2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Jurnalist məhkəməsində şərləndiyini açıqlayıb

Bu gün, aprelin 6-da Şirvan Apellyasiya Məhkəməsində həbsdəki jurnalist Əfqan Sadıqovla bağlı hökmdən verilən şikayət dəyərləndirilib.

Şikayətə hakim Ələsgər Novruzovun sədrlik etdiyi məhkəmə kollegiyası baxır.

Saytların yığılması Saytlarin yigilmasi

Proses qismən məhkəmə istintaqı aparılmaqla keçirilib. Bu səbəbdən bu iclasda ilk olaraq prokuror ittihamı elan edib.

Ardınca həbsdəki jurnalist Əfqan Sadıqov ifadə verib.

Vəkilinin deməsinə görə, jurnalist, məhkəmənin diqqətinə çatdırıb ki, Cəlilabad rayonunun icra hakimiyyətinin başçısı dəfələrlə onu otağına çağırıb.

“Mənə onun və rayonda baş verənlər barəsində yazmamağa göstəriş verir, hədələyirdi. Onun dediklərinə əməl etməsəm, açıq şəkildə mənə pis olacağını bildirib”. – deyə vəkil jurnalistin çıxışından sitat gətirib.

Vəkilinin bildirməsinə görə, jurnalist qeyd edib ki, icra başçısının təklif və hədələrinə əhəmiyyət vermədən peşə fəaliyyətini davam etdirib. O, həbs edilməsinin motivləri haqda da danışıb.

“Keçən ilin avqustunda icra hakimiyyətinin binasının qarşısından keçərkən mühafizəçi mənə yaxınlaşdı. Dedi ki, başçının müavini Şərbətov onu təcili görmək istəyir. Mən də getdim, Şərbətov dedi ki, başçı məni görmək istəyir. Məni icra başçısının otağına saldılar, yenidən eyni hədələr, təkliflər… Hamısını rədd etdim. İcra başçısının otağından çıxarkən bir qadın mənə yaxınlaşdı. Mənə məmurlar haqqında yazılar yazmağımı irad tutdu, ardınca söyməyə başladı. Təxribat olduğunu başa düşdüm və binanın ərazisindən qaçıb uzaqlaşdım”, – deyə jurnalist bildirib.

Jurnalist məhz həmin qadınla – Aliyə Rzayeva ilə insidenti əsas gətirərək onu həbs etdiklərini məhkəmənin diqqətinə çatdırıb.

Prosesdə zərərçəkən şəxs qismində tanınmış Aliyə Rzayevanın da ifadəsi dinlənilib.

Müdafiə tərəfinin bildirdiyinə görə, O, yenə jurnalisti yazılarına görə, qınayıb.

Üstəlik, A.Rzayeva bildirib ki, Əfqan Sadıqov onu vurub və o huşunu itirib.

Ə.Sadıqovun vəkili Elçin Sadıqov isə prosesdə zərərçəkənin doğru danışmadığını bildirib. Vəkil qeyd edib ki, zərərçəkənin xəstəxanaya aparılma vaxtı ilə bağlı dedikləri iş materialları üst-üstə düşmür.

Proses aprelin 27-də davam etdiriləcək.

XATIRLATMA

Azel.tv saytının təsisçisi və redaktoru Ə.Sadıqov ötən il noyabrın 22-də saxlanmışdı. Ona CM-in 127.2.3-cü (xuliqanlıq niyyəti ilə təhlükəli üsulla sağlamlığa qəsdən az ağır ziyan vurma) maddəsi ilə ittiham irəli sürülmüşdü.

İttiham elə icra hakimiyyətinin xanım işçilərindən biri ilə bağlı idi. İddia edilirdi ki, ötən ilin avqustunda jurnalistlə həmin xanım arasında insident baş verib. Jurnalistin xanıma yönəlik xuliqanlıq əməlinə yol verdiyi, ona xəsarət yetirdiyi iddia olunur.

Məhkəmə prosesi zamanı jurnalist və onun müdafiəçiləri ittihamın qurama olduğunu açıqlamışdılar. Məhkəmə prosesi zamanı insidentin baş verdiyi icra hakimiyyəti binasındakı müşahidə kameralarının görüntüləri də istənilmişdi. Ancaq məhkəmə bunu təmin etməmişdi.

Cəlilabad rayon Məhkəməsi ittihamı təsdiqləmiş, yanvarın 12-də Ə.Sadıqovu 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmişdi. Ə.Sadıqovun adı hüquq müdafiəçilərinin tərtib etdiyi «siyasi məhbus» siyahısına daxil edilib.

Cəlilabad rayon icra hakimiyyəti başçısı Əziz Əzizovdan isə, hələlik, jurnalistin məhkəmədə dilə gətirdiyi fikirlərə münasibət almaq mümkün olmayıb.

24saat.org

Mənbə – azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button