Loading...
Loading...
Gündəm

Adil Əliyevin mandatını bitirəcək faktlar

Federasiya maxinasıyası və kriminal keçmiş

Torpağı millət vəkili Adil Əliyev tərəfindən zəbt olunduğu iddia olunan vətəndaş Xəzəngül Məmmədovanın vəkili Adil Əliyevin bu məsələyə bir neçə gün əvvəl əks-arqumentlər irəli sürüb.

Xəzəngül Məmmədovanın nümayəndəsi Ələmşah Şükürovun Adil Əliyevə cavabını cumhuriyyet.az olaraq reportyor.info-ya istinadən olduğu kimi oxucularımızın diqqətinə çatdırırıq:

“Adil Əliyev “Dələduz şaykası” biz deyilik! “Dələduz şaykası” bizim yerimizi zəbt edib tikən və ona havadarlıq edənlərdir. Mən sadə vətəndaşam, o vətəndaş ki, seçki vaxtı bizim qarşımızda min vədlərlə çıxış edirsən və bizi aldadırsan. Adil Əliyev, yazıq biz yox, 50 obyekti olub onunla kifayətlənməyən, sadə vətəndaşın torpağını min bir üsulla ələ keçirib orada obyekt tikməkdən gözü doymayan millət vəkilidir. Bu sənsən. Bizi məhkəməyə verin, biz elə onu istəyirik. Bu məhkəmə saxta yollarla təsir etdiyiniz məhkəmə olmayacaq. Bunu unutmayın, məhkəmədə kim sevinəcək onu da görəcəyik. Bizi hədələmək lazım deyil. Siz məhkəmələri bax belə hədələrlə, şərlərlə “udmusunuz”. Həddini aşan da biz deyilik. Sizsiniz. 5 ildir ki, biz gözləyirik ki, siz gəlib etdiyiniz hərəkətin qarşılığında bizimlə görüşəsiniz.

Adil Əliyev, bəs siz özünüzü kim hesab edirsiniz?

Özünüz də tez-tez Allahın adını çəkirsiniz. Allah qabaqcadan danışan insanı sevmir. Məhkəmədə kim kimi süründürər onu da Allah bilər. Adil Əliyev, sizin Bakı şəhərinin müxtəlif rayonlarında çoxlu sayda obyektləriniz var. Bunu bütün insanlar bilir. Lakin yadınıza salıram ki, Azərbaycan Respublikası Konstitutsiyasının 89-cu maddəsinə əsasən Milli Məclisinin deputatı kommersiya fəaliyyəti ilə məşqul ola bilməz. Bu hal sizin mandatınızı itirməyə səbəb ola bilər. Nəyiniz var özünüzə qismət, bizim sizin obyektlərinizdə gözümüz yoxdur. Bizim də torpağımızda sizin gözünüz olmasın. O ki, qaldı məhkəmə hüquq müstəvisində həll etdiyiniz məhkəmə qərarlarına bununla bağlı sizə sualım var:

1. Nəyə görə 7 il mənim mülkiyyətimdə olan torpaq sahəsinin sənədləri sizin həmin yerdə şadlıq sarayı tikmək iddianızdan sonra ləğv edildi?

2. Nəyə görə Binəqədi rayon məhkəməsinin 01 may 2014-cü il tarixli Qətnaməsindən sonra – biz sizinlə razılaşmadıqdan sonra torpaq sahəsinin sənədləri ləğv edildi?

3. Nəyə görə həmin torpaq sahəsi bizdə olanda dövlət mülkiyyətində olan torpaq sahəsi hesab edilir, siz zəbt edib şadlıq sarayı tikdirəndə isə bələdiyyə torpağı olur? Əgər həmin torpaq sahəsi dövlət mülkiyyətindədirsə, siz necə orada şadlıq sarayı tikdirirsiniz?

4. Nəyə görə və nə vaxtdan sizə məxsus “Çıraq” şadlıq sarayı Azərbaycan Respublikası Baş Prokrorunun yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin inzibati binası hesab edilir? Buyurub sənədlərlə tanış ola bilərsiniz.

5. Nəyə görə bizim iddiamıza əsasən Binəqədi rayon məhkəməsində mülki işə baxılarkən siz 6 ay ərzində məhkəməni yubatdınız və həmin torpaq sahəsinə dair məhkəməyə heç bir sənəd təqdim edə bilmədiniz? Çünki həmin vaxt sizin əlinizdə heç bir sənədiniz yox idi, siz o torpağı zəbt etmişdiniz və qanunsuz tikili aparırdınız. Adil Əliyev, bu ən azından özbaşınalıq deyil, nədir?

Sonda biz ölkə Prezidenti, Ali Baş komandan möhtərəm İlham Əliyev cənablarına müraciət edərək bildiririk ki, mən sadə vətəndaşam, deputat Adil Əliyevin özbaşınalıqları nəticəsində mən yataq xəstəsi olmuşam. Mən deputat Adil Əliyevlə bacarmıram, Sizdən xahiş edirəm ki, mənim mülkiyyətimi Adil Əliyevdən alıb mənə qaytarılmasına göstəriş verəsiniz. Cənab Prezident, sizə əvvəlcədən minnətdarlığımı bildirirəm.”

Əgər keçmişə ekskurs etsək görəcəyik ki, ölkə mətbuatı Adil Əliyevin kriminal keçmişindən çox yazıb. Ancaq buna baxmayaraq bu şəxs öz işində-gücündə yenə də fəaliyyətini davam etdirir. Məlumat üçün bildirək ki, 2000-ci ildən Azərbaycan Kikboksinq Federasiyasının prezidenti olan Adil Əliyev haqda çoxsaylı tənqidi yazıların biri ilə bağlı cumhuriyyet.az olaraq bildirək ki, 2016-çı ilin fevralında Əl Oyunları Sarayında “Narkomaniya və uşaq cinayətkarlığına qarşı“ şüarı ilə keçirilən Kikboksinq üzrə XXII Respublika Çempionatında xoşagəlməz olay baş verib:“Yarışa qatılan idmançıların hər birindən 20 manat “iştirak haqqı” toplanıb. Bu çempionatda 600-dən çox idmançı iştirak edir. Hər idmançıdan 20 manat toplanılırsa, 12 min manat pul edir. Bu pul niyə və nə üçün toplanılıb, bilinmir. Bəzi idmançılar var ki, o pulu verə bilməyərək, yarışdan kənarda qalıblar. Pul yığımına Adil Əliyevin yaxın adamı, “xəzinədar” kimi tanınan Rüstəm müəllim nəzarət edir”. Ola bilər ki, bir çoxu üçün “böyük məbləğ sayılmayan” 20 manatı kimsə verə bilməsin, nəticədə gələcəyin qızıl medalçısı, hətta Avropa və dünya çempionu olacaq bir gəncin yolu bağlansın…

Mediada yer alan digər bir iddiaya görə bir il öncə “Lotu Quli” Türkiyədə olan vaxt onunla görüşə gedənlərdən biri də deputat Adil Əliyev olur. Bir sözlə oğruya gözaydınlığı verməyə gedən A.Əliyev çox güman ki, deputat olduğunu və deputat olmağından əvvəl bu şəxs polis mundirində dövlətimizin keşiyində durduğunu unudub. Olsun, “Lotu Quli” ilə bizim həmkarlarımız da görüşüb, amma onları başa düşmək olar, çünki jurnalist informasiya axtarır,əldə edir, istehsal edir. Ancaq deputatın oğru ilə görüşdən nə “istehsal” etməsi təbii ki, onu yaxşı tanımayanlara təəcüblü gələ bilər.

Amma cumhuriyyet.az olaraq media üzərindən apardığımız araşdırmalardan aydın olur ki, Adil Əliyevin həbsxanadan azad edilən kimi “Lotu Quli” ilə görüşməyə can atması əslində heç də təəccüblü deyil… “Lotu Quli” haqda söz düşmüşkən onu qeyd edək ki, Rusiya mətbuatının verdiyi məlumata görə bir müddət əvvəl azadlığa çıxan “Lotu Quli” ləqəbli kriminal avtoritet Nadir Səlifov Rusiyanın İstintaq komitəsinin Moskva üzrə Baş İstintaq İdarəsi tərəfindən axtarışa verilib. Yayılan xəbərə görə, “qanuni oğru” oğurluq əməllərində və hədələmək yolu ilə pul qoparmaqda ittiham edilir.

Gözdən qaçırmayın:  Jitomir bombardumandan sonra - DƏHŞƏTLİ GÖRÜNTÜLƏR

Hüquq-mühafizə orqanlarındakı mənbənin verdiyi məlumata görə, “Lotu Quli” Rusiyanın paytaxtı Moskvada adam oğurluğu və onlardan pul qoparılması ilə bağlı göstəriş verib. Ona qarşı Rusiya Cinayət Məcəlləsinin müvafiq maddələri üzrə cinayət işi qaldırılıb və qiyabi təqdim edilib. Qeyd edək ki, Nadir Səlifov azadlığa çıxandan sonra Türkiyənin İstanbul şəhərinə köçüb. Demək belə qənaətə gəlmək olur ki, Adil Əliyevin kriminal keçmişi olması haqda ölkə mətbuatında yazılanlar yenə də öz təsdiqini tapır. Onun kriminal keçmişindən vaxtı ilə ÖLKƏ mətbuatı yazsa da sonradan bu haqda olan həmin yazı saytlardan çıxarılıb. Ancaq yazı saytlardan çıxarılanacan 365info.az saytı həmin yazını öz səhifəsində yerləşdirməyə macal tapıb.

DEPUTATIN QARANLIQ KEÇMİŞİ

Həmin yazının bir hissəsini cumhuriyyet.az olaraq oxucularla bölüşmək istəyirik ki, deputatın kriminal keçmişindən xəbəri olmayanlar da ondan xəbərdar olsunlar: “Azərbaycanın qaranlıq keçmişi olan məmur və deputatlarının saiyahısına nəzər salsaq, ilk öncə onların içərisində ən sürətli sıçrayışla özünü irəli atmış Adil Əliyevi görə bilərik. Gənc yaşda hər kəsə belə sürətlə uğur qazanmaq qismət olmur. A.Əliyevin qaranlıq keçmişinə nəzər salaq.Özünün yazdırdığı tərcüməyi-halındakı gurultulu uğurlar isə, yalnız kriminal keçmişinə pərdə salmaq cəhdlərindən başqa bir şey deyil.

Gəlin başdan başlayaq. 1969-cu il sentyabrın 25-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Maxta kəndində anadan olmuş A.Əliyev sovet dövründə Bakıda orta idman məktəbini bitirib. İdmançı kimi də özünü təsdiq edə bilməyən, fiziki cəhətdən zəifliyi ilə həmyaşıdlarından seçilən Adil Əliyev hərbi xidmətini SSRİ hərbi dəniz qüvvələrində keçib. Bir müddət donanmada qalan Əliyev daha sonra Peterburqdakı dənizçilik məktəbini bitirdikdən sonra Azərbaycana qayıdıb. Yeni yaradılan Azərbaycan ordusunun hərbi dəniz qüvvələrində zabit kimi “düzələn” A.Əliyevin ulduzu 1994-cü ildən sonra parlamağa başlayıb. Qardaşı Məhərrəm Əliyevin Bakı şəhər baş polis idarəsinə rəis təyin edilməsi ilə A.Əliyev donanmadakı xidmətini atıb polis orqanlarında ştatdankənar fəaliyyətə başlayır.

Başına yığdığı idmançılardan ibarət qoçu dəstəsi ilə o dövrlər şəhərdə terror əsdirən Adil Əliyevin dəfələrlə kriminal “razborkaların” iştirakçısı olduğu həmin vaxtları yaxşı xatırlayanlara məlumdur. Əsasən şəhərin mərkəzi rayonlarında öz kriminal fəaliyyətini davam edən Əliyev neft oğurluğu ilə məşğul olub. Sonralar Adil Əliyev “dəstəsi” ilə yeni formalaşmaqda olan orta biznesin üzərinə çökür. Bakının bağ massivlərindən birində “özəl həbsxana” təşkil edən Adil Əliyevin xərac üstündə onlarla biznesmeni və iş adamını bu “özəl həbsxanasında” döyərək işgəncə verdiyi, polisdəki əlaqələri, habelə qardaşının adından istifadə edərək bütün işləri bağladığı da çoxlarına məlumdur.

Deputata yaxın olan mənbə məlumat verir ki, həmin illərdə A.Əliyevin ən böyük arzusu cinayət aləmində nüfuz sahibinə çevrilmək və “oğru” adı almaq olub. Amma “avtoritetlərin” birmənalı şəkildə onu qəbul etməməsi Əliyevi bərk məyus edib. Daha sonra kriminal hərəkətlərini polis mundiri ilə maskalayan A.Əliyev qoçu dəstəsini də polis orqanlarına yeritməyə müəssər olur. Kriminal dünya ilə polis fəaliyyətini sintez edən Adil Əliyev artıq istədiyi adamı tuta, döyə, pulunu, malını əlindən ala bilərdi.

1994-cü ildən Səbail rayon polis idarəsinin 39-cu polis bölməsində rəis müavini kimi işə başlayan dəstə başçısı A.Əliyev qoçu rəis müavininin hazırkı biznesinin başlanğıc kapitalını məhz bu vaxtlar topladığı bildirilir. A.Əliyevin şəxsən iştirakı ilə uğurlu biznesmenlər şərlənərək tutulur, daha sonra birbaşa 39-cu bölmədə linc edilərək varı-yoxu, hətta evləri belə əllərindən alınaraq küçəyə buraxılırdılar. Əlacsız qalan, yuxarı instansiyalara şikayət etməkdən qorxan onlarla belə insanın məcburiyyət qarşısında qalaraq ölkəni tərk etdiyi haqda həmin şəxslərin özlərinin təsdiqlədiyi faktlar var.

Artıq şəhərin mərkəzi rayonunda quldur-polis imici qazanmış A.Əliyev cinayətlərinin üstünün gec-tez açılacağını anlayaraq qardaşının köməyi ilə Nəqliyyatda Baş Polis İdarəsinin Bərə keçid bölməsinin rəisi keçir. Qanunsuz əməllərini burada da özünəməxsus tərzdə həyata keçirməsi qısa müddət ərzində Bakı-Krasnovodsk, Bakı-Şevçenko marşrutu ilə üzən bərələrin boş qalmasına gətirib çıxarır. Bərənin xidmətindən istifadə edən biznesmenlər “Adil Əliyev faizi” ucbatından öz mallarını daha təhlükəli olan Çeçenistan marşurutu ilə aparıb-gətirməyə başlayırlar.

Məlumatlara görə, A.Əliyevin dəstəsi dəniz vağzalında dəfələrlə xərac verməkdən imtina edən şəxsləri vəhşicəsinə döyüblər. Bərələrin boş qaldığını, gəlirin ciddi şəkildə azaldığını görən Xəzər Dəniz Gəmiçiliyinin rəhbəri Aydın Bəşirovun işə qarışması ilə A.Əliyevi və onun 39-cu bölmədən Bərə polisinə gətirdiyi bandit dəstəsi buradan da uzaqlaşdırılırlar.

Daha sonra o Binəqədi rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə bölməsinin rəisi təyin edilir. Bir neçə il də burada cinayətkar fəaliyyətini polis mundiri altında davam etdirən A.Əliyev daha sonra başının dəstəsi ilə birlikdə Yasamal polisinə göndərilir. 2003-cü ildə Nərimanov polis idarəsinin 16-cı bölməsinin rəisi təyin edilən A.Əliyev burada da öz “dəsti-xətti” ilə yaddaşlarda qalır. 2005-ci ildə artıq adının kriminal söhbətlərdə tez-tez çəkildiyini nəzərə alaraq A.Əliyev polis orqanları ilə vidalaşır.

10 ildən çox müddətdə polis mundiri ilə qanunsuz yollarla qazandığı milyonlarla pulu biznesin müxtəlif sahələrinə yatıraraq burada leqallaşdırır. Biznesini qorumaq və düşmənlərindən də qorunmaq üçün siyasi fəaliyyətə başlayan Əliyev 2005-ci ildə Milli Məclisə deputat seçilir. Artıq üç müddətdir ki, MM-in deputatı olan kriminal keçmişli Adil Əliyevin yenidən deputat olmaq istədiyi bildirilir.“  (olke.az)

az24saat.org

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button