2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

İmran Əliyevə yeni ittiham verilib |

Yeni ittiham “Meclis.info” ilə bağlıdır

“Meclis.info” saytının həbsdə olan rəhbəri İmran Əliyevə əlavə ittiham verilib. İctimai fəala qarşı Cinayət Məcəlləsinin 206.3.1 (qaçaqmalçılıq – təkrar törədildikdə) maddəsilə yeni ittiham irəli sürülüb. Bu ittihamı aprelin 26-da Bakı İstintaq Təcridxanasında müstəntiq ona elan edib.

İmran Əliyevə bundan əvvəl Cinayət Məcəlləsinin 206.3.2-ci (bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsilə ittiham verilmişdi. O, “AbzasMedia” işi üzrə cinayət məsuliyyətinə cəlb olunub.

Saytların yığılması Saytlarin yigilmasi

Yeni ittiham “Meclis.info” ilə bağlıdır. O, həm “AbzasMedia”ya, həm də “Meclis.info”ya münasibətdə pul qaçaqmalçılığında ittiham olunur.

İttihama əsasən, İmran Əliyev hər iki media orqanına ayrılmış qrant vəsaitlərinin gizli yolla ölkəyə gətirilməsində iştirak edib.
Lakin İmran Əliyev özünü təqsirli bilmir, bu ittihamların əsassız olduğunu deyir. O, özünü ölkədə müstəqil jurnalistlər və ictimai fəallara qarşı repressiyaların növbəti hədəfi hesab edir.

İmran Əliyev aprelin 18-də Türkiyəyə gedərkən Bakıda hava limanında saxlanılaraq, Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşlarına təhvil verilib. Həmin gün gecə saatlarında onun yaşadığı evdə axtarış aparılıb. Aprelin 19-da məhkəmədə onun haqqında həbs qərarı çıxarılanda İmran Əliyev bildirib ki, polislər tərəfindən işgəncəyə məruz qalıb, bədəninə elektrik cərəyanı verilib. Məhkəməyə gətiriləndə onun üzərində xəsarət izləri aşkar görünüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidməti İmran Əliyevin işgəncəyə məruz qalması barədə deyilənləri təkzib edib. Bu qurumdan bildirilib ki, deyilənlər əsassızdır.

Korrupsiya araşdırmalarıyla tanınan “AbzasMedia” işi üzrə həbslər noyabrın 20-dən başlayıb. Öncə saytın direktoru Ülvi Həsənli, direktor müavini Məhəmməd Kekalov, baş redaktoru Sevinc Vaqifqızı həbs edilib. Daha sonra həbslər araşdırmaçı jurnalist Hafiz Babalı, Nərgiz Absalamova və Elnarə Qasımova ilə davam edib. Onlar da Cinayət Məcəlləsinin 206.3.2-ci (bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsilə ittiham olunur.

Bu maddənin sanksiyasında 5 ildən 8 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Noyabrın 20-də Ülvi Həsənli saxlandıqdan sonra “AbzasMedia”nın ofisində axtarış aparılıb. Saytın ofisindən 40 min avro pul tapıldığı iddia olunub.

Ülvi Həsənli isə orada pul olmadığını, 40 min avronun ofisə onu tapdığını iddia edənlərin özləri tərəfindən qoyulduğunu bildirib.

Adları çəkilən jurnalistlərin heç biri özünü təqsirli bilmir, “AbzasMedia”da prezidentin ailə üzvləri də daxil olmaqla, bir sıra vəzifəli şəxslərin biznesi, korrupsiya ilə bağlı araşdırmalara görə cəzalandırıldıqlarını bildiriblər.

“AbzasMedia”dan sonra “Kanal 13” internet televiziyasının rəhbəri Əziz Orucov və bu qurumun əməkdaşı Şamo Eminov da qaçaqmalçılıq ittihamıyla həbs olundu. Hazırda onların işi üzrə istintaq Səbail Rayon Polis İdarəsində davam edir.

Martın 6-da isə “Toplum TV” kanalının bir qrup əməkdaşı eyni ittihamla həbs edilib. “Toplum”un redaksiyasından və ayrı-ayrı əməkdaşların evindən axtarış zamanı müxtəlif məbləğlərdə pul tapıldığı iddia olunur.

Onlar isə bu ittihamı rədd edir, tapıldığı iddia edilən pulların evlərə və ofisə axtarışı aparan polislərin özləri tərəfindən qoyulduğunu bildirirlər.

Xural

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button