxtlar Həməs və Fətah, habelə Əfqanıstan Talibanının müxtəlif dəstələri, Yəmən və İran arasında vasitəçilik edirdi.

Səudlar inanırdılar ki, Qətər hər hansı bir şəkildə 2003-cü ildə vəliəhd şahzadə Abdullanın qətlə yetirilməsi üçün Liviya lideri Müəmmər əl-Qəzzafinin qəsdi ilə bağlıdır.

Bəhreynlilər və səudlar həm də bundan şübhəli idilər ki, Qətər onların bəzi tayfaları ilə manipulyasıya edir. Birləşmiş Ərəb Əmirlikləri isə Qətərdə mənzillənmiş Əl Cəzirə telekanalının və başqa Qətər mediasının onun hökmdarlarının legitimliyini sual altına alan verilişlərindən narazı idi.

2011-ci ildə Liviyada Qəzzafiyə qarşı üsyan başlananda, Qətər anti-Qəzzafi qüvvələrinə qarşı döyüşənlərə dəstək verən ilk ölkələrdən biri olmuşdu.

Lap bu yaxınlarda isə Qətər hakim ailə üzvləri də daxil 20 vətəndaşının İraqda İrana bağlı şiə qruplaşması tərəfindən oğurlanmasından sonra onların azad edilməsi üçün birbaşa qaydada Hizbullah, İran və əl-Qaedanın Suriya qolu ilə danışıqlara girişmişdi. Bu qətərliləri 2015-ci ilin dekabrında Bəsrə yaxınlığında ov edərkən oğurlamışdılar.

Jenkins yazır ki, bütün bunlardan başqa Qətərin Müsəlman qardaşları təşkilatı ilə iddia olunan əlaqələri Səudiyyə başda olmaqla bəzi ərəb dövlətlərini narahat edirdi. Çünki bir çox ərəb ölkələrinin hakimləri Müsəlman qardaşlarını öz hakimiyyətlərinə təhlükə hesab edirlər.

Belə görünürdü ki, bütün bu ziddiyyətlər 2014-cü ildə Şeyx Təmim atasından sonra hakimiyyətə gələndən bəri geridə qalıb. O vaxt Təmim Riyada gəlmiş mərhum kral Abdullah və Körfəz Əməkdaşlığı Şurasının liderləri ilə görüşmüşdü. Deyilənlərə görə o Qətər müstəsnalığının sürətinin bir qədər aşağı salmağa razılaşmışdı.

Bu da xəbər verilir ki, Trump-ın Səudiyyəyə səfərindən əvvəl Qətər və oradakı sammitə toplaşan başqa ərəb ölkələrinin arasında ciddi ziddiyyət olub. Deyilənlərə görə bu görüşdə Qətər İrana bu qədər diqqət verməyin əleyhinə imiş. (bbc.com/azeri)

24saat.org

Mənbə – azadliq.info

Etiketlər
Daha çox

Bənzər məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button
Close
Close