Loading...
Loading...
Gündəm

“Bıçaqla hücum çəkib, ağacla döyərək xəstəxanalıq edib, cəzasız qalıb”

Gədəbəy sakini polisin hərəkətsizliyindən şikayətçidir

“Ötən il dekabrın 27-də üzərimə bıçaqla hücum edib, bu il yanvarın 20-də çay yolunda tutub döyərək məni xəstəxanalıq edib, polis heç bir addım atmır”.

Gədəbəyin İnəkboğan kənd sakini Asif İbrahimovun şikayəti Gədəbəy Rayon Polis Şöbəsindəndir. 

O, Meydan TV-yə danışır ki, həmkəndlisi və qonşusu olan bir nəfər ona iki dəfə hücum edib, birinci dəfə bıçaqla hədələyib, ikinci dəfə döyüb. Ancaq Gədəbəy Rayon Polis Şöbəsi nə birinci, nə də ikinci hadisəylə bağlı heç bir tədbir görmür.

“Məni bıçaqla qabağına qatdı”

Asif İbrahimovun sözlərinə görə, qonşusu ilə onun arasında şəxsi zəmində mübahisə düşüb: “Dekabrın 27-də yaşadığım ünvana gəldi, əlində bıçaq vardı, üstümə cumdu, dedi, niyə ortalıqda söz gəzdirirsən. Bildirdim ki, o məsələdə ki, məni günahlandırır, mənim heç bir günahım yoxdur, ona yalan danışıblar, mənim üzərimə göndəriblər. Məni bıçaqla qabağına qatdı, qaçdım. Bununla bağlı DİN 102 Xidmətinə zəng vuraraq məlumat versəm də, heç bir nəticəsi olmadı. Nə izahatım alındı, nə onu dindirən oldu… Növbəti dəfə yanvarın 20-də heyvanları suvarmaq üçün çaya aparanda yenə yolumu kəsdi”.

“Ağacla döyərək xəstəxanalıq etdi”

Asif İbrahimov deyir, qonşusu bu dəfə ondan ötən dəfəkinə görə niyə polisə şikayət etdiyini soruşub və ona təpiklə, yumruqla xəsarətlər yetirib. Başqa bir qonşu hadisə yerinə çataraq onu zərbələrdən xilas edib: “Qonşum yaxınlıqda olub hadisədən xəbər tutmasaydı, məni döyə-döyə öldürəcəkdi. Əvvəl boğazımdan yapışdı, məni boğmaq istədi. Sonra başıma, qarnıma, böyrəklərimə, ciyərlərimə təpiklər, yumruqlar vurdu. Bu azmış kimi, taxta parçasıyla da döydü. Zərbələrdən huşumu itirmişdim. Məni təcili yardım maşınıyla Gədəbəy Rayon Mərkəzi Xəstəxanasına götürdülər”.

“Polis deyir, silləyə, təpiyə görə cinayət işi başlanmır”

Asif İbrahimov deyir, bu dəfə Gədəbəy Rayon Polis Şöbəsindən gələrək xəstəxanada ondan izahat alıblar. Hadisədən bir həftə ötüb, bu müddət ərzində polis bir daha onun vəziyyətilə maraqlanmayıb: “Bütün daxili orqanlarım əzilib. Hazırda göndəriş vərəqəsiylə Gəncəyə Abbas Səhhət adına Xəstəxanaya gəlmişəm. Birinci dəfə üstümə cumanda polis gəlib dedi ki, bir silləyə, təpiyə görə heç kimə cinayət işi açmırlar. Başa düşə bilmirəm, gərək adam adamı vurub öldürə, ondan sonra cinayət sayıla? Mən küçədə sərbəst gəzə bilmirəm. Kim zəmanət verir ki, o adam cəzasız qalmağından arxayınlaşıb mənə növbəti dəfə hücum etməyəcək?”

Gədəbəy Rayon Polis Şöbəsindən isə Meydan TV-yə bildiriblər ki, Asif İbrahimovun döyülmə faktına görə araşdırma aparılır. Həm Asif İbrahimovun, həm şikayətçi olduğu Eşqin Ələkbərovun, həm də şahidlərin izahatları alınıb. 

Gözdən qaçırmayın:  Azərbaycanın Xarkovdakı konsulluğunun yaxınlığına raket düşüb

Ekspertiza rəyi daxil olduqdan sonra növbəti hüquqi addımlar atılacaq.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button
Telegram kanalımıza abunə olun