Cəmil Məmmədli həbs edildi

Xaçmazda fəaliyyət göstərən jurnalist Cəmil Məmmədli həbs edilib.

“24 saat”-ın əldə etdiyi məlumata görə, bu barədə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi qərar qəbul edib.

24.08.2023 tarixində keçirilən hazırlıq iclasında prokuror təqsirləndirilən şəxsin istintaqın gedişinə mane olduğunu, müxtəlif üsullarla zərərçəkmişlərə təsir etdiyini əsas gətirərək həbs edilməsinin zəruri olduğunu deyib.

Hakim Fəhmin Hümbətovun sədrlik etdiyi hakimlər heyəti vəsatəti əsaslı hesab edib.

Qərara əsasən C.Məmmədli  barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilib.

Qeyd edək ki, Cəmil Məmmədli polis tərəfindən cinayət məsuliyyətinə cəlb edilib.

Polisdə aparılan istintaqla C.Məmmədliyə yekun olaraq Cinayət Məcəlləsinin 178.2.4 (dələduzluq-xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 182.2.1 (hədə-qorxu ilə tələb etmə – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) 182.2.2 (təkrar hədə-qorxu ilə tələb etmə) və 221.2.2-ci ( xuliqanlıq) maddələri ilə ittiham irəli sürülüb.

Əlaqədar yazılar