24 saat en son xeberler - Xeberler platformasi

ÖLKƏGündəm

Cəbhəçi işgəncələrə məruz qaldığını deyir

Hazırda həbsdə olan AXCP üzvü Şahin Hacıyev saxlanandan sonra işgəncələrə məruz qaldığını iddia edir.

“Turan”ın xəbərinə görə, o bunu bu gün, yanvarın 13-də Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən hazırlıq iclası zamanı bildirib. Ş.Hacıyev Cinayət Məcəlləsinin 234.4.3-cü (böyük ölçüdə narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddəsi ilə ittiham olunur.

İclasda o, məhkəməyə bununla bağlı yazılı müraciət təqdim edib. O, həmçinin bildirib ki, cinayət işinin materialları ilə tanış olmayıb və ittiham aktı ona təqdim edilməyib. Məhkəmə bunu nəzərə alaraq prosesi yanvarın 21-nə təxirə salıb.

Vəkil Zabil Qəhrəmanov isə agentliyə bildirib ki, Ş.Hacıyev istintaq təcridxanasına daxil olarkən ekspertiza onun ayağında travma olduğunu təsdiq etsə də, prokurorluq bununla bağlı cinayət işi açmaqdan imtina edib.

Məhkəmədə işgəncə ilə bağlı səslənən fikirlərə, hələlik, Daxili İşlər Nazirliyi və Baş Prokurorluqdan münasibət almaq mümkün olmayıb. Amma Azərbaycan hüquq-mühafizə orqanları işgəncələrlə bağlı şikayətləri, əsasən, qəbul etmirlər.

Xatırlatma

AXCP üzvü, şahmat müəllimi Şahin Hacıyevi Gəncədə polis ötən il noyabrın 26-da saxlamışdı. Onda AXCP-dən bildirilmişdi ki, onun evində axtarış aparılıb: “Özünü isə qollarına qandal vurub aparıblar. Bizdə olan məlumata görə, ona narkotik ittihamı ilə cinayət işi açmaq istəyirlər”.

Müxalifətdə olan AXCP-nin hazırda beşə qədər fəalı müxtəlif ittihamlarla uzunmüddətli həbsdədir. AXCP onların şərlənərək siyasi sifarişlə həbs edildiyini açıqlayıb. Amma rəsmilər ölkədə siyasi məhbusların olması fikrini qəbul etmir. Rəsmilər vurğulayırlar ki, elə dəyərləndirilənlər məhz törətdikləri əmələ görə məsuliyyətə cəlb ediliblər.

Mənbə: AzadlıqRadiosu
“24 saat”

Bənzər məqalələr

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button