Loading...
Loading...
24 saat

ABŞ Türkiyə qarşıdurması nə vəd edir?

Nəsimi Məmmədli

ABŞ-Türkiyə arasında qarşılıqlı viza probleminin səbəbləri və nəticələri ilə bağlı fikirlərimi müzakirənizə təqdim edirəm.
ABŞ-ın Türkiyə vətəndaşlarına viza verilməməsi ilə bağlı qərarı bütün hallarda çox yanlış, ədalətsiz və anlaşılmaz qərardır. Maraqlıdır ki bu qərar AKP iqtidarına qarşı deyil, bütövlükdə Türkiyə cəmiyyətinə qarşı yönəlib. Əgər Ərdoğan iqtidarının daxili siyasəti və ABŞ vətəndaşlarının həbsi səbəb kimi göstərilirsə, o zaman bunu AKP-yə qarşı tətbiq etmək daha anlaşılan olardı. İndiki halda birbaşa sadə vətəndaşları hədəf alan bu qərara haqlı olaraq Türkiyənin bütün müxalif kəsimindən, vətəndaş cəmiyyətindən və mediasından çox ciddi etirazlar gəlməkdədir.
Təsadüfi deyil ki Türkiyə iqtidarının da ABŞ vətəndaşlarına qarşı eyni cür yanlış davranmasını Türkiyə cəmiyyətin bütün kəsimi haqlı hesab edərək dəstəkləməkdədir. ABŞ-ın bu yanlış qərarı Türkiyə cəmiyyətini “15 iyul çevrilişi”ndə olduğu kimi sanki yenidən səfərbər etdi. Heç şübhəsiz ki regionun hazırkı hərbi-siyasi durumunda bu qərarlar ikitərəfli əlaqələrə müəyyən zərər verə və qarşılıqlı itkilərə səbəb ola bilər.
Əslində ABŞ-Türkiyə münasibətlərinin gərginləşməsinin üzdə görünən son bəhanəsi ABŞ vətəndaşlarının həbsi göstərilsə də, məsələ FETÖ ətrafında yaranmış qalmaqalla dərinləşən ziddiyyətlər, həmçinin Orta Şərqdə cərəyan edən son və həlledici proseslərlə bağlıdır. Artıq Türkiyə də çağdaş qlobal və regional güclərin davrandığı kimi öz təhlükəsizliyini sərhədlərindən kənarda təmin etmək istiqamətində ciddi addımlar atır. Rusiya və İranla əldə edilən razılaşma əsasında Suriyanın İdlib bölgəsinə ordu hissələrini yerləşdirir. Bu addım ABŞ-ın maraqları ilə uzlaşmadığından onun razı qalmayacağı gözlənilən idi. İndi regionda hərbi-siyasi tarazlıq ABŞ-ın zərərinə inkişaf edir. ABŞ bu regionda mövcudluğunu saxlamaq üçün yanlış olaraq kürd terror qruplaşmalarını silahlandırmaqla NATO-da müttəfiqi olan Türkiyəni qarşısına aldı.
Əgər son günlərin bir neçə diplomatik səfərlərini analiz etsək məsələ bir qədər də aydınlaşacaq. Sentyabrın sonunda Rusiya prezidenti Putinin Ankaraya rəsmi səfəri və danışıqlarda əsas məsələnin Suriya böhranının nizamlanması, Şimali İraq, habelə Türkiyənin Rusiyadan S-400 raketlərini uyğun şərtlərlə alması ətrafında aparılması qərbdə narahatlıqla qarşılandı.
Tarixində ilk dəfə idi Rusiyaya 3 günlük rəsmi səfərə gedən Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz Rusiya prezidenti Putinlə görüşü çərçivəsində 14 müxtəlif sənədə imza atmaqla yanaşı, Suriya böhranı ətrafında da müzakirələr apardı. Xüsusilə də Suriyanın müxalif qruplarının bir araya gətirilməsi ilə bağlı Səudiyyə Ərəbistanının təşəbüsslərinin dəstəkləndiyi və davam etdirilməsinin vacibliyi qeyd edildi.
Suriyada maraqları olan region dövlətlərinin hər üçü- Türkiyə, İran və Səudiyyə Ərəbistanı, habelə Rusiya arasında konkret razılaşmaların olduğu istisna deyil. Təsadüfi deyil ki Səudiyyə kralının Rusiyanı ziyarəti başa çatdıqdan qısa müddət sonra Türkiyə ordusu Suriyaya daxil olduğunu açıqladı. Regiondakı mövcud durumda ABŞ-ın rolu və bu razılaşmalarda maraqlarının təminatı hələlik çox qeyri-müəyyən görünür.
Orta Şərqdə cərəyan edən proseslərə baxdıqda ABŞ-ın Türkiyəyə qarşı atdığı addımların gerçək səbəbləri aydın olur. Olayların hansı nəticələrə səbəb olacağını konkret proqnoz etmək çətin olsa da, bəzi ehtimalları söyləmək olar.
Suriyada ABŞ-Türkiyə hərbi-siyasi qarşıdurmasının olacağını zənn etmirəm. NATO çərçivəsində də əməkdaşlıq öncəki şəkildə davam edəcək. ABŞ-ın Türkiyədəki “İncirlik hərbi bazası”ndan çıxarılacağı da inandırıcı deyil. Ən yüksək səviyyədə ABŞ-Türkiyə dialoquna və diplomatik yollarla böhranın yoluna qoyulacağına ümid edirəm. ABŞ-ın viza məsələsini təzyiq kimi istifadə etməsi onun Türkiyə ilə strateji münasibətlərinə ciddi xələl gətirməyəcək. Sadəcə olaraq Türkiyə iqtidarına qarşı ölkə daxildə iqtisadi-siyasi təzyiqlərin artacağı istisna deyil. Hələlik bu məsələdə müxalifətin yanaşması iqtidarla üst-üstə düşsə də, bir müddət sonra tənqidlər sərtləşəcək. Yəqin ki müxalifət bu durumdan Ərdoğan iqtidarına qarşı yararlanmağa çalışacaq.
Son olaraq deyə bilərəm ki Türkiyənin Şimali İraqda mövcud olan “ Kürdüstan”probleminə ən yaxşı və itkisiz çözümü məhz Suriyadadır. Odur ki Suriya məsələsində əzəli qərb müttəfiqləri ilə münasibətlərdə yaranacaq soyuqluqdan çəkinməməli və bu siyasəti sondək davam etdirməlidir. İraqın bütövlüyü məsələsi də, Türkiyənin milli təhlükəsizliyi də hazırda əsasən Suriyada həll edilir. Qərb və Türkiyə münasibətlərinin daha da kəskinləşməsində maraqlı olan güclü kənar qüvvələrin varlığını tərəflər unutmamalıdır.

Yazı müəllifin Facebook səhifəsindən götürülüb

24saat.org

Mənbə – azadliq.info

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button