2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
GündəmSiyasət

‘Deyə bilmərik ki, AXC demokratiyanın ən bariz nümunəsi idi’

«Deyə bilmərik ki, AXC demokratiyanın ən bariz nümunəsi idi. Demək olmaz ki, burda ABŞ-dakı kimi demokratiya vardı».

Milli Elmlər Akademiyasının əməkdaşı, tarix elmləri doktoru, professor İradə Bağırova AzadlıqRadiosuna belə deyir. Professor bu il 99 yaşı tamamlanan Xalq Cümhuriyyətinə öz qiymətini verir:

Saytların yığılması Saytlarin yigilmasi

– Xalq Cümhuriyyəti həm Azərbaycan, həm də Şərq dünyası üçün birinci demokratik respublika idi. Həm də parlament əsaslı bir respublika idi. Təbii ki, Azərbaycan üçün bu dövlətin böyük önəmi vardı. XIX əsrdə başlanan və təxminən bir əsr davam edən Rusiya işğalından sonra burda ilk dəfə müasir tipli dövlət yarandı. Bütün insanlara bərabər hüquqlar verildi, qadınlar seçki hüququna malikiydilər. Amerika Birləşmiş Ştatlarından öncə məhz Azərbaycan Xalq Cümhuriyyətində qadınlar seçki hüququ əldə etmişdilər. 23 ay mövcud olmuş respublikada tam demokratik əsaslarla formalaşmış parlament var idi. Bu parlament də hökuməti formalaşdırdı. Hökumətsə demokratik əsaslarla qurulmuşdu. 23 ayda beş dəfə Nazirlər Kabineti dəyişdi. 23 ay sonrasa cümhuriyyətdən asılı olmayan səbəblərə görə süqut etdi. Bolşevik işğalından sonra respublikanın mövcudluğuna son qoyuldu.

– Belə fikirlər var ki, AXC 23 ay yox, daha artıq, tutalım, 4-5 il mövcudluğunu qoruya bilsəydi, onun gətirdiyi dəyərlər, cümhuriyyət ənənəsi Azərbaycanda daha möhkəm oturuşardı. İşğala rəğmən azadlığın dadı damaqda, izi beyinlərdə həmişəlik qalardı. Hər nə qədər tarix ehtimalları sevməsə də, siz bu cür düşünənlərlə razılaşırsınızmı?

– Tarixdə belə ənənə var ki, baş verməyən hadisə haqda danışılımır, yəni sonradan ola biləcəklərə proqnoz vermək də çətindir. Amma doğrudur, işğala qədər demokratik dəyərlər artıq yaranmaqda idi. Bolşeviklərin işğalı isə iki il gec, ya tez belə baş versəydi, ağlım çətin kəsir ki, nəsə dəyişəydi. Demokratik dəyərlərin təməli artıq qoyulmuşdu, əhaliyə bütün hüquqlar verilmişdi, həm etnik zəmində, həm də sosial zəmində.

– Sizcə, bugünkü Azərbaycan dövləti cümhuriyyətin təməlini qoyduğu dəyərləri qoruya, onlara tam sahib çıxa bilirmi?

– Bu gün müəyyən mənada qorunur. Əlbəttə, parlament də var, hakimiyyət bölgüsü də. Təbii ki, sovet vaxtında bu mümkün deyildi. Ancaq… Mən bu barədə danışmağa hazır deyiləm, deyə bilmərəm nə dərəcədə qorunur… Müəyyən mənada qorunur. O dövrə nəzər salsaq, deyə bilmərik ki, AXC demokratiyanın ən bariz nümunəsi idi. O zamanın öz xüsusiyyətləri var idi. Demək olmaz ki, burda ABŞ-dakı kimi demokratiya vardı. Müəyyən dərəcədə o dəyərlər qorunur. Ancaq nə dərəcədə dərin kök salıb ya yox, bu artıq başqa söhbətin mövzusudur, mənə elə gəlir.

– Bugünlərdə tarixçi alim Nəsiman Yaqublu AXC-nin yüzillik yubileyi ilə bağlı dövlət başçısına təkliflər göndərib. O, cümhuriyyət dövrünün daha dərindən tədqiqini, AXC qurucularının irsinin araşdırılmasını təklif edib. Sizcə, bu tarixi dövr yetərincə araşdırılıbmı?

– Cümhuriyyət parlamentinə aid bütün sənədlər hələ 1998-ci ildə çap edilib. Bir neçə cildlik sənədlər külliyyatı ortaya çıxıb. Bundan başqa, Elmlər Akademiyası tərəfindən bir sıra işlər görülüb. 2004-cü ildə «Azərbaycan Xalq Cümhuriyyəti» adlı ikicildlik ensiklopediya buraxılıb. Bu yaxınlarda onun ikinci nəşri olacaq. Mən bu mövzuda onlarla əsərin yazıldığını söyləyə bilərəm. AXC ilə bağlı kifayət qədər tədqiqatlar var. Bir həftəyə AXC ilə Osmanlı Türkiyəsi arasında münasibətlərlə dair dissertasiya da müdafiə olunmalıdır. Eləcə də, AXC-nin həm daxili, həm xarici siyasəti yetərincə öyrənilib. Təbii ki, öyrəndikcə daha çox material tapmaq olar. Bizim institut tərəfindən xarici ölkələrdən daha çox material gətirilib. Həm Fransadan, həm İngiltərədən, həm də Türkiyədən yeni materiallar gətirilir və çap olunur. Ona görə bu fikirlə razılaşa bilmərəm. Hər hansı mövzunu götürsək, on il sonra da arxivlərdə o haqda tapıntı etmək olar.

– İradə xanım, Nəsiman Yaqublunun dediyi odur ki, həmin dövləti qurub yaradanların xarici ölkələrdəki irsi toplanmalı və Azərbaycana gətirilməlidir. Siz də xaricdən yeni materialların gətirildiyini söyləyirsiniz. Məsələn, son zamanlar kimlərin əsərləri və ya arxivi toplanaraq bura gətirilib?

– Topçubaşovun irsi gətirilib, elə Nəsiman bəyin tərəfindən Rəsulzadənin Türkiyədə, Polşada nəşr edilmiş bir çox əsərləri, materialları gətirilib. Ramiz Abutalıbov Ceyhun bəy Hacıbəylinin arxivində böyük işlər görüb. Mühacirətə gedən xadimlər çox idi. Bir çoxunun arxivini imkan olduqca gətirmək lazımdır. Ancaq bu o demək deyil ki, heç nə gətirilməyib. Bir çox sənədlər gətirilib. Bununla belə, hələ də nələrsə xaricdə qalır.

– Gələn il Xalq Cümhuriyyətinin 100 yaşıdır və bu ərəfədə uzun illərdir səslənən təklif yenidən gündəmə gətirilir, «yoxdan bir bayraq yaradanların» məzarları Azərbaycana köçürülsün.

– Məzarlar barəsində heç nə deyə bilmərəm. Topçubaşovun qəbri Parisdədir, Rəsulzadəninki Ankarada. Yaxşı olardı ki, onlar vətənlərində dəfn olunsunlar. Ancaq düzü, bu haqda düşünməmişəm, bilmirəm, təklif irəli sürmək olar, ya yox. Hər halda, hökumətlərarası razılıq olsa, məzarların bura gətirilməsi yaxşı olardı.

24saat.org

Mənbə – azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button