2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

DGK sədri Səfər Mehdiyev bəzi deputatlara fırıldaqçı dedi

24 saat” “Eynulla Fətullayevin söhbətləri” rubrikasın Azərbaycan Dövlət Gömrük Komitəsi sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev ilə müsahibəni təqdim edir.

– Bildiyim qədər, yeni bina artıq bir neçə ildir inşa edilir. Niyə bu tikinti ətrafında ajiotaj məhz indi yaranıb?

– Biz ictimaiyyəti tikintinin başlanması, habelə yeni inzibati binanın tikintisinin səbəbləri ilə bağlı dəfələrlə məlumatlandırmışıq.  Komitənin yarandığı vaxtdan bəri yerləşdiyi köhnə bina, o cümlədən idarəetmə sistemində müasir informasiya texnologiyalarının tətbiqini nəzərə alsaq, bugünkü tələbatlarımıza cavab vermir. Unutmayın, biz rəqəmsal ticarətin, risklərin idarəolunma metodologiyalarının və çoxfunksiyalı operativ fəaliyyətin  gündəlik təkmilləşdiyi dövrdə çalışırıq. Və bizim fəaliyyətimizdə transformasiyalar Ümumdünya Gömrük Təşkilatı və Ümumdünya Ticarət Təşkilatının tələbləri əsasında baş verir.  Sovet dövrünün balaca və köhnə inzibati binasında rəqəmsal texnologiyaların tətbiqini təmin etmək çox çətindir.  Bu, məsələnin bir tərəfidir. Digər tərəfdən, bizim idarənin hər mərtəbəsində sahəsi 15-20 kv.m. olan otaqlarda 5-7 əməkdaş yerləşib.  Gedib baxa bilərsiz.  Ona görə də bizim büdcədən kənar vəsaitlər fondumuzun hesabına yeni inzibati binanın inşası ilə bağlı qərar verildi.  Tikinti işləri bir ilə yaxındır davam edir.

Saytların yığılması Saytlarin yigilmasi

Görünür bizim uğurlarımız və ölkənin iqtisadi təhlükəsizliyinin təmin olunması üçün fəaliyyətimiz kimlərinsə tamahkar maraqlarına toxunur.  Anlaya bilmirəm, axı söhbət dövlətə məxsus binanın tikintisindən gedir.  Bu, kiminsə mülkiyyəti deyil. Və burada bütöv bir idarənin əməkdaşları çalışacaq.  Burada pis nə var? Bizə tez-tez Ümumdünya Gömrük Təşkilatından və digər ölkələrin gömrük xidmətlərindən yüksək vəzifəli qonaqlar gəlir.  Bakıda dünya gömrüyünün müasir çağırışlarına həsr olunan seminarlar, konfranslar, dəyirmi masalar keçirilir.  Yeni binada dünya əhəmiyyətli tədbirlər təşkil olunacaq.  Bu təşəbbüsdə kimlər və niyə mənfi cəhət axtarırlar?  Axı bu, bizim xidmətimizin, ölkəmizin beynəlxalq tərəfdaşlar arasında imicini yüksəldir, elə deyilmi?

Eynulla Fətullayev

– Gömrük Komitəsi – dövlət hakimiyyətinin xüsusən də sosial şəbəkələrdə və aztirajlı mətbuatda permanent olaraq hücumlara məruz qalan orqanlarındandır.  Mayakovskinin sözlərini dəyişdirib demək olar ki, əgər ulduzlar tez-tez yanırsa, deməli, bu, kiməsə lazımdır.  Sizcə, bu hücumlar təşkil olunmuş xarakter daşıyır? Bu hücumların digər fiskal orqanlardan yan keçməsi qəribə deyilmi?  Mən Vergi xidmətinə bu cür hücumları indiyədək görməmişəm…  Sizə və sizin xidmətə bu cür səylə və tezliklə hücum edən kimlərdir?

– Siz çox maraqlı suala toxundunuz.  Bu cür geniş miqyaslı hücumlardan sonra məndə də müəyyən şübhələr yaranır.  Özümə sual verirəm:  doğrudanmı, bu sifarişdir. Ehtimal ki, bəli. Bizim üçün dövlətin maraqları işbazların və inhisarçıların iqtisadi və maliyyə maraqlarından yuxarıdadır.  Üstəlik, prezident İlham Əliyevin rəhbərliyi altında aparılan kölgə iqtisadiyyatı ilə mübarizə siyasəti, şəffaflığın artması, vergidən yayınmaya qarşı mübarizənin gücləndirilməsi hansısa korrupsiyalaşmış qrupların maraqlarına toxunur.

Ancaq mən ruhdan düşmürəm, məqsədə çatmaq üçün dayanmamaq lazımdır.  Və biz ölkənin gömrük sistemində islahatları davam etdiririk.  Bəli, bizdə də mənfi hallara rast gəlinir.  Ancaq biz bununla mübarizə aparırıq, hər bir faktı ictimaiyyətin və hüquq-mühafizə orqanlarının mühakiməsinə təqdim edirik.  O ki qaldı böhtançı hücumlara, biz bu kampaniyaların təşkilatçıları ilə mübarizə aparmayacağıq.  Bizim yeni uğurlarımız onlara ən yaxşı cavabdır.

– Sosial şəbəkələrdəki qızğın mübahisələrin doğurduğu bu müqəddimədən sonra əsas konseptual problemlərə keçək.  Bəllidir ki, iqtisadiyyatın inkişafı fiskal (vergi və gömrük yığımları) və pul-kredit siyasəti sahələrində qəbul olunan qərarlardan asılıdır. Həyata keçirilən fiskal siyasət monetar siyasətlə ziddiyyət təşkil etməməlidir. Bu məsələ ilə bağlı vəziyyət bizim ölkəmizdə necədir?  Bu qarşılıqlı əlaqənin tədqiqi necə həyata keçirilir?  Bu qarşılıqlı əlaqənin ölkəmizin iqtisadiyyatında əksini tapdığına siz nə dərəcədə əminsiniz?

– Tam əminliklə deyirəm ki, bizim ölkəmizdə uğurlu fiskal və monetar siyasət aparılır, makroiqtisadi proseslər uğurla tənzim olunur.  Azərbaycan 2008-ci ildən başlayaraq dünya maliyyə piramidasının çökməsi, neft qiymətlərinin kəskin düşməsi, maliyyə böhranı və pandemiyanın yaratdığı əlverişsiz vəziyyətlə əlaqədar olan bir neçə mürəkkəb iqtisadi böhranın öhdəsindən gələ bilib.  Şübhəsiz, dünya iqtisadiyyatının yaşadığı şok Azərbaycan iqtisadiyyatına da təsirsiz ötüşməyib.

Ancaq nəticələrdən danışaq.  Azərbaycan uğurlu makroiqtisadi, həmçinin fiskal və monetar siyasət hesabına böhranın dərinləşməsindən qaça bilib, vəziyyəti düzəldib və iqtisadi artımı (o cümlədən, qeyri-neft sektorunda) təmin edib. Bu, prezident İ.Əliyevin böyük xidmətidir.  Pul-kredit siyasətinin həyata keçirilməsində qabaqlayıcı tədbirlər, o cümlədən valyuta kursunun tənzimlənməsi, məqsədyönlü sərmayə strategiyası hesabına böhranın kulminasiyası dövründə riskləri minimuma endirmək mümkün olub.  Son illərin böyük nailiyyəti neftdən asılılığın zəifləməsi və qeyri-neft sektorunun inkişafıdır.

– Tənqid edənlərin Gömrük Komitəsinə ünvanladığı əsas arqument sərt  gömrük yığımı siyasətinin aparılması ilə bağlıdır.  Yəni, sahibkarlar üçün çətin dövr olan pandemiya dövründə çoxdan gözlənilən liberallaşma baş verməliydi. Bunun əvəzində isə iş adamları daha sərt fiskal siyasətlə qarşılaşdılar.

– Maraqlı sualdır.  Mənim Komitəyə rəhbər təyin olunduğum 2018-ci ildən bəri ölkəyə mal gətirilməsində rüsum və vergilər artırılmayıb.  Statistikanı qaldırıb baxın.  Əksinə, bizim təşəbbüsümüzlə malların, fabrikat və yarımfabrikatların gömrük rüsumundan və ƏDV-dən azad olunması ilə bağlı 20-yə yaxın qərar dərc olunub.  Siyasətin sərtləşdirilməsi ilə bağlı fikirlərlə razı deyiləm.  Söhbət yalnız şəffaflığın, qanunçuluğun, kölgə iqtisadiyyatı və qaçaqmalçılıqla mübarizənin gücləndirilməsindən gedir ki, bu da yığımların  sərtləşdirilməsi siyasətini şərtləndirir.  Biz azad rəqabət prinsipini  bərqərar etmişik və bütün sahibkarlara yerli bazarlara mal gətirmək üçün bərabər imkanlar yaratmışıq.  Bu siyasətin nəticəsində büdcəyə daxilolmalarda artım təmin olunub. Bu, sərtləşmə deyil. Təkrar edirəm, sərtləşmə vergi və rüsumların artırılmasını nəzərdə tutur.  Əksinə, ölkəyə rəqabətə qabil malların ədalətli və qanuni gətirilməsi təmin olunub.  Biz inhisarçılara “Yox” deyirik!  Biz əvvəllər müəyyən məhsulları yalnız özünün gətirəcəyində və birtərəfli qaydada qiymət təyin edəcəyində israrlı olan inhisarçıların arzularını puç etmişik. Bizi heç kim qaçaqmala himayədarlıqda və inhisarçılığı şirnikləndirməkdə ittiham edə bilməz. Mən sahibkarlara müraciət edirəm,  əgər bu cür faktlar varsa, görüşməyə, dinləməyə və dərhal tədbirlər görməyə hazıram.  Bəli, biz sərt siyasət yürüdürük, ancaq bu, sahibkarların maraqlarının müdafiəsi üçündür!

– Daha bir narahatlıq qarşısıalınmaz qiymət artımı ilə bağlıdır.  Ölkədə az qala hər gün ərzaq məhsullarının qiymətində artım müşahidə edilir. Bu narahatlığı bir qədər əvvəl parlamentdəki çıxışında Baş nazir Əli Əsədov da bölüşüb.  Onun fikrinə görə, qiymət artımı Azərbaycan iqtisadiyyatının idxaldan yüksək asılılığı və bütün dünyada ərzaq məhsullarının bahalaşması ilə bağlıdır.  Daha da dərinləşəcək bu vəziyyətdən çıxış yolu milli istehsalın genişləndirilməsində və iqtisadiyyatın idxaldan asılılığını azaltmaqdadır. Nə etməli?

– Xüsusən də ərzaq məhsullarının idxalından asılılığı azaltmaq prezidentin hökumət qarşısında qoyduğu əsas vəzifədir.  Baş nazirin narahatlığı əsassız deyil.  Ancaq biz aqrar sektorda istehsalın artması sahəsində böyük uğurlara nail olmuşuq.  Eyni zamanda, Azərbaycan aqrar istehsalın bir çox sahələrində idxaldan asılılığı nəinki azaldıb, həm də öz mallarını ixrac etməyə başlayıb.  Qeyri-neft sektorunun böyük hissəsini məhz tərəvəzçilik və meyvə ixracı təşkil edir.  Ancaq Baş nazir düzgün vurğulayıb ki, idxal olunan məhsullar inflyasiya və qiymət artımını şərtləndirir və iqtisadi sabitliyi pozur.  Nə qədər ki bizdə idxaldan asılılıq yüksək olacaq,  ərzaq məhsullarının qiymətlərində artım təhlükəsi də qalacaq.  Dünya bazarlarında bəzi ərzaq məhsulları 30-40% bahalaşıb.  Bununla belə təkrarlamaq istərdim ki, Azərbaycanda ərzaq idxalından asılılıq ildən ilə azalır.  Və bu, ümidvericidir.

O ki qaldı birbaşa sizin qiymət artımı ilə bağlı sualınıza, bu, gömrük rüsum və vergilərinin çoxalması ilə əlaqəli deyil.  Bu, postpandemiya dövrünün ümumdünya trendidir. Daha bir vacib faktor – yük daşınmalarının logistikasının dəyəri 2-3 dəfə artıb. Azərbaycan isə dünyanın 185 ölkəsi ilə ticarət əlaqələri qurmuş bir ölkədir.  Vəziyyətdən yeganə çıxış yolu milli istehsalın həvəsləndirilməsində və artırılmasında, idxalın əvəzlənməsinə nail olmaqdadır.

– Ancaq milli istehsalın inkişafı üçün inqilabi fiskal islahatı tələb olunur.  Vergi və rüsumların azaldılması yaxın perspektivdə yığımların azalmasına səbəb olsa da, uzaq perspektivdə azad iqtisadiyyatın genişlənməsinə təkan verər.  Velosiped kəşf etmək nəyə lazım – gözümüzün önündə BƏƏ və Sinqapur misalı var. Siz bu postulatla razısınızmı ki, ticarətin inkişafı üçün ilkin şərtlər hazırlayan ölkələr gələcəkdə iqtisadiyyata sərmayə axınını da təmin edirlər?

– Sizinlə razıyam. Ancaq əvvəlcə bizi gömrük yığımları sahəsində sərt fiskal siyasət yürütməkdə ittiham edən tənqidçilərimizin mövqeyinə dönmək istəyirəm. Sərt fiskal siyasət dedikdə biz nəyi nəzərdə tuturuq?  Büdcə gəlirlərinin uğurlu artımını təmin edən yüksək vergilər, yüksək gömrük tarifləri. Diqqət edin, idxal olunan malların təqribən 56-60 faizi gömrük rüsumlarından azad edilib!  Bu nədən xəbər verir? 10 milyard dollar təşkil edən ümumi idxalda 6 milyard dollar dəyərində mallar rüsumdan azaddır.  Bu, demək olar Azad İqtisadi Zonadakı kimidir. O ki qaldı dəyəri 4 milyard dollar olan yerdə qalan mallara, onların yalnız 18%-dən 15% vergi tutulur, yerdə qalanların spesifik rüsumları isə 5% və daha aşağıdır.  Bu il 11 milyard dollar həcmində idxal proqnozlaşdırılır. İdxal olunan malların yalnız 2,5 milyard dollar dəyərində olanlarından vergi tutulur, bu da bizim tənqidçilərimizin söylədiyi ”sərt fiskal siyasəti”.  Yəni, ümumi axının yalnız  15%-indən. Beləliklə, bizim Dubaydan fərqimiz  ümumi idxalın yalnız 20%-nə olan münasibətdədir.  Daha bir əhəmiyyətli amil –  MDB ölkələrindən idxal olunan bütün mallar “Azad İqtisadi Zona” müqavilələrinə uyğun olaraq rüsumlardan tamamilə azad edilib.

Gəlin, digər ölkələrdəki vəziyyətlə müqayisə edək.  Aydın məsələdir, Qərbi Avropa ölkələri ilə analogiyalar onların iqtisadiyyatının yüksək səviyyəsini nəzərə alsaq uğursuzdur.  Əgər inkişaf etməkdə olan ölkələrlə müqayisə aparsaq, Azərbaycandakı gömrük rüsumları və vergilər daha aşağıdır.  Misal üçün, Türkiyədə elə mallar var ki, onlardan 300%, 200%, 150% həcində vergi tutulur…  Milli istehsalı qoruyan və həvəsləndirən bu fiskal siyasətini sərt adlandırırlar.

Eyni vəziyyət ƏDV-nin tətbiqi ilə də bağlıdır. Ümumi idxal olunan malların 20-25 faizi ƏDV-dən azaddır. İqtisadiyyatın liberallaşması, azad ticarətin inkişafı, yerli sənayenin formalaşması və aqrar sektorun inkişafı məqsədilə imtiyazlar tətbiq edilir.  Tam məsuliyyətlə deyirəm ki, gömrük yığımları sahəsində sərt fiskal ticarətlə bağlı uydurmaların heç bir əsası yoxdur.

Azərbaycan əvvəllər on minlərlə ton toyuq əti idxal edirdi.  İndi isə biz bu sahədə ixracatçıyıq.  Eyni vəziyyət toyuq yumurtasına, tərəvəz və meyvələrə  də addir. Yaxud tikinti materialları sahəsini götürək. Azərbaycan sement, klinker, armatur istehsal və artıq ixrac edir…  Məgər bu, qeyri-neft sektorunun inkişafının təzahürü deyil?  Bizim vəzifəmiz isə daxili bazarın və milli istehsalçının qorunmasından ibarətdir.

– Ancaq biz daima xırda və orta sahibkarların şikayətlərini eşidirik.  Əgər hər şey bu cür inkişaf edirsə,  niyə iş adamları fiskal orqanlarından şikayətçidirlər?  Milli biznesin problemləri tez-tez Milli Məclisin deputatlarının çıxışlarında da öz əksini tapır!  Bu paradoksu necə izah edirsiniz?

– Əvvəlcə “Kim şikayətlənir” sualına cavab verək.  İstehsalçı, yoxsa makler, vasitəçi?  Azərbaycanda xırda və orta sahibkarlığın inkişafı ilə bağlı çoxsaylı proqramlar yaradılıb və fəaliyyət göstərir.  İqtisadiyyat Nazirliyinin nəzdində xüsusi Agentlik yaradılıb, digər müəssisələr biznesin həvəsləndirilməsi və inkişafı işinə qoşulub, subsidiyalar, güzəştli kreditlər ayrılır…  Milli biznesin inkişafı üçün tam kompleks tədbirlər hazırlanıb.  Əgər sahibkar istehsal və ticarətdə düzgün strategiya qurursa, dövlət strukturlarından şikayətlənməyə heç bir səbəb qalmır.  Başqa sualdır ki, bəzən bizim xırda və orta sahibkarlarımız bir anın içində, istənilən vasitə və yolla iri biznesin sıralarına qatılmaq istəyirlər.  Bəzən bərabər hüquqluluq və rəqabət qanunlarını pozurlar.  Dünyanın heç bir ölkəsində hökumətin təqdim etdiyi güzəştlər əbədi deyil.  Vaxt gəlir və bütün bu güzəştlər ləğv olunur.  Başa düşün, istənilən güzəşt və imtiyaz ünvanlı olmalı və müəyyən dövr üçün nəzərdə tutulmalıdır.  Əks halda sahibkarlar bu güzəştlərdə parazitlik edərək dövlətin daimi imtiyazlarına öyrəşəcəklər. Biznes həmişəlik dövlətin boynunda otura bilməz, əks halda bu, inkişafa yox, deqradasiyaya aparacaq. Mən iş adamları ilə bütün problemləri müzakirə etməyə hazıram. Təkrar edirəm, əgər iş adamı gömrük strukturlarında problemlə üzləşibsə, onları şəxsən dinləməyə və günahkarı cəzalandırmağa hazıram. Mənim qapılarım iş adamlarının hamısı üçün açıqdır.

Faktların dili ilə danışaq. Bu il minlərlə iş adamını qəbul etmişik.  Onların təklif, təşəbbüs, istəklərini diqqətə almışıq.  Demirəm ki, biz ideal işləyirik.  Əlbəttə, bizim də səhv və nöqsanlarımız olur.  Ancaq onları dərhal düzəldirik.  Milli qanunvericilikdə də çatışmazlıqlar var, onları ümumiləşdirmişik və yaxın zamanda parlamentin müzakirəsinə təqdim edəcəyik.

– Gömrük Komitəsində sahibkarların şikayətlərinin statistikası aparılırmı?  Məsələn, ötən ay neçə iş adamı şikayətlə müraciət edib?

– İndi sizin diqqətinizə bizim xidmətimizin Bakı hava limanındakı fəaliyyətinin qiymətləndirilməsi ilə bağlı iş adamları arasında aparılmış sorğunun nəticələrini təqdim edirəm. Onların 4%-i gömrükçülərimizin fəaliyyətindən tamamilə narazıdır. 38% – razıdır…  Bu cür sorğular aparırıq.

Digər misal.  Əgər gömrük xidmətində prezident İ.Əliyevin başlatdığı köklü islahatlara qədər ixrac-idxal əməliyyatlarına 7 minə yaxın sahibkar cəlb olunmuşdusa, artıq indi, islahatlardan sonra bu rəqəm 32 min nəfərə yüksəlib!  Bu rəqəmlər nədənsə xəbər verir, düzdür?!

– Maraqlı statistikadır. Məni təəccübləndirdi!

– Bu, ölkədə liberal xarici ticarət siyasətinin yaranmasından xəbər verir.  Bu, xırda və orta sahibkarların böyük ordusuna xarici ticarətə fəal şəkildə qatılmağa imkan yaradan liberal qanunvericiliyin fəaliyyətdə olmasını təsdiqləyir.

Mən sizinlə yetərincə açıq danışıram və aramızda tabu qoyulmuş mövzu yoxdur.  Mən hər bir sahibkarla da bu cür danışıram. Korrupsiya, rüşvətxorluq, çatışmazlıqlar, inhisarçılıq, lobbiçilik haqqında … Mən iş adamlarına müraciət edirəm – bizim sıralarımızdakı rüşvətxorların adlarını çəkin!

– Bizim redaksiyamıza da gömrük orqanlarından şikayətlər daxil olur. Ancaq korrupsiya və rüşvətxorluqla bağlı heç kim şikayətlənməyib. Hamı inhisarçılıqdan şikayət edir.

 – Bizim redaksiyamıza da gömrük orqanlarından şikayətlər daxil olur. Ancaq korrupsiya və rüşvətxorluqla bağlı heç kim şikayətlənməyib. Hamı inhisarçılıqdan şikayət edir…

– Üç il əvvəlki görüşümüzü xatırlayırsız?

– Əlbəttə, xatırlayıram.  İlk dəfəydi azadlığım və həyatım üçün qorxmadan məmurdan çatışmazlıqlar barədə soruşmaq imkanı əldə etmişdim … (Gülürəm)

– (Gülür) Mən o vaxt açıq şəkildə bildirdim ki, prezidentimizin sərəncamına əsasən Azərbaycan gömrüyü mütərəqqi dünya və Avropa xidmətləri ailəsinə daxil olmalıdır. Və sözümü tutdum. Biz buna nail olduq! Biz dünyanın aparıcı gömrük xidmətlərinin onluğuna daxil olduq. Buna şəffaflığın sayəsində nail olmaq mümkün idi.  Əgər ölkəmizdə inhisarçılıq olsaydı, ixrac-idxal əməliyyatlarında gizli oyunlar getsəydi, bizi qəbul etməzdilər. Biz açıq mətnlə bütün ölkələrdən statistikanın və ixrac-idxal bəyannamələrinin tutuşdurulmasını tələb etdik.  Avropanın aparıcı ölkələrinin gömrük xidmətləri çaşqınlıq içində soruşurdular: siz həqiqətən bu şəffaf prosesə özünüzü hazır bilirsiz? Onlar əvvəlcə inanmadılar.  Ancaq onları danılmaz faktlar qarşısında qoyduq.  İnhisarlarla və kölgə iqtisadiyyatı ilə mübarizənin bütöv bir sistemi hazırlanıb:  avropalı həmkarlarımıza sahibkarların fəaliyyəti haqda sorğu ünvanlanır – malları necə və haradan alırlar,  həmin mallar Azərbaycana gətirilir, yoxsa üçüncü ölkələrə istiqamətlənir, bu daşınmalar kölgə iqtisadiyyatı ilə əlaqəlidirmi.

Mən idxalda inhisarın mövcudluğuna dair bəyanatları qətiyyətlə təkzib edirəm.  Tənqidçilərimə müraciət edirəm: sahibkarların ölkəyə gətirə bilmədiyi heç olmasa bir malın adını çəkin!

– Söyləyə bilərəm. Dərman preparatları.

– Tamamilə yalan və böhtandır.  Dərman preparatlarının Azərbaycana idxalı ilə Səhiyyə nazirliyindən müvafiq lisenziya əldə etmiş 130 şirkət məşğul olur.

– Oxuculara sualın mahiyyəti aydın olsun deyə konkret nümunə səsləndirəcəm.  Deyək ki, vətəndaş Məmmədov xarici şirkətlərdən biri ilə malın Azərbaycana gətirilməsi üçün müqavilə bağlayır və həmin malın qiyməti ölkə daxilindəki bazar qiymətlərindən xeyli aşağıdır.  Ancaq gömrükçülər dərhal müqavilənin düzgünlüyünə şübhə ilə yanaşaraq sahibkarı gömrük rüsumlarından yayınmaq üçün qiyməti qəsdən azaltmaqda ittiham edirlər.

– İcazə verin, sualınıza düzəliş edim.  Görünür, siz KİV-də əksini tapmış bir neçə hadisəni nəzərdə tutursunuz. Və haqlı olaraq sual edirsiniz. Dərman preparatlarının idxalatçılarını bioloji əlavələrin təchizatçılarından fərqləndirmək lazımdır. Biz problemlərlə adətən ölkəyə bioloji əlavələrin gətirilməsində qarşılaşırıq.  Mən Azərbaycana bio əlavələr gətirən bütün sahibkarları Gömrük komitəsinə dəvət edərək onlara bəyannamələri təqdim etmişəm.

Təklifim nə olub? Problemin həlli üçün iki variant.  Deyək ki, sahibkar ölkəyə D vitaminini 1 manata gətirirsə, onu 2 manata sata bilər. Ancaq 20 manata yox!  Onlara açıq şəkildə dedim: mənə gətirdiyiniz məhsulların satıldığı aptekləri göstərin və bizim əməkdaşlarımız həmin malların piştaxtaya hansı qiymətə qoyulduğunu yoxlayacaq.  Dedim ki, biz məhsulun gətirilməsinə icazə veririk, ancaq səmərəli qiymət siyasəti çərçivəsində. İkinci variant – dünya bazarındakı qiymətlərə və invoyslara uyğun vergi ödənməlidir.

Sahibkarların heç biri malı təhvil verdikləri topdansatış bazasının və ya aptekin yerini göstərə bilmədi. Bir nəfər belə!

– Yəni sahibkar malın satış yerini göstərsəydi, siz bioəlavələrin hamısının gətirilməsinə icazə verəcəkdiniz?

– Şübhəsiz. Ya da vergiləri ödəsələr.  Düzgün işləyin və heç bir problem, heç bir maneə olmayacaq. Bilirsiniz ölkəyə bioəlavələri neçə şirkət gətirir? 200-ə yaxın! Bundan sonra hansı inhisardan söz gedə bilər? Sizinlə razıyam, son vaxtlar artıq bizi korrupsiyada və ya rüşvət almaqda ittiham etmirlər. İşbazların yeganə iddiası – bizi işləməyə qoymurlar, çünki idxalda inhisar var.  Söhbət tək-tək şirkətlərdən gedir, çünki idxal-ixrac fəaliyyəti ilə onlarla və yüzlərlə şirkət məşğuldur və heç kim onlara mane olmur.  Biz bütün əczaçılıq şirkətləri ilə qarşılıqlı anlaşmaya nail olmuşuq – onlar müntəzəm şəkildə vergiləri ödəyir və öz mallarını Tarif şurasının müəyyənləşdirdiyi qiymət məhdudiyyətləri çərçivəsində satırlar.

Təklif edirəm, jurnalist araşdırması aparın və bizə sübut edin ki, bu və ya digər malla bağlı inhisarçılıq mövcuddur və biz bu prosesə göz yumuruq.  Mən hazıram. Buyursunlar, ortaya fakt qoysunlar. Sizin auditoriyanıza və bütün Azərbaycana tam məsuliyyətlə bildirirəm ki, idxalda da, ixracda da  heç bir inhisar mövcud deyil və Gömrük komitəsi hansısa şirkətə himayədarlıq etmir.

– Fərz edək, hansısa sahibkar məhsulun qiymətini aşağı salmağa nail olub.  Tutaq ki, həmin sahibkar danışıqlar aparmaq sahəsində çox mahir birisidir. Yaxud malı topdansatış qiymətlə alıb.  Bəs niyə rüsumları bazar qiyməti ilə ödəməlidir? Bu nə bərabərçilikdir? Sizə elə gəlmirmi, bu vaxt sahibkarın hüquqları pozulur?  Razılaşın ki, Azərbaycanda invoysların və bağlanmış müqavilələrin yoxlanması mexanizmi yoxdur.  Necə düşünürsüz, bəlkə xüsusi yanaşmaya və təkrar yoxlama mexanizminin yaradılmasına ehtiyac yaranır?

– Ədalətli və yerində verilmiş sualdır.  Bu problemin həllində də müəyyən tərəqqiyə nail olmuşuq. Statistikaya nəzər salaq: 2021-ci il ərzində gömrük xidməti invoysların cəmisi 5%-ni şübhə altına alıb. Bu, kiçik rəqəmdir.  İstənilən şirkət, istənilən fiziki şəxs qarşılıqlı əməkdaşlıq münasibətləri əsasında sövdələşmə zamanı ticarət güzəştlərinə nail ola bilər.  Və bu, malın satış yerində də öz məntiqi davamını və yekununu tapırsa, heç bir problem yoxdur.  Şübhələr o vaxt yaranır ki, malın dəyəri 100 dollardır, ancaq sövdələşmədə qiymət 30 dollar göstərilib. Problem onda yaranır ki, həmin mal həmin ölkədən digər şəxs  tərəfindən daha yüksək qiymətə gətirilir.  Bu halda Gömrük komitəsini haqlı olaraq inhisarçılığa şərait yaratmaqda ittiham edə bilərlər.  Axı mal maya dəyərinə və ya maya dəyərindən də aşağı qiymətə satıla bilməz. Dünya qiyməti 100 dollar olan malın 30 dollara alındığı barədə invoysu qəbul edə bilmərəm. Çünki, bu, inhisarçılığa yol açır.

Əgər əvvəllər bu cür mübahisəli vəziyyətləri insanın vicdanına etibar edirdilərsə, artıq düzgün yolu süni intellekt, bizim misalımızda risklərin idarəolunması sistemi göstərir. Biz gömrük xidmətində insan faktorunu tamamilə aradan qaldırmaq istəyirik.  Yeni inzibati binamızın inşası tamamlanandan sonra sizi dəvət edəcəyəm və yeni sistemlərlə tanış olacaqsınız. Sistem avtomatik olaraq müəyyən edir – Azərbaycana gətirilən mal Rusiyaya, Türkiyəyə, ABŞ-a hansı qiymətə ixrac olunur …  Sonra – həmin mal hansı müəssisədə istehsal olunub, maya dəyəri nə qədərdir, ixrac bəyannaməsi haqda tam məlumat və s… Bu informasiyaların hamısı  məlumat bazasında saxlanılır, üstəlik malı göndərən ölkə heç bir sorğu olmadan və qeyri-rəsmi şəkildə ixrac bəyannaməsini malı qəbul edən ölkəyə yollayır. Yəni anlayırsız ki, belə vəziyyətdə gömrük orqanlarına yanlış məlumat təqdim etmək sadəcə qeyri-mümkündür.

Soruşa bilərsiz – tutaq ki, əcnəbi istehsalçı bütün malı azərbaycanlı tərəfdaşına hədiyyə edib. Bəs bu vəziyyətdə nə etməli? Bu məsələ beynəlxalq hüquqla tənzimlənir. Tərəfdaş təşkilatların bütün güzəştləri və imtiyazları ticari xarakter daşıyır və malın gömrük dəyərində əks oluna bilməz. Bu çox incə məsələdir və xüsusi diqqət edin.  Deyək ki, sabah sizə Almaniyada “Mersedes” markalı avtomobil bağışlayıblar.  Ancaq bu fakt onun gömrük dəyərini ləğv etmir –  bu vəziyyətdə də avtomobilin dəyəri 100 min dollar olacaq.  Və sizin onu 25 min dollar dəyərində bəyan etməyə hüququnuz yoxdur.  Gömrük müfəttişi də vergini dünya bazarı qiymətində almalıdır.  Əvvəla, həmin avtomobili ölkəyə risklərin idarəolunma sistemi buraxmayacaq.  Və görük müfəttişi onu göstərilən qiymətdə qəbul etməyə cəsarət göstərsə belə, cinayət törətmiş olacaq. Təkrar edirəm, ticarət sövdələşməsi bağlanarkən edilən güzəştlər malın gömrük dəyərində öz əksini tapmır.  Sizin qazancınız – tərəfdaşınızın bağışladığı pulsuz avtomobildir. Ancaq siz bu avtomobilin dəyər vergisindən yayına bilməzsiniz.

– Çox maraqlıdır.  Elə çıxır, burada manipulyasiyalar var?

– Şübhəsiz.  Bilirsiz, niyə belə olur? Azərbaycanda populist maklerlərin müəyyən təbəqəsi formalaşıb ki, sosial şəbəkələr və siyasiləşmiş bəyanatlar vasitəsilə hansısa sahibkarın şikayəti ətrafında səs-küy yaradırlar.  Həmin şəxslərin adlarını çəkməyəcəm, ancaq küyü məhz onlar qaldırırlar, sonra isə yaranmış mübahisənin tənzimlənməsi üçün vasitəçi rolunda çıxış edirlər.  Həmin maklerlər “hüquq müdafiəçiliyi”ni özlərinin biznesinə çeviriblər. Ancaq anlamırlar ki, onların zamanı keçib. Əgər onlara güzəştə getməyə başlasaq, kölgə iqtisadiyyatı dirçələcək. Həmin şəxslər bəzən əhalinin sosial həssas qismini ön plana buraxmaqla çirkli oyunlarını oynayırlar. Bu, namərdlikdir!

– Ancaq razılaşın ki, gömrükçülər də səhv buraxırlar. Bəzən cinayət də törədirlər.

– Tamamilə doğrudur.

– Fərz edək, müfəttişin səhvi ucbatından hansısa sahibkarın malı saxlanma anbarlarına yığılır və orada günlərlə, hətta həftələrlə qalır.  Və sahibkarı pullu anbar yerinin kirayəsinə görə ödəməyə məcbur edirlər. Niyə Azərbaycanda gömrük məntəqələrində malların müvəqqəti saxlanmasının pulsuz sistemi yoxdur?

– Sahibkarlar komitədə qeydiyyatdan keçməlidirlər, bundan sonra öz mallarının boşaldılması üçün özləri anbar yerləri tikə bilərlər.  Biz hər hansı mübahisəli və ya münaqişəli vəziyyət yarananda sahibkarları öz mallarını pullu anbarlarda saxlamağa məcbur etmirik. Onlar bizim nəzarətimiz altında mallarını öz anbarlarına boşaldırlar.  Və mübahisə həllini tapana qədər mallar orada qalır.  Yeri gəlmişkən, məhkəmələr bizim əleyhimizə və sahibkarların xeyrinə bir çox qərarlar çıxarıb. Demirəm ki,  bütün əməkdaşlarımız ideal çalışır və hamısı haqlıdır. Biz həmişə dialoqun və bütün mübahisələrin hüquqi yolla həllinin tərəfdarıyıq.

 – Ötən il malların rüsumsuz idxal limiti 1000 dollardan 300 dollara endirildi.  Bu, ictimaiyyətdə narazılıq doğurdu.  Həmin addım Azərbaycan iqtisadiyyatının inkişafına necə təsir göstərdi?

– Söhbət ilk növbədə Azərbaycan qaunvericiliyinin beynəlxalq qanunvericiliklə unifikasiyasından gedirdi.  İstənilən mütərəqqi ölkədə poçt bağlamalarına limit var.  Bir yerdə 25 avro, başqasında 100 və hətta 150 avro.  Hər yerdə fiziki şəxslərin qeyri-kommersiya məqsədilə daşıdığı mallara limit mövcuddur.  Unifikasiyadan əlavə, bizim ikinci məqsədimiz qeyri-bərabər rəqabət və kölgə iqtisadiyyatı ilə mübarizə idi.  Bizim əlimizdə logistika şirkətlərinin, daha doğrusu işbazlar tərəfindən yaradılmış, 100-200, hətta 1000-2000 adamın cəlb olunduğu şəbəkələrin fəaliyyətinə dair danılmaz faktlar vardı. Bu şəbəkələrə daxil olan vətəndaşlar hamısı eyni vaxtda bağlamalar alırdı. Və artıq sabahısı gün həmin mallar piştaxtalara ötürülürdü.  Həmin mallar şəxsi ehtiyaclar üçün deyildi.

Əgər bu prosesi dayandırmasaydıq, həmin şəbəkələr qar topası kimi böyüyəcəkdi.  Əminəm ki, həmin şəbəkələrin hər biri on minlərlə vətəndaşa qədər genişlənəcəkdi.  Məhz bu səbəbdən biz limiti 300 dolara endirdik və vətəndaşlar üçün bəyannamənin  fərdi elektron sistemini yaratdıq. Yəni, siz ildə bir dəfə yox, istəsəniz hər ay şəxsi ehtiyaclarınız üçün elektron sistemi vasitəsilə 300 dollar məbləğində mal sifariş edə bilərsiniz.  Məqsəd nə idi? Vətəndaş bəyannaməni şəxsən doldurmalı və gömrük orqanlarına təqdim etməlidir. Biz şəxsi istehlak mallarının sifarişinin və idxalının şəffaf prosesini yaratdıq, ölkəyə gömrük nəzarətindən kənar, qanunsuz mal daxil olması cəhdlərini tamamilə məhdudlaşdırdıq.  Söhbət qeyri-bərabər və ədalətsiz rəqabətdən gedirdi. Hansısa şirkət ölkəyə mal daşıyırdı, artıq sabahısı gün logistika şirkətləri mütəşəkkil şəbəkənin köməyilə həmin malı gömrükdən keçmədən, rüsumsuz mal kimi gətirirdi.  Biz bu qanunsuz fəaliyyəti dayandırdıq.  Təsəvvür edin, məhz həmin şəbəkələrin köməyilə Azərbaycana 100 minə qədər mobil telefon daşınıb! Həmin şəbəkələr faktik qaçaqmalçılıqla məşğul olaraq leqal şirkətləri bazardan sıxışdırıb çıxarırdı.

Biz hazırda mükəmməl işləyən sistem yaratmışıq. Vətəndaş öz qadjetindən malı sifariş verir və sifariş onun ünvanına çatdırılır. Daha maraqlı nəticə:  islahatdan əvvəl rüsumsuz idxalla 32 logistika şirkəti məşğul olurdu, bu gün həmin rəqəm 208-dir!  Elektron alınmaların həcmi ildə 200 milyona yüksəlib.  Əvvəllər elektron bəyannamələr yox idi, odur ki, bizdə hətta onlayn alınmaların statistikası aparılırdı.

– Hətta Milli Məclisin bəzi deputatları da limitin azaldılmasının əleyhinə çıxırdılar…

Sizə səbəbi izah edim.  Çünki Milli Məclisin bəzi deputatları bu qanunsuz biznesdə iştirak edirdilər. Və qərar onların maraqlarına toxunurdu. Ölkəyə hər şeydən xəbərsiz vətəndaşın adına elektrik texnikası daxil olurdu, sonra mağazaların piştaxtalarından elə həmin vətəndaşlara kredit xətti ilə satılırdı.  Həmin deputatların parlamentdəki emosional çıxışlarından sonra xeyli təəccübləndim və məyus  oldum.  Əsl səbəbi anlaya bilmirdim.  Ancaq bir az araşdırandan sonra aydın oldu ki, həmin deputatlar ölkəyə vətəndaşların adına telefonlar, televizorlar, kompüterlər gətirir, sonra isə mağazalarda satdırırlar. Bu fırıldaqçılar nə edirdilər?  Öz maraqlarını qoruyurdular.

Hər bir vətəndaş özü ilə 800 dollar gətirə və 300 dollar məbləğində poçt  alınmaları edə bilər. Manat ekvivalentində bu, təqribən 2 min manatdır. Doğrudanmı vətəndaş hər ay 2 min manatlıq elektron alış-veriş edir? Əlbəttə, yox.  Azərbaycanda minimal və orta əmək haqqını nəzərə alaraq ədalətli hədd müəyyənləşdirilib.

– Daha bir ağrılı sual – Azərbaycan bazarı saxta məhsullarla doludur. Aksizsiz siqaret və alkoqollu içkilərlə şəhərin mərkəzindəki dükanlarda rastlaşmaq olar.  Mən özüm də şəhərin mərkəzindən həmin siqaretləri alıram, çünki onlar Azərbaycanda istehsal olunan tütün məmulatları ilə müqayisədə daha keyfiyyətlidir.  Ancaq son vaxtlar bu aksizsiz məhsulların da keyfiyyətinin pisləşdiyini hiss edirəm.  Kiçik bir jurnalist araşdırması məni Bakıya Tbilisidə istehsal olunan “İsveçrə siqaretləri” gətirən qaçaqmalçıların izinə saldı.  “Moskva arağı”nı isə Abxaziya, Osetiya və Dağıstandakı gizli sexlərdən daşıyırlar.  Sizdən soruşmaq istərdim – necə olur ki, Bakının mərkəzində fiskal orqanlarının gözünün qabağında aksizsiz siqaret və alkoqol satılır?

Ardı var

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button