2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Əliyevin sərhəd nağılı

Bu ölkədə dövlət adına atılan hər bir addım hakim ailənin siyasi, iqtisadi və sosial maraqlarına hesablanır

Cəmil Həsənli, Milli Şura sədri

Ölkənin quru sərhədləri 4 ildən artıqdır qapalıdır. Vətəndaşların hərəkət azadlığı məhdudlaşdırılıb, əslində isə qadağan edilib. Bir-iki gün əvvəl İlham Əliyev ölkənin quru sərhədlərinin qapalı saxlanmasının izahını belə verdi: “Biz kənardan gələn ciddi təhdidlər və problemlərlə üzləşmişdik. Hazırda quru sərhədlərin müəyyən dövrdə bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük. Əvvəlki vaxtlarda bir çox hallar müşahidə olunub. Onların bəziləri ictimaiyyətə açıqlanıb, bəziləri isə açıqlanmayıb”. Vaxtilə Sovet İttifaqı da təhlükəsizliyini bütün sərhədlərin qapalı saxlaması hesabına “təmin” edirdi. Hətta bütün sərhəd boyunca səsboğucu stansiyalar da qurmuşdu ki, azad dünyadan nəinki adamlar, heç yad “səslər” də Sovet sərhədlərin keçə bilməsin.
Əvvəla, indiyə qədər quru sərhədlərin qapalı saxlanması olmayan Covid-19 təhlükəsi ilə izah edilib. Deməl, hökumət xalqa yalan danışıb, milləti aldadıb. Covidə istinad edib karantin tətbiq ediblər, karantin fonunda quru sərhədləri qapadıblar. Guya ölkənin təhlükəsizliyinə təhdid yaradanlar təyyarə ilə gələ bilməzdilər. Quru sərhəddən keçən də sərhəd yoxlamasından, gömrük nəzarətindən keçir, təyyarə ilə gələn də. Prosedurda hansısa bir fərq yoxdur.
Sərhəd və təhlükəsizlik məsələsinə gəldikdə, İsrail dövləti bütün tərəflərdən düşmən hesab etdiyi ölkələrlə əhatə olunub. Amma təhlükəsizlik məqsədilə quru sərhədlərini bağlamaq heç ağlına da gəlməyib. Yəni Əliyevin bu iddiasının heç bir tənqidə dözümü yoxdur. Bu, millətin konstitusion azadlığını, azad hərəkət hüququnu, sərhədyanı bölgədə yaşayanların dolanışıq imkanlarını əvvəlcə olmayan Covid, indi də ortaya atılan saxta “təhlükəsizlik” iddiası ilə məhdudlaşdırmaq, avtoritar inzibatı, totalitar diktatura üsulları ilə qapatmaqdır. Mənası: “ağa Nəzərəm, belə gəzərəm” deməkdir. Sonuncu dəfə olmayan Covidə istinadən karantin müddəti və quru sərhədlərin qapalılığı uzadılanda,ölkənin baş naziri Əli Əsədov şəstlə demişdi bunun məsuliyyətini o, öz üzərinə götürür. Millət də sevinmişdi ki, nəhayət, bu ölkədə nəyinsə məsuliyyətini baş nazir də üzərinə götürür.
Dəfələrlə dediyimiz kimi, dünya çoxdan Covidlə vidalaşıb. Dünya Səhiyyə Təşkilatı da bunu rəsmən bəyan edib. Covidi “diri” saxlan Azərbaycan hakimiyətidir, İlham Əliyevin ailə hakimiyyətidir. Covid onlara siyasi, iqtisadi, anti-humantar məqsədlər üçün lazımdır. Covid onlara siyasi məqsədlər üçün lazımdır. Siyasi azadlıqları qadağan etmək üçün lazımdır, qapalı cəmiyyət yaratmaq üçün lazımdır, idarə olunan cəmiyyət yaratmaq üçün lazımdır.
İndi izahat zamanı gələndə İlham Əliyev deyir ki, quru sərhədlərin müəyyən dövrdə bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyi güclənib. Sərhədlərin qapalı olması ilə ölkənin təhlükəsizliyi möhkəmlənirsə, onda elə hava yollarını da qapadın ki, təhlükəsizliyimiz daha da möhkəmlənsin, quş quşluğu ilə bizim ölkəyə səkə bilməsin. Amma bağlamazlar. Çünki hava nəqliyyatı üzərində hakim ailənin total nəzarəti bərqərar edilib. Quru sərhədlərin bağlı saxlanması təyyarə biletlərinin qiymətlərini ceyran belinə çıxarıb. İndi azərbaycanlıların çoxu təyyarəyə ancaq aşağıdan baxa bilərlər. Biletlər od tutub yanır. Məsələn, Əliyev demədi, quru sərhədləri bağlı olduğu üçün biz təyyarə biletlərin uçuzlaşdırdıq ki, millət bundan öz ümdə ehtiyaclarını təmin etmək üçün yaralana bilsin. Bu ölkədə dövlət adına atılan hər bir addım hakim ailənin siyasi, iqtisadi və sosial maraqlarına hesablanır.
Belə bir sual yaranır: Azərbaycanın quru sərhədlərindən istifadə edənlər kimlərdir? Quru sərhəd istifadəçisinin 90 faizi azərbaycanlılardır. Gürcüstanda yaşayan azərbaycanlılar, Rusiyada yaşayan azərbaycanlılar, İranda yaşayan azərbaycanlılar. Qazaxın sərhəd kəndindən 2 km sərhədin Gürcüstan tərəfində yerləşən azərbaycanlı kəndinə getmək istəyən qazaxlı gərək 450 km məsafəni qət edib gəlsin Bakıya və 800 manata bilet alıb uçsun Tbilisiyə və oradan da təzədən gəlsin Gürcüstanın Qazaxla həmsərhəd olan kəndinə. Çünki İlham Əliyev bizim təhlükəsizliyimizi “etibarlı” etmək istəyir.
Dörd ildir bu millət sərhədin o biri tərəfindəki ölüsünə “Skype” ilə, “Zoom”la ağlayır, çünki İlham Əliyevin “təhlükəsizlik konsepsiyaı” quru sərhədlərinin bağlanmasından keçir. Bu niyyətini həyata keçirmək üçün Covid adam üçün göydəndüşmə olub. İndi Covidlə qapıları bağlı saxlamaq gülməli alındığı üçün bu “təhlükəsizlik” məsələsinə “ciddi məzmun” vermək istəyirlər ki, millət “az aşım, ağrımaz başım” deyib otursun yerində.
Dörd ildir ölkənin quru sərhədləri qapalıdır. Televiziyalara çıxardıqları istənilən narkotika alverçisi tiryəki, heroini İran vətəndaşından aldığını bəyan edir. Axı quru sərhədlər bağlı olduğu halda bu İran vətəndaşları narkotikanı hansı yolla Azərbaycana gətirir. Əgər təyyarə ilə gəlirsə, niyə qarşısını ala bilmirsiniz, axı idi sizin rəvac verdiyiniz narkotika ölkənin təhlükəsizliyini təhdid edən ən qorxulu amilə çevrilib.
Quru sərhədlərin qapalı saxlamasının bədəlini millət ödəyir, səfasını Əliyev ailəsi görür, onların zəli kimi bu millətin qursağından yağ çəkən ailə şirkətləri görür. Necə olur ki, karantin şəraitində, quru sərhədlərin qapalı saxlandığı son illərdə xalq yoxsullaşır, Əliyev ailəsi zənginləşir, ailə şirkətləri gül vurur. Sərhədyanı ticarətdən 100 minlərlə ailə az-çox dolanışıq imkanı əldə edirdi. Dedilər yox, sən qonşu ölkədən 5 kq ərzaq gətirə bilməzsən, bu bizim dövlətin təhlükəsizliyini təhdid edir, gərək Əliyev ailəsinə məxsus satış yerlərindən alasan. Onlar da ödəməli olduğu hər 7 manatdan 1 manatını vergiyə ödəməklə sənin balana uşaqpulu verməyə pul “tapmasın”. Karantin şəraitində xalq yoxsullaşır, millət müzir duruma düşür, Əliyevlərin ailə bankları qaz vurub qazan doldurur. Belə ölkəni niyə qapalı saxlamasınlar.
Sabah da deyəcəklər ki, jurnalistləri, siyasiləri, ictimai fəalları, dindarları qaçaqmalçılıq, dələduzluq, narkotika, polisə müqavimət adı ilə ona görə kütləvi şəkildə həbs etdik ki, onların həyatlarına zədəmə dəyməsin. Onların həyatın “xilas” etmək üçün biz bu saxta ittihamları işə saldıq, onları toka verdik, onlara “təhlükəsizlik” torbası tikdik.
Bu “təhlükəsizlik” nağılını danışanda gərək cənab İlham Əliyev unutmasın ki, onun məzlumlaşdırdığı millət çətinliklə tapdığı, daşdan çıxardığı çörəyi qulağına yemir.

Saytların yığılması Saytlarin yigilmasi

Azadlıq Qəzeti

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button