“Azərbaycan və Türkiyənin bir-birlərinin uğuruna ehtiyacı var”
Rövşən Rzayev: “Türkiyənin zəifləməsini istəyən qüvvələr ona mane ola bilməməlidir”
Məlum olduğu kimi, bu gün Türkiyədə Cümhuriyyət Bayramıdır. Maraqlıdır, çağdaş Türkiyə Cümhuriyyətinin Azərbaycan üçün əhəmiyyəti nədən ibarətdir? Ötən müddət ərzində bu əhəmiyyət azalıb, yoxsa artıb?
Moderator.az-a açıqlama verən millət vəkili Rövşən Rzayev Türkiyə və Azərbaycanın bir-birləri üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğuladı:
“Ilk növbədə Cümhuriyyət Günü münasibəti ilə Türkiyə xalqını təbrik edirəm. Bu, hər bir müstəqil dövlət üçün çox böyük bir bayramdır. Eyni zamanda, Azərbaycanla qardaş olan Türkiyənin daha güclü bir dövlət olmasını arzulayıram. Tarixin bugünkü dönnəmində Azərbaycan və Türkiyənin hər zaman bir yerdə olmasını istərəm. Azərbaycanın uğurları Türkiyə üçün çox vacibdir. Türkiyənin də uğurları Azərbaycan üçün olduqca vacibdir. Bu gün Türkiyənin qüdrəti yetərincə böyükdür. Lakin mən istərdim ki, bu qüdrət daha da artsın.
Türkiyənin son vaxtlar üzləşdiyi problemlərdən tez bir zamanda qurtulmasını arzulayıram. Türkiyənin zəifləməsini istəyən qüvvələr ona mane ola bilməməlidir. Bundan ötrü isə Türkiyə xalqı öz güc və biliyini nümayiş etdirməyi bacarmalıdır. Necə ki, yay aylarında demokratiyanı qorumaq üçün xalqın birliyi zəruri oldu. Türkiyə xalqının bundan sonra da bu cür birlik və bərabərlik içində olmasını arzu edirəm”.