‘Qardaşımın hara aparıldığı barədə məlumatımız yoxdur”
İctimai fəal Turan İbrahim fevralın 25-də iş yerinin önündən üç nəfər mülki geyimli şəxs tərəfindən saxlanaraq naməlum istiqamətə aparılıb.
Bu barədə Meydan TV-yə onun qardaşı Toğrul İbrahim məlumat verib. Bildirib ki, qardaşını “10 CC 010” dövlət nömrə nişanlı “Hyundai Genesis” avtomobilinə mindirib aparıblar:
“Hara aparıldığı barədə məlumatımız yoxdur”.
Daxili İşlər Nazirliyindən (DİN) hələlik, məsələyə münasibət öyrənmək mümkün olmayıb.
Turan İbrahimin atası, AXCP Rəyasət Heyətinin üzvü Məmməd İbrahim 12 gün öncə, fevralın 13-də azadlığa buraxılıb. O, 2015-ci il sentyabrın 29-dan həbsdə idi. Üç nəfəri döyməkdə ittiham olunan Məmməd İbrahim Cinayət Məcəlləsinin 221.2.2 (iki və daha çox şəxsə xəsarət yetirməklə xuliqanlıq) maddəsi ilə 3 il azadlıqdan məhrum edilmişdi.
Maraqlı xəbərlər üçün Az24saat.org saytının FACEBOOK səhifəsini izləyin