Loading...
Loading...
Gündəm

Azərbaycanda matəm günü qeyd olunur

20 Yanvar hadisələrində 134 nəfər həlak olub

Yanvarın 20-si Azərbaycanda matəm günü kimi qeyd olunur.

32 il əvvəl, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə SSRİ hərbi qüvvələrinin Bakıda dinc əhalini atəşə tutması nəticəsində 134 nəfər həlak olub.

Rəsmi məlumatlara əsasən, SSRİ rəhbərliyinin göstərişi ilə Bakıya 35 minlik ordu korpusu yeridilib. Məqsəd Azərbaycandakı kommunist rejimini xilas etmək və milli-azadlıq hərəkatını boğmaq idi.

SSRİ Müdafiə Nazirliyi, DİN və DTK tərəfindən hazırlanan əməliyyat “Zərbə” adlanırdı. Məlumatlara görə, əməliyyatda əsas rolu “ALFA” xüsusi təyinatlı qrup və SSRİ DTK-nın təxribat qrupları oynayıb.

Qoşunların Bakıya yeridilməsi üçün əsas bəhanələrdən biri yanvarın 13-15-də baş vermiş erməni qiyamları olmuşdu. Lakin qoşunlar gələnə kimi bu qiyamlar dayandırılmışdı. Nəticədə 134 mülki şəxs öldürüldü, 700-dən çox adam yaralandı. Daha 13 nəfər Neftçala və Cəlilabadda həlak olub.

Bundan əvvəl isə – yanvarın 26-da SSRİ qoşunlarının hücumu nəticəsində Lənkəran Xalq Cəbhəsinin (LXC) üç üzvü həlak olub, daha iki nəfər isə sürdükləri motisikletdə odlu silahla qətlə yetirilib.

Aksiyalardan sonra LXC-nin 37 üzvü həbs olunaraq helikopter vasitəsi ilə Bakıya, oradan da Rusiyanın Ulyanovsk həbsxanasına aparılıb. Həmin 37 nəfərə ağır işgəncələr verilib.

Onlardan Tariyel adlı cəbhəçi helikopterdə boğularaq ölüb, digər 36 nəfər isə təqribən bir aydan sonra Lənkərana qaytarılıb.

20 Yanvar faciəsinə görə keçmiş SSRİ və Azərbaycan SSR-nin rəhbərliyindən heç kim məsuliyyətə cəlb olunmayıb.

1992-ci il yanvarın 14-də Azərbaycan Baş Prokurorluğu ozamankı Cinayət Məcəlləsinin bir neçə maddəsi üzrə cinayət işi qaldırıb: 94 (ağırlaşdırıcı şəraitdə qəsdən adam öldürmə), 149 (əmlakın qəsdən məhv edilməsi), 168 (hakimiyyət və vəzifə səlahiyyətini aşma), 255 (hakimiyyətdən istifadə etmə və aşma).

Heydər Əliyevin hakimiyyəti dövründə Azərbaycan parlamenti də yanvar hadisələrinə siyasi-hüquqi qiymət verib. Buna görə məsuliyyət Mixail Qorbaçov da daxil olmaqla, SSRİ-nin keçmiş rəhbərlərinin, həmçinin Azərbaycan KP MK-nın birinci katibi Əbdürrəhman Vəzirovun, Nazirlər Sovetinin sədri Ayaz Mütəllibovun üzərinə düşüb.

Ancaq Yevgeni Primakovun adı faciə günahkarlarının siyahısından çıxarılıb.(Meydan.TV)

Gözdən qaçırmayın:  Rus zabitləri və Kadırovçular yanlışlıqla bir-birlərini qırıblar - TƏFƏRRÜAT

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button