Aqil Hümbətovdan yeni məlumat var
Hazırda həbsdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Aqil Hümbətovla bağlı yeni şikayət səslənir.
Yaxınlarının iddiasına görə, Aqil Hümbətov deyib ki, Xəzər Rayon Polis İdarəsində ağır işgəncələrə məruz qalıb : “Aqil Hümbətov xəbər göndərib ki, onu soyundurub zorlayacaqları ilə hədələyiblər”.
Vurğulandığına görə,A.Hümbətov məhz buna görə etirafedici ifadələrə qol çəkdiyini iddia edib. Üstəlik, onun özünə qarşı irəli sürülən ittihamları rədd etdiyi bildirilir.
Avqustun 16-da vəkil Nemət Kərimli də həbs olunmuş Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Aqil Hümbətovla Şüvəlanda saxlandığı 3 saylı İstintaq Təcridxanasında görüşüb. O, görüşlə bağlı geniş danışmaq istəmyib, yalnız onu deyib ki,müdafiə etdiyi şəxslə bağlı prokurorluğa şikayət verilib.
DİN təkzib edir
Bu deyilənlərlə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Kütləvi informasiya vasitələri və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev isə “Turan” Agentliyinə bildirib ki, həmin iddialar əsassızdır: “Heç bir halda istintaq orqanında şübhəli bilinən, ittiham olunan şəxsi fiziki təzyiqə məruz qoymağa ehtiyac yoxdur. İddialar əsassızdır. Həmin başlanmış cinayət işi üzrə əməliyyat-axtarış tədbirləri davam etdirilir”.
E.Hacıyev həmçinin əlavə edib ki, vətəndaşın istintaqın gedişatı ilə bağlı hər hansı narazılığı varsa onun şikayət etməyə hüququ var.
Yaxınları Aqil Hümbətovun şərləndiyini bildirir
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Aqil Hümbətovun hazırda Şüvəlan təcridxanasında saxlanır Mməhkəmənin qərarı ilə onun haqqında 4 aylıq həbs-qətimkan tədbiri seçildiyi deyilir.
Cəbhəçi fəal bıçaqlamada günahlandırılır
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Aqil Hümbətov avqustun 11-də saxlanıb. Bu barədə AzadlıqRadiosuna onun həyat yoldaşı Aygün Hümbətova məlumat verib. Onun sözlərinə görə, A.Hümbətov dünən, avqustun 11-də axşam evə gəlib şam yeməyini yeyib, evdən çıxıb və geri qayıtmayıb: “Gecə mənə Xəzər rayon Polis İdarəsindən zəng vurub bildiriblər ki, Aqil cinayət törətməkdə şübhəli bilinərək saxlanıb”.
Lakin həyat yoldaşının vurğulamasına görə, A.Hümbətovun nədə şübhəli bilindiyi ona deyilməyib.