iqtisadiyyatİqtisadiyyat

Gizli saxlanılan vergi dəyişikliyi: Gələn il bizi nə gözləyir?

Gələn ilə ayyarım vaxt qalır. Vergi Məcəlləsinə dəyişikliklər o vaxtacan parlament müzakirəsinə çıxarılacaq. Qəbul ediləcək qərarlar gələn ilin ilk günündən qüvvəyə minəcək. Ancaq çox az vaxt qalsa da, nə Milli Məclis, nə də Dövlət Vergi Xidməti nəzərdə tutulan dəyişikliklərlə bağlı sənədləri ictimaiyyətə açıqlayıb.

Bu halın özü Azərbaycanda qərar qəbulu prosesinə qatılmalara yetərsiz təminatın gerçək misalıdır. Axı insanların fəaliyyətinə təsir göstərən qərarların qəbulunda müxtəlif maraq qruplarının iştirakçılığı təmin edilməlidir. Azərbaycanda nəinki bu prosesə maraq qrupları daxil edilir, hətta hökumət öz qərarlarını da vaxtında ictimaiyyətə açıqlamır. Nəzərə almaq lazımdır ki, Vergi Məcəlləsi ölkədə biznes fəaliyyətinə ən ciddi təsir imkanları olan mexanizmlərdəndir. Bir çox beynəlxalq qurumun Azərbaycan iqtisadiyyatına dair analizlərində də ölkədə bir çox qərarın qapalı qapılar arxasında, iştirakçılıq və şəffaflıq olmadan qəbul edilməsi tez-tez vurğulanır.

İctimaiyyətə açıqlanmasa da, müxtəlif rəsmi şəxslərin açıqlamalarında nəzərdə tutulan dəyişikliklərlə bağlı müəyyən qeydlər var. Məsələn, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti rəisinin müavini Samirə Musayeva Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin iclasında açıqlayıb ki, məcəlləyə ediləcək dəyişikliklər nəticəsində dövlət büdcəsinə 42 milyon 500 min manat əlavə vəsait daxil olacaq. Vergi Xidmətinin hesablamalarına görə, məcəllədə nəzərdə tutulan təşviqlərsə hökumətə 89 milyon manata başa gələcək.

Vergilər Məcəlləsinə təklif edilən dəyişikliklərdən biri vergi qanunvericiliyini pozan transmilli şirkətlərə maliyyə sanksiyası məbləğinin artırılmasıdır. Gələn il bu sanksiya məbləğinin düz 20 dəfə artırılması nəzərdə tutulub. Transmilli şirkətlər qrupuna daxil və Azərbaycan Respublikasının rezidenti olan müəssisə tərəfindən Vergi Məcəlləsində göstərilən hesabatın bəlli müddət, forma və qaydada təqdim edilməməsinə görə sanksiyalar tətbiq olunur. Hazırda bu sanksiyanın məbləği 500 manatdır. Təklif edilən dəyişikliklərdə həmin sanksiya məbləğinin 10 min manata qaldırılması nəzərdə tutulub.

Dəyişikliklər arasında Əlavə Dəyər Vergisi (ƏDV) ilə də bağlı yeniliklər var. Sosial xarakterli dəyişikliklər sırasında hibrid avtomobillərə verilən güzəşt müddətinin artırılması nəzərdə tutulur. Xatırlatmağa dəyər ki, bu il yanvarın 1-dən mühərrik həcmi 2 min 500 kubsantimetrədək olan və istehsal müddəti 3 ili aşmayan hibrid avtomobillərin ölkəyə idxalı və satışı 3 il müddətinə ƏDV-dən azad edilib. Güzəşt müddətinin 1 yanvar 2025-ci ildə bitməsi nəzərdə tutulurdu. Vergilər Məcəlləsinə təklif edilən dəyişikliklərdə həmin güzəştin daha 1 il uzadılması nəzərdə tutulub.

Dəyişikliklər arasında Əlavə Dəyər Vergisi (ƏDV) ilə də bağlı yeniliklər var. Sosial xarakterli dəyişikliklər sırasında hibrid avtomobillərə verilən güzəşt müddətinin artırılması nəzərdə tutulur. Xatırlatmağa dəyər ki, bu il yanvarın 1-dən mühərrik həcmi 2 min 500 kubsantimetrədək olan və istehsal müddəti 3 ili aşmayan hibrid avtomobillərin ölkəyə idxalı və satışı 3 il müddətinə ƏDV-dən azad edilib. Güzəşt müddətinin 1 yanvar 2025-ci ildə bitməsi nəzərdə tutulurdu. Vergilər Məcəlləsinə təklif edilən dəyişikliklərdə həmin güzəştin daha 1 il uzadılması nəzərdə tutulub.

Gözdən qaçırmayın:  “Minimum əməkhaqqı 550 manat olmalıdır”

“ƏDV geri al” platformasında da dəyişikliklər nəzərdə tutulub. Layihəyə görə, nağdsız əməliyyatların stimullaşdırılması məqsədilə geri qaytarılan ƏDV-nin nağd əməliyyatlara görə 10 faizdən 5 faizə endirilməsi, nağdsız əməliyyatlara görə isə 15 faizdən 17.5 faizə qaldırılması məqsədəuyğun sayılıb. Bu məsələdə diqqətçəkən məqamlardan biri hökumətin qısa zamanda qərar dəyişməsi ilə bağlıdır. Dövlət Vergi Xidmətinin bir neçə ay öncəki açıqlamasında bildirilmişdi ki, nağdsız qaydada ödənişlər üçün geri qaytarılan ƏDV məbləğinin 15 faizdən 20 faizə yüksəldilməsi nəzərdə tutulur. Ancaq indi məlum olur ki, bu müddət ərzində hökumət fikrini dəyişib. Qaytarılan ƏDV məbləği, öncədən deyildiyi kimi, 5 faiz deyil, cəmi 2.5 faiz artırılacaq.

Vergilər Məcəlləsində nəzərdə tutulan dəyişikliklərdən biri də şəhid ailələri ilə bağlıdır. Dəyişikliyə əsasən, şəhid statusu verilmiş şəxsin valideynlərinin, dul arvadlarının (ərlərinin) və övladlarının əməkhaqqı gəlirlərinə 800 manat məbləğində vergi güzəşti ediləcək.

İdmançılarla da bağlı bənzər qərar gözlənilir. Layihəyə görə, beynəlxalq və ölkədaxili yarışlarda idmançıların pul mükafatlarının 50 min manatadək hissəsinin gəlir vergisindən azad edilməsi təklif olunur.

Özəlləşdirilməsi nəzərdə tutulan dövlət şirkətlərinə də güzəştlər təklif edilir. Gələn il yanvarın 1-dən sonra dövlətə məxsus hüquqi şəxslər qərar qəbul edildiyi ildən etibarən özəlləşdirilmə prosesi müddətində, amma 3 ili aşmamaq şərti ilə əmlak və torpaq vergilərini ödəməkdən azad ediləcək.

24 saatGizli saxlanılan vergi dəyişikliyi: Gələn il bizi nə gözləyir?” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

son xeberler

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button