2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
İqtisadiyyat

Bakıda ‘exchange’lərin fəaliyyəti bərpa olunur

Bakının müxtəlif ərazilərində valyutadəyişmə məntəqələrinin (exchange) fəaliyyəti bərpa edilib. Məntəqədə çalışanların “Yeni Müsavat”a verdikləri məlumata görə, onlara fəaliyyətlərinin bərpası ilə bağlı bir neçə gün öncədən icazə verilib. Həmçinin qeyd etdilər ki, bundan sonra məntəqələrin fəaliyyətində heç bir problem olmayacaq.

İddia olunur ki, “exchange”lərin  fəaliyyətlərinin bərpası, ölkədə keçirilən “Formula-1” yarışları ilə əlaqədardır. Belə ki, məqsəd gələn turistlərin xarici valyutanı rahat dəyişə bilmələrinə şərait yaratmaqdır.
Mövzu ilə bağlı “Yeni Müsavat”a Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov  aşağıdakıları bildirdi:
“Hazırda iqtisadi şərait belədir ki, “Maliyyə Bazarlarına Nəzarət Palatası ümumiyyətlə, banklarla əlaqədar apardığı proqramı hələ açıqlamayıb. Valyuta dəyişmə məntəqələrinə ehtiyacın olub-olmaması da hələ  sual altındadır. Çünki devalvasiya prosesində valyuta dəyişmə məntəqələrində çox ciddi məsələlər baş verdi. İstənilən qiymətə  satış etdilər ki, insanlar da bundan əziyyət çəkdilər. Ona görə də ola bilər ki, hazırda məntəqələrin fəaliyyəti müvəqqətidir. Bütün dünyada olduğu kimi, Azərbaycanda da valyuta  dəyişmə banklarda, istirahət mərkəzlərində, poçt sistemində və digər bu kimi ictimai yerlərdə olmalıdır ki, insanlar  rahat şəkildə valyutalarını dəyişə bilsinlər. Dünyada belədir ki, istənilən yerdə valyuta dəyişə bilmərsən. Yalnız rəsmi şəkildə, yuxarıda söylədiyim yerlərdə buna şərait yaradılmaldır”.
İqtisadçı ekspert Rəşad Həsənov isə hesab edir ki, “exchange”lərin fəaliyyətinin bərpa edilməsi vacibdir:
“Azərbaycanda düşünürdülər ki, hansısa formada avtomatlaşdırılmış “exchange”lər quraşdırılsın. Lakin bu, uzunmüddətli prosesdir. Eyni zamanda hazırda buna ciddi ehtiyac da yoxdur.  Banklarda bir çox hallarda valyutanın dəyişdirilməsi Mərkəzi Bankın təlimatına uyğun şəkildə müəyyənləşdirilir. Bu isə 100 ABŞ dollarında 7-8, bəzən isə 9 manat itkiyə səbəb olur. Başqa formada fəaliyyət göstərən, hətta qeyri-leqal bazarın özündə  də bu belə  deyil. Müşahidə  edilən bu oldu ki, əslində “exchange”lərin yığışdırılması banklar üçün rəqabətsiz bazar formalaşdırdı. Nəticədə onlar valyuta konvertasiyası zamanı ciddi gəlir  marağında oldular. Bu baxımda bazarda rəqabəti artırmaq məqsədi ilə hesab edirəm ki, valyuta dəyişmə məntəqələrinin yenidən bərpasına ehtiyac var. Artıq ölkənin digər şəhərlərində, misal üçün Gəncədə hətta bir neçə ay öncədən valyuta dəyişmə məntəqələri fəaliyyətə başlayıblar. Bakıda  isə müəyyən qədər nəzarətin güclü olması ilə əlaqədar faktiki fəaliyyət göstərmirdi. Hesab edirəm ki, növbəti dövrlərdə fəaliyyətdə olan “exchange”lərin sayı daha da artacaq. Bəli, “exchange”lərin fəaliyyət  göstərməməsi və ya bəzi hallarda bankların xarici valyuta satışından imtina etməsi kimi hallar  özlüyündə ictimaiyyətə ajiotaj yaradırdı. Bu da  xarici valyutaya psixoloji tələbin artmasına səbəb olurdu. Lakin hesab edirəm ki, artıq bu kimi hallar müşahidə olunmayacaq”.
Ekspert bildirib ki, təcili şəkildə atılan addımları ölkədə keçirilən yarışma ilə əlaqələndirmək mümkündür: “Çünki ölkəyə gələn turistlər üçün bank şöbələrini axtarıb tapmaq çətinlik yaradır. Digər bir məsələ ondan ibarətdir şənbə və bazar günləri banklar əksər hallarda fəaliyyət göstərmir. Belə olan situasiyada hökumət çox güman ki, təcili qərar qəbul edərək, həmin məntəqələrin fəaliyyətinə start verib. Düşünürəm ki, bundan sonra  da bu proses davam edəcək. Yəni “exchange”lərin fəaliyyəti qısa müddətli olmayacaq.  Uzun müddətdir ki, Mədəniyyət və Turizm nazirliyi ilə hökumət arasında yaranmış ziddiyyətli məqamlardan biri də ölkədə turizm sektorunun “exchange”lərə ehtiyacının olmasıdır. Bunların ləğvi isə ölkəyə gələn turistlərin xərcləmələrinə mənfi təsir göstərir. Bu baxımdan düşünürəm ki, ola bilər ki,  hökumət  həmin məntəqələrin saylarını azaltsın, ancaq fəaliyyətlərini tam dayandırmayacaq”.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button