2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Erdoğan Baydenin ‘soyqırımı’ tanımasını sərt tənqid edib

Türkiyə prezidenti Recep Tayyip Erdoğan aprelin 26-da prezident Co Baydenin erməni soyqırımını tanımasını pisləyib və deyib ki, bu hərəkət iki ölkə arasında münasibətlərə “dağıdıcı təsir” göstərəcək.

Erdoğan hökumət kabineti müşavirəsinin ardınca televizya ilə yayımlanan müraciətində Amerika hindularına işarə edərək Baydeni Türkiyə xalqını soyqırımda ittiham etməzdən əvvəl “güzgüyə baxmağa” çağırıb.

Saytların yığılması Saytlarin yigilmasi

Co Bayden aprelin 24-də I Dünya Müharibəsi zamanı Osmanlı imperiyasında baş vermiş erməni ölümlərini “soyqırım” adlandıran ilk ABŞ prezidenti olub.

ABŞ prezidentləri hər il aprelin 24-də həmin hadisələr zamanı həlak olmuş ermənilərin xatirəsini yad edən çıxış edirlər. Lakin Baydenə qədər bütün ABŞ prezidentləri, Vaşinqtonun NATO müttəfiqi Türkiyəni qıcıqlandırmamaq üçün “soyqırım” əvəzinə “qətliam” və ya başqa bu kimi sözlərdən istifadə ediblər.

Heç bir prezidentin işlətmədiyi söz

Lakin ABŞ-ın Ermənistandakı səfiri Lin Treysi aprelin 26-da AzadlıqRadiosunun Erməni xidmətinə müsahibəsində deyib ki, Bayden “insan haqlarının mühümlüyünə dərin ehtiram olaraq 1915-ci ildə baş verənlərin tarixi etirafını edib”.

Erdoğan müraciətində Baydenin bu məsələyə yanaşmasını “əsassız və faktlara zidd” adlandırıb.

O çıxışında Türkiyənin mövqeyini təkrar edərək bildirib ki, bu məsələ ilə siyasətçilər yox, tarixçilər məşğul olmalıdırlar.

Türkiyə uzun illərdən bəridir ki, hər hansı birgə komissiya üçün öz arxivlərini açmağa hazır olduğunu bəyan edib. Erdoğan daha sonra deyib:

“Biz bilirik ki, bu şərh bəyanata radikal erməni qruplarının və antitürk qüvvələrinin təzyiqi ilə daxil edilib. Lakin bunun belə olması bəyanatın dağıdıcı təsirini azaltmır”.

NATO sammitində Baydenlə münasibətləri müzakirə edəcək

Erdoğan əlavə edib ki, o NATO-nun iyun sammitində Baydenlə görüşərək münasibətlərdə “yeni qapının açılmasını” müzakirə edəcək:

“İndi biz baxmalyıq görək gələcəyə doğru hansı addımları atmalıyıq. Başqa cür olarsa, bizim münasibətlərimizin hazırda batıb qaldığı səviyyəsinin tələb etdiyi siyasətlərə keçməkdən başqa yolumuz qalmayacaq”.

Baydenin sözü gedən bəyanatı Türkiyə və ABŞ arasında münasibətlərin onsuz da gərgin olduğu vaxta təsadüf edib.

ABŞ və Türkiyə arasında münasibətlər bir neçə məsələlərə görə soyuyub. Ankara Vaşinqton və başqa NATO müttəfiqlərinin xəbərdarlıqlarına rəğmən Rusiyadan S-400 raketləri alıb.

ABŞ habelə Türkiyənin Suriyanın şimalına hərbi müdaxiləsindən və onun ABŞ-a müttəfiq sayılan kürd qüvvələri ilə qarşıdurmasından narazıdır.

Türkiyə hesab edir ki, Suriya kürdlərinin YPG qrupu ABŞ-ın da terrorçu hesab etdiyi PKK-nın bir qoludur. Halbuki Vaşinqton Suriyadakı kürd qüvvələrini müttəfiq hesab edir.

ABŞ-a Qarabağ ittihamı

Erdoğan habelə Rusiya və Fransa ilə yanaşı ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri olan ABŞ-ı Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsinin həllini tapa bilməməkdə ittiham edib:

“Təəssüf ki, 1 milyon azərbaycanlı qardaşlarımız Qarabağdan qovulub. Bütün Qarabağ yandırılıb və dağıdılıb”.

Türkiyənin tarixə baxışlarından çıxış edən Erdoğan “erməni yalanlarından” söz açıb və Qərbi “ikili standartlarda” ittiham edib.

Osmanlı imperiyasının varisi olan Türkiyə 1915-ci il hadisələrinin “soyqırım” adlandırılmasına qarşı çıxış edir.

Ankara bildirir ki, bu hadisələrdə minlərlə müsəlman da həlak olub.

Niyə 24 aprel?

Türkiyənin rəsmi mövqeyi belədir ki, erməni inqilabçılar I Dünya Müharibəsində Rusiyaya müttəfiqlik edən 5-ci kolon olublar.

Ankara bəyan edir ki, ermənilərin kütləvi deportasiyası və qırğını əvvəlcədən planlaşdırılmayıb.

Erdoğan deyib ki, “siz bizim ölkəmizdə türklərin kütləvi məzarlıqlarını görə bilərsniz, amma bircə yerdə də erməni kütləvi məzarlığı tapa bilməzsiniz”:

“Bir milyon türk və kürdün erməni dəstələri tərəfindən qətliam edildiyi bildirilir. Aprelin 24-ü erməni dəstə başçılarının İstanbulda həbs edildikləri gündür. Əslində həmin gün insan faciəsi sayılacaq heç bir hadisə baş verməyib”.

Erdoğan əlavə edib ki, Osmanlı imperiyasının son onilliklərində Qərbin dəstəklədiyi etnik millətçilik və Rusiyanın ekspansiya siyasəti üzündən 10 milyon türk və müsəlman Balkanlardan və Qafqazlardan ya qovulub, ya da öldürülüb.

Türkiyə prezidenti deyib ki, “Türkiyə olaraq biz öz ağrımızdan faydalanmağa çalışmamışıq”.

24 saat” “Erdoğan Baydenin ‘soyqırımı’ tanımasını sərt tənqid edib” başlıqlı yazını “Azadlıq Radiosu”na istinadən dərc edib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button