Loading...
Loading...
iqtisadiyyatİqtisadiyyat

Ət, süd, yağ, buğda… – Rusiyadan gətirilən bütün məhsullar bahalaşıb

RusiyaUkrayna arasında bu ilin fevral ayında başlayan müharibədən sonra hər iki ölkədən Azərbaycana idxal olunan malların qiyməti bahalaşıb və ya bəzi məhsullarda qıtlıq yaranıb.

Əsasən, Rusiyadan Azərbaycana gətirilən taxta-şalban məmulatlarının bir kub metrində 100 manatdan çox bahalaşma olub, – təhlilçilər BBC News Azərbaycancaya deyiblər.

Tikinti malları ilə yanaşı bəzi idxal ərzaq məhsulları, o cümlədən kağız məmulatlarının da bahalaşması müşahidə edilir.

Daha çox tələbat olan A4 formatlı kağız isə təkcə bahalaşmayıb, onun həm də satışına limit qoyulub, satıcılar bildirirlər.

Ötən ilin payızında Azərbaycanda təbii qaz və elektrik enerjisi, bu ilin əvvəlində isə un və un məmulatları, bəzi ərzaq məhsullarının qiyməti qalxmışdı.

Təhlilçilərin fikrincə, qonşu ölkədən idxal edilən bəzi məhsullarda qiymət artımına səbəb Azərbaycanın əsas xarici ticarət tərəfdaşlarından biri olan Rusiyanın Ukraynada müharibəsinə görə Qərbin sanksiyaları ilə üzləşməsi, Ukraynadan idxalda yaranan məhdudiyyətlər olsa da, müharibədən kənar amillərin də təsiri yox deyil.

Rəsmi məlumatlara görə, 2021-ci ildə Azərbaycan ilə Rusiya arasında ticarət dövriyyəsi 3 milyard dollar olub.

“Bunun 2,1 milyard dolları Rusiyadan idxalın, 921 milyon dolları isə bu ölkəyə ixracın payına düşür,”- İqtisadiyyat Nazirliyi bildirib.

“Taxtanın 1 kub metrində 100 manatdan çox bahalaşma var”

Rusiya idxal məhsulları arasında diqqəti daha çox cəlb edən bahalaşma taxta-şalban məhsullarında olub.

Azərbaycanda 15 ildən çoxdur taxta ticarəti ilə məşğul olan sahibkar Qədim Ədilov BBC News Azərbaycancaya deyib ki, əvvəllər də qiymət artımı olurdu, amma bu, belə kəskin, hiss ediləcək dərəcədə baş vermirdi.

O bu ilin noyabrına kimi taxtanın qiymətinin yenidən ucuzlaşacağını gözləmir:

“Hazırda bir kub metr taxtanın qiyməti 170-180 dollardan təxminən 250 dollara (450 manat) qalxıb”.

Onun sözlərinə görə, müharibəyə qədər Ukraynanın Çerniqov bölgəsindən Azərbaycana taxta məhsulları gəlirdi. Həmin bölgədə bir neçə həftə müharibə getdiyindən oradan idxal dayanmalı olub və bu da bazarı yalnız Rusiyadan asılı vəziyyətə salıb.

Ancaq Qədim Ədilov onu da deyir ki, taxta məhsullarını təkcə Qərbin sanksiyaları və müharibə bahalaşdırmayıb, eyni zamanda Ukraynada hərbi əməliyyatlara qədər Rusiyada bəzi artan vergilər və digər amillər, Azərbaycanda işğaldan azad olunan ərazilərdə böyük həcmli tikinti işlərinin aparılması da qiymət artımına təsir edib:

“Hələ Ukrayna-Rusiya müharibəsi başlamamışdan əvvəl Rusiya xaricə satdığı yaş taxta məhsullarının hər kub metrinə 13 avro ( təxminən 25 manat) vergi əlavə etmişdi. Sonra Rusiyanın özündə meşə hazırlığı gözlənildiyi kimi olmadı. Hava elə də soyuq keçmədiyindən, yəni taxta-şalban istehsalı üçün uyğun hava şəraiti olmadığından ağac ehtiyatı lazımi qədər toplana bilmədi”.

Azərbaycanda taxta məhsullarının satıldığı bazarların birində Ukrayna-Rusiya müharibəsindən əvvəl, bu ilin yanvarın 27-də “2-lik taxta” kimi tanınan məhsulun bir kub metri 370 manat olub, Ukraynada döyüşlər başlayandan təxminən iki həftə sonra 490 manata satılıb.

“Rusiyadan gətirilən buğda, ət, süd, yağ bahalaşıb”

Tikinti materiallarından başqa Rusiya mənşəli ərzaq malları və kənd təsərrüfatı məhsulları da bahalaşıb.

Kənd təsərrüfatı üzrə təhlilçi Vahid Məhərrəmli araşdırıb ki, bu ilin yanvar-fevral aylarında Rusiyadan gətirilən buğdanın qiyməti 9,2 dəfə, həcmi isə 6,7 dəfə artıb.

Ancaq bəzi təhlilçilər və taxıl idxalçıları hesab edirlər ki, Azərbaycanın Rusiyadan buğda asılılığı olsa da, ölkədə taxılla bağlı hər hansı qıtlıq və yeni bahalaşma gözlənilmir.

Təhlilçi deyib ki, Rusiyadan idxal olunan bitki yağı, ət, süd məhsulları da bahalaşıb, amma idxalda azalma müşahidə edilməyib, əksinə, bu məhsulların idxalı artıb.

Vahid Məhərrəmlinin sözlərinə görə, Rusiyadan gətirilən şəkər tozunun Azərbaycan bazarında payı təxminən 50 faiz olsa da, hazırda bu məhsulla da bağlı hər hansı qıtlıq müşahidə edilməyib. Hərçənd, Rusiyanın özündə şəkər tozunun satışına limit qoyulduğu bildirilir.

Gözdən qaçırmayın:  Toyuq əti bahalaşacaq: Azərbaycanda quş yeminin qiyməti 3 dəfə qalxıb

Təhlilçi bu ərzaq məhsullarında qıtlıq yaranmamasını anbarlarda kifayət qədər mal olması, əhalidə isə özünə ehtiyat yığacaq qədər vəsait olmaması ilə izah edir.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti dəfələrlə açıqlayıb ki, ölkədə ərzaqlıq buğdanın, unun və çörəyin qiyməti tənzimlənən tariflər əsasında deyil, bazar iqtisadiyyatı prinsiplərinə uyğun olaraq, tələb-təklif əsasında formalaşır.

“A4 kağızı məhdud satılır və 2 dəfədən çox bahalaşıb”

Azərbaycanda ofis və dəftərxana ləvazimatlarının satışı ilə məşğul olan bir neçə şirkət BBC News Azərbaycancaya bildirib ki, Rusiyadan gələn kağız məhsulları “anbarlarda azalıb, bəzi kağız məmulatları limitlə satılır, bir adam yalnız bir qutu A4 formatlı kağız” ala bilər.

Qiymətlər son vaxtlar çox dəyişib. Daha çox tələbat olan A4 formatlı kağız Novruz bayramından əvvəl təxminən 6 manat idisə, sonra 9 manat oldu. İndi daha bahadır. Bu, Ukrayna müharibəsiylə bağlıdır,” – adının açıqlanmasını istəməyən, kağız məmulatlarının topdan ticarəti ilə məşğul olan mağaza şəbəkəsindən birinin əməkdaşı bildirib.

Qanun” nəşriyyatının direktoru Şahbaz Xuduğolu naharatdır ki, kağız çatışmazlığı kitab çapını dayandıra bilər: “Kağızın 80-90 faizi Rusiyadan gəlir. Orda isə kağız fabriklərini Avropa şirkətləri işlədirdi, indi onlar da fəaliyyətlərini dondurublar. Hazırda Azərbaycana kağız gəlmir. Pandemiyada da oxşar vəziyyət yaranmışdı, amma onda ehtiyatlardan göndərilirdi. İndi isə belə deyil”.

Naşir əlavə edir ki, qıtlıq qiymətlərə də təsir edib, əvvəl 1 tonu 1400-1500 dollara olan kağız indi 2100-2200 dollaradır: “Alternativ yol tapmaq olar, əlbəttə. Çin bazarı var, amma nəqliyyat xərcləri yüksəkdir, əvvəllər 40 tonluq konteyner 6 min dollara gəlirdisə, indi 16-17 min dollara gəlir”.

Şahbaz Xuduoğlu vəziyyətin necə davam edəcəyini bilmir, ona görə də hələlik çapını daha vacib saydıqları kitabları qabağa salmağa çalışırlar.

“Rusiya istehsallı armatur bahalıdır”

Bakıda armatur satışı ilə məşğul olan Ramil Əliyev deyir ki, onsuz da Azərbaycanda işğaldan azad olunan ərazilərdəki tikinti işləri armatur məhsullarında qiymətləri artırmışdı, indi də Rusiya-Ukrayna müharibəsi bahalaşdırdı.

“Rusiyadan gələn “10-luq aramatur”un tonu hazırda 1650-1700 manat civarında dəyişir və alıcılar daha ucuz olan yerli məhsullarla maraqlanırlar,”- Ramil Əliyev deyib.

“Bahalaşmanın qarşısını almaq yolu…”

İqtisadi məsələlər üzrə təhlilçi Nazim Bəydəmirlinin sözlərinə görə, əsasən, Rusiyadan gətirilən laminat, dəmir, mismar kimi məhsullar da bahalaşıb.

O deyib ki, bəzi tikinti materialları İran və Türkiyədən idxal edilsə də, onların da xammalı Rusiya mənşəlidir.

Keçmiş millət vəkili hesab edir ki, Azərbaycan ticarət tərəfdaşlarını seçməkdə daha ehtiyatlı davranıb Avropa İttifaqının təklif etdiyi azad ticarət sazişini imzalayaraq bahalaşmanın qarşısını ala bilər.

Onun fikrincə, Azərbaycan həm də bəzi idxal etdiyi məhsulları ölkədə istehsal edərək xarici valyuta axınını azaltmış olar və yerli insanlar üçün də iş imkanları artar.

2022-ci ilin yanvar-fevral aylarında Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsinin həcmi 405 milyon dolları ötüb.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 22 faiz artıb.

Qurum bildirib ki, bu ilin ilk iki ayı ərzində Rusiyadan idxal 16 faiz artaraq, 282 milyon dolları ötüb.

Rəsmi məlumata görə, bu ilin yanvar-fevral aylarında Azərbaycanın xarici ticarət dövriyyəsində Rusiyanın payı 5,1 faiz təşkil edib.

24 saat” “Ət, süd, yağ, buğda… – Rusiyadan gətirilən bütün məhsullar bahalaşıb” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button