Rəsmi Bakı Paşinyanın açıqlamalarına reaksiya verib
Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə Ermənistanın baş naziri Nikol Paşinyanın səsləndirdiyi təkliflərə cavab verib.
Toplum TV xəbər verir ki, Hacızadə açıqlamasında Nikol Paşinyanın təkliflərini tənqid edib.
Onun sözlərinə görə, baş nazirinin açıqlaması Azərbaycanla Ermənistan arasında sülh sazişi layihəsi üzrə prosesdən fikir yayındırmaq məqsədi daşıyır.
“Azərbaycan tərəfinin sözügedən saziş layihəsi üzrə müzakirələr başlanandan etibarən Ermənistan tərəfinin öz Konstitusiyasında, qanunvericilik orqanının bir sıra qərarlarında, eləcə də 44 günlük Vətən müharibəsindən sonra müxtəlif beynəlxalq məhkəmələrə müraciətlərində, rəsmi yazışmalarında və beynəlxalq təşkilatlar çərçivəsində yaydıqları məktublarında Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı davam edən iddialara son qoymağa çağırış etməsinə baxmayaraq, indiyə qədər bu istiqamətdə Ermənistan tərəfindən hər hansı bir əməli addım atılmayıb. Bununla əlaqədar, Ermənistan tərəfinin bu istiqamətdə tədbirlər görmək əvəzinə, heç bir praktiki əhəmiyyəti olmayan təkliflər səsləndirməsi anlaşılmazlıq yaradır və qəbuledilməzdir”.
O həmçinin vurğulayıb ki, Ermənistan ciddi hərbiləşmə siyasəti aparır:
“Son illərdə bir neçə milyard dollarlıq silah tədarükü müqavilələri imzalandığını, hərbi sənayeni inkişaf etdirdiyini nəzərə alaraq, Ermənistanın sülh prosesinə ciddi yanaşdığını iddia etməsi siyasi manipulyasiyadır”.
Xatırladaq ki, yanvarın 28-də Ermənistanın baş naziri Nikol Paşinyan Ordu Günü ilə əlaqədar çıxışı zamanı Azərbaycana qarşılıqlı silahlara nəzarət mexanizmi, habelə hücum etməmək haqqında pakt imzalamağı təklif etdiklərini bildirmişdi.