Lavrov Ermənistana gedir
Rusiyanın Xarici işlər naziri Sergey Lavrov mayın 5-də Yerevana gedir, sabah ölkə rəhbərliyi ilə görüşlər keçirəcək. Mayın 10-11-də onun Bakıya səfəri gözlənir.
Rusiya XİN-nin sözçüsü Mariya Zaxarova deyib ki, görüşlər zamanı “ikitərəfli və regional əməkdaşlığa dair geniş miqyaslı məsələlər, eləcə də beynəlxalq arenada qarşılıqlı əməkdaşlıq” müzakirə olunacaq.
Onun sözlərinə görə, əsas müzakirə mövzusu Dağlıq Qarabağ münaqişəsi üzrə razılaşmaların icrası olacaq.
“Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-ci il 9 noyabr və 2021-ci il 11 yanvar tarixli bəyanatlarının icrasının praktik aspektlərinə diqqət ayrılacaq”, – Zaxarova deyib.
9 noyabr atəşkəs bəyanatı ilə Azərbaycanla Ermənistanın 44 günlük müharibəsi başa çatdı. Azərbaycan Qarabağın bir hissəsini və ətraf 7 rayonu Ermənistanın işğalından azad etdi. Amma qoşunların təmas xəttinə Rusiya hərbçiləri yerləşdirildi.
11 yanvar bəyanatında isə daha çox regionda kommunikasiya xətlərinin açılmasını nəzərdə tutur.
“24 saat” “Lavrov Ermənistana gedir” başlıqlı yazını “Azadlıq Radiosu”na istinadən dərc edib.