2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Beynəlxalq Media Günü və Azərbaycandakı həbslər |

Müstəqil mediada çalışanların əksəriyyəti həbsdədir

Bu gün – mayın 3-ü dünyada Beynəlxalq Media Günü kimi qeyd edilir. Bəs Azərbaycanda bu gün necə qeyd olunur?

Ötən ilin sonundan başlayaraq Azərbaycan hökuməti müstəqil, azad mediaya basqı edir.
Müstəqil media 2023-cü ilə “AbzasMedia”ya basqı ilə yekun vurdu, yeni il isə “Toplum TV”-nin ofisinə basqın, əməkdaşlarının həbsi ilə başladı.

Saytların yığılması Saytlarin yigilmasi

Belə ki, ötən il, noyabrın 20-də “AbzasMedia”nın direktoru Ülvi Həsənli, onun müavini Məhəmməd Kekalov, noyabrın 21-də saytın baş redaktoru Sevinc Vaqifqızı, noyabrın 30-da reportyor Nərgiz Absalamova, dekabrın 13-də araşdırmaçı jurnalist Hafiz Babalı saxlanılıb. Ancaq sözügedən cinayət işi üzrə həbslər bu il də davam edib.

Foto: “AbzasMedia”

Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb, barələrində həbs qətimkan tədbiri seçilib. Məhkəmə istintaq zamanı prokurorluğun ittihamlarını qəbul etsə, jurnalistləri 8 ilədək həbs cəzası gözləyir.

Jurnalistlər ittihamları rədd edir, həbslərini “AbzasMedia”da hökumət rəsmiləri ilə bağlı dərc olunan korrupsiya araşdırmaları ilə əlaqələndirirlər.

İl həbslə başladı

İlin ilk rübündə də həbslər, ölkədən çıxışa qoyulan qadağalar, bank hesablarının bloklanması, ailə üzvlərinin sıxışdırılması eyni templə davam edib.

Yanvarın 13-də “AbzasMedia” işi ilə bağlı cinayət işi üzrə şahid qismində dindirilmək üçün çağırılan jurnalist Elnarə Qasımova şübhəli şəxs qismində saxlanılıb.

Source: zamollxis/shutterstock

“AbzasMedia” işi üzrə həbsdə olan digər 5 jurnalist kimi, o da Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsilə ittiham olunub. Bu günədək azadlığa buraxılmayıb.

Yanvarın 15-də jurnalist, siyasi icmalçı Şahin Rzayev həbs olunub. Ona qarşı Suraxanı Rayon Məhkəməsinin qərarıyla 15 sutka inzibati həbs cəzası verilib. O, İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535.1 (polisin qanuni tələbinə tabe olmama) maddələrilə ittiham olunub. Bir gün sonra Bakı Apelyasiya Məhkəməsi onun haqqında 15 günlük həbs qərarını dəyişib. Cəzası 50 manat cərimə ilə əvəzlənib və məhkəmə zalından azadlığa buraxılıb.

Həbs müddəti uzadılıb

Fevralın 21-də “Kanal 13” internet televiziyasının həbsdə olan rəhbəri Əziz Orucovun istintaq dövründə həbsdə saxlanma müddəti artırılıb.

Əziz Orucov, foto: Meydan TvƏziz Orucov, foto: Meydan Tv
Əziz Orucov, foto: Meydan TV

Fevralın 24-dən başlayaraq “AbzasMedia” işi üzrə həbs edilən bütün jurnalistlərin həbs müddətləri daha 3 ay artırılıb.

Redaksiyaya polis basqını

Martın 6-da müstəqil media qurumu olan “Toplum TV”-nin ofisinə polis basqın edib, əməkdaşların telefonları əllərindən alınıb, axtarış aparılıb, eyni zamanda kanalın əməkdaşları saxlanılıb.

“Toplum TV” ilə bağlı da CM-nin 206.3.2-ci (qaçaqmalçılıq) maddəsilə cinayət işi açılıb. Axtarış həmçinin ötən ilin sonunda yaradılmış “III Respublika” platformasının ofisində də aparılıb.

Polislər Toplum TV-nin qapadılması prosesində. Foto: Ülviyyə Əli

Bu işə görə Akif Qurbanov, Ruslan İzzətli, Ələsgər Məmmədli, Müşfiq Cabbar, Əli Zeynal, Ramil Babayev, Elmir Abbasov və İlkin Əmrahov həbs edilib.

Hər birinin evində axtarış aparılıb və “pul tapılıb”.

Daha sonra “Toplum TV”-nin baş redaktoru Xədicə İsmayılova dindirilib.

Özünə qəsd, hökm…

Martın sonunda “Kanal 13” internet televiziyasının həbsdə olan əməkdaşı Şamo Eminovun özünə qəsd etdiyi barədə məlumat verildi.

Vəkili Elçin Sadıqov ona istinadla bildirdi ki, “o, təhqirlərə dözməyərək intihara cəhd edib”.

Şamo Eminov. Foto: Şamo Eminovun arxivindən

Apreldə Xaçmazda yaşayan və müxtəlif media orqanları üçün şimal bölgəsində baş verən hadisələrlə bağlı materiallar hazırlayan jurnalist Cəmil Məmmədlinin məhkəməsi başa çatıb.
10 aya yaxındır davam edən məhkəmənin sonunda, aprelin 17-də Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hökm oxunub. Hakim Fəhmin Hümbətovun sədrliyilə çıxarılan hökmə əsasən, Cəmil Məmmədli 6 il 2 ay azadlıqdan məhrum edilib.

Cəmil Məmmədliyə Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələbetmə) maddəsilə bəraət verilib. O, Cinayət Məcəlləsinin 178 (dələduzluq) və 221-ci (xuliqanlıq) maddələrilə isə təqsirli bilinib.

Jurnalist özünü yalnız xuliqanlıq ittihamı üzrə təqsirli bilir. Digər ittihamların isə əsassız olduğunu deyir.

Ölkədən çıxışa “stop!”

“Meclis.info” saytının rəhbəri İmran Əliyev aprelin 18-də axşam saatlarında Heydər Əliyev adına Beynəlxalq Hava Limanında saxlanılıb.

Aprelin 19-da Xətai Rayon Məhkəməsində onun haqqında ilkin istintaq dövrü üçün 2 aylıq həbs qətimkan tədbiri seçilib.

İmran Əliyev məhkəməyə gətirilərkən onun üzərində xəsarət izləri olub. O, zorakılığa məruz qaldığını bildirib.

İmran Əliyev. Foto: Meydan TV

İmran Əliyev “AbzasMedia” nəşri ilə bağlı cinayət işi üzrə məsuliyyətə cəlb edilib. Bu iş üzrə həbsdə olan digər jurnalistlər kimi ona qarşı da Cinayət Məcəlləsinin 206.3.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsilə ittiham irəli sürülüb. O, Azərbaycanda qeydiyyatdan keçirilməyən qrant müqavilələrilə vəsaitlərin alınması və ölkəyə qaçaqmal yoluyla gətirilməsində ittiham olunub.

Həbs olunan jurnalistlər özlərini təqsirli bilmir, peşə fəaliyyətlərinə görə sıxışdırıldıqlarını deyirlər.

Mayın 3-də, yəni Beynəlxalq Mətbuat Günü isə jurnalist Nigar Mübariz  ABŞ-a gedərkən hava limanında saxlanılıb və ona ölkədən çıxışına qadağa qoyulduğu bildirilib.

Foto: Nigar Mübarizin şəxsi arxivindən

Beynəlxalq təşkilatlar bu qərarları istintaqın əsassız aparılması ilə əlaqələndirib, jurnalistlər üzərində təzyiq olduğunu bildiriblər.

Qərb, ABŞ, insan haqları təşkilatları Azərbaycan hökumətinə çağırışla haqsız yerə həbs edilən jurnalistləri azad buraxmasını söyləsə də, nəinki kimisə sərbəst buraxmaq, basqıları daha da artırıblar.

Media sahəsi üzrə mütəxəssis, hüquqşünas Xalid Ağəliyev deyir ki, ümumi yanaşdıqda, Azərbaycanın media sahəsində bu il xüsusi ciddi dəyişikliklər olmayıb. İllərdir ki, bu sahə çox ciddi problemlidir, bunu media azadlığı ilə bağlı son 10-15 ilin indeksləri də aydın göstərir:

Xalid Ağəliyev. Foto: Meydan TV

“Medianın azadlığı üçün təməl şərtlərdən olan maliyyə dayanıqlılığı, reklam gəlirləri yox dərəcəsindədir. Medianı qoruyan qanunların işləməsi problemlidir. Belə bir vəziyyətdə 1-2 addım geri və ya irəli getmək ümumi mənzərəyə ciddi təsir etmir. Bu baxımdan pozitiv nələrdənsə danışmaq mümkün deyil”.       

Hüquqçu bildirir ki, son illərdə medianı düzənləyən qanunların dəyişdirilməsini, son aylarda azad media təmsilçilərinə qarşı baş verənlərin, həbslərin işığında ümumi mənzərənin daha da pisləşdiyini, ölkəmizin azad media üçün əlverişli mühitdən daha da uzaqlaşdığını demək mümkündür.

Xural

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button