2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Avropa Məhkəməsi Azərbaycanla bağlı daha 23 iş üzrə qərarını elan edəcək

Bu işlərdən biri də “Monitor” jurnalının baş redaktoru, 2005-ci il martın 2-də qətlə yetirilmiş jurnalist Elmar Hüseynovun ölümü və cinayətkarların məsuliyyətə cəlb olunmamasından verilmiş şikayətdir. Bu haqda vəkil Əsabəli Mustafayev məlumat yayıb.

Eyni zamanda, çıxarılacaq qərarlarla bağlı Avropa İnsan Haqları Məhkəməsinin yaydığı məlumatdan görünür ki, Elmar Hüseynovla bağlı qərar mərhum jurnalistin xanımı Ruşaniyyə Hüseynovanın 2010-cu ildə göndərdiyi şikayət üzrə çıxarılıb.

Saytların yığılması Saytlarin yigilmasi

Digər 22 qərarın hamısı isə seçki şikayəti ilə bağlıdır. Şikayəti üzrə qərar çıxarılan ərizəçilər arasında AXCP sədri Əli Kərimli, müavini Gözəl Bayramlı, Müsavatın lideri İsa Qəmbər, başqan müavini Tofiq Yaqublu, hüquqşünas Aslan İsmayılov da var.

Seçki şikayətlərində Aslan İsmayılov istisna olunmaqla, digərlərinin hüquqlarını Avropa Məhkəməsində tanınmış hüquq müdafiəçisi, Hüquq Maarifçilik Cəmiyyətinin rəhbəri İntiqam Əliyev və “Hüquq və İnkişaf” İctimai Birliyinin sədri Hafiz Həsənovdur.

Elmar Hüseynovla bağlı işdə isə ərizəçi Hüseynovanın hüquqlarını norveçli vəkil müdafiə edib.
Yeri gəlmişkən, Ruşaniyyə Hüseynova 2006-cı ildən Norveçdə sığınacaq alıb və orada yaşayır. O, Avropa Məhkəməsinə ərizəsində də yazıb ki, həyat yoldaşının qətlinə görə birbaşa hakimiyyəti ittiham elədiyinə görə təhdid altında olub. Elə bu təhdidlər üzündən də ölkəni tərk etmək məcburiyyətində qalıb.

Ruşaniyyə Hüseynova ərizəsində işin halları haqda yazır ki, həyat yoldaşının qətlindən dərhal sonra Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin 120.2.4 (qəsdən adam öldürmə) və 228.1 (qanunsuz silah saxlama) maddələrilə cinayət başlanıb. Martın 4-də Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Milli Təhlükəsizlik Nazirliyi birgə bəyanat yayaraq, ictimaiyyəti başlanmış cinayət işi haqda məlumatlandırıblar.
Ərizəçinin sözlərinə görə, o, həyat yoldaşının qətlilə əlaqədar istintaq tərəfindən dəfələrlə dindirilib. O, istintaqa ifadəsində bildirib ki, hadisəyə qədər yaşadıqları binanın girişində özünü şübhəli aparan bir kişi görüb.

2005-ci il aprelin 6-da cinayət işi qətdən adam öldürmədən CM-nin 277-ci (terror) maddəsinə tövsif olunub. Həmçinin cinayət işi Baş Prokurorluqdan alınaraq Milli Təhlükəsizlik Nazirliyinə verilib.

2005-ci il mayın 4-də Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Milli Təzlükəsizlik Nazirliyi birgə bəyanat yayaraq, ictimaiyyətə məlumat verib ki, Elmar Hüseynovun qətlində Gürcüstan vətəndaşı olan Tahir Xubanovun iştirakı müəyyənləşib. Bəyanatda o da bildirilib ki, Tahir Xubanov hadisədən dərhal sonra Azərbaycanı tərk edib və bu səbəbdən onun barəsində beynəlxalq axtarış elan olunub.

Hüquq-mühafizə orqanları mayın 20-də daha bir birgə bəyanat yayıblar. Bu dəfə ictimaiyyətə qətldə iştirakı olan daha bir nəfərin – Teymuraz Əliyevin müəyyənləşdirildiyi haqda məlumat verilir. Bu adam da Gürcüstan vətəndaşıdır. Eynilə, yenə də qeyd olunur ki, bunun da barəsində axtarış elan olunub.

Ruşaniyyə Hüseynova yazır ki, o, 2005-ci il mayın 31-də Milli Təhlükəsizlik Nazirliyinə məktub yazaraq, həyat yoldaşının qətlinin istintaqı haqda məlumat almaq istədiyini bildirib. İstintaq onu zərərçəkmiş qismində tanısa da, istintaqın gedişi haqda heç bir məlumat verməyib.

Həmçinin qeyd edir ki, Norveçə mühacirət etdikdən sonra 2008-ci ildə vəkili, eləcə də Norveç Helsinki Komitəsi Azərbaycanın Baş Prokurorluğu və MTN-ə məktub yazaraq, Elmar Hüseynovun qətlilə bağlı cinayət işinə aid sənədlərin surətini istəyib.

MTN 18 iyul 2008-ci ildə Hüseynovanın vəkilinə göndərdiyi cavab məktubunda yazılıb ki, o, Azərbaycan Vəkillər Kollegiyasının üzvü olmadığından və notarial qaydada etibarnamə təqdim etmədiyindən sənədlərin surətini əldə edə bilməz. Həmçinin qeyd olunub ki, Azərbaycan qanunvericiliyinə görə, zərərçəkmiş, eləcə də onun nümayəndəsi cinayət işinin materialları, o cümlədən müvafiq sənədlərlə yalnız ibtidai istintaq başa çatandan sonra tanış ola bilər. Cinayət işi üzrə istintaq isə davam edir.

Ruşaniyyə Hüseynovanın şikayətində həmçinin yazılıb ki, istintaq orqanı araşdırmaların davam etdiyini, cinayətdə şübhəli bilinən şəxslərin beynəlxalq axtarışa verildiyini iddia etsə də, onların axtarışı ilə bağlı İnterpolun qərarı yoxdur.
Ruşaniyyə Hüseynova İnsan Haqları və Əsas Azadlıqların Müdafiəsinə Dair Avropa Konvensiyasının 2-ci (yaşamaq hüququ), 10-cu (ifadə azadlığı hüququ) və 13-cü (ayrı-seçkiliyə məruz qalmamaq hüququ) pozulduğunu göstərib. Avropa Məhkəməsindən də bu pozuntuların tanınmasını istəyib.

O bildirir ki, həyat yoldaşı məhz jurnalist fəaliyyətinə, hökumətdə prezident də daxil olmaqla, yüksək vəzifəli məmurlar haqqında tənqidi məqalələr yazdığına görə qətlə yetirilib. Bu üzdən də hüquq-mühafizə orqanları bu cinayət açıb, qatilləri, sifarişçiləri cəzalandırmırlar.

Hüseynova Avropa Məhkəməsinə şikayətində də yazıb ki, həyat yoldaşı tənqidi məqalələrinə görə mütəmadi olaraq hədələnirdi. Xüsusən 2004-cü ilin yanvarında polis əməkdaşı onu ölümlə hədələyərək, prezident və ailəsi barədə məqalələrə son qoymağı tələb etmişdi.

 

azadliq.info

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button