Texnologiya

Google xarici dili tərcümə edərək altyazı formatında istifadəçiyə ötürən yeni AR eynəyi təqdim edib (VİDEO)

    Google I/O 2022 konfransı artıq start götürüb və şirkət sözügedən konfrans çərçivəsində yeni innovativ cihazını təqdim edib. Söhbət, xüsusi AR eynəkdən gedir. Lakin təqdim edilmiş yeni AR eynək 2011-ci ildə təqdim edilmiş Google Glass-dan fərqlənir. Belə ki, yeni AR eynək adi eynəklərə bənzəsə də o, insanlar arasında olan ünsiyyətdəki vacib sərhədin aradan qaldırılmasına yardımçı olur. Söhbət, dil sərhədindən gedir. Məsələ burasındadır ki, sözügedən AR eynəyi istifadə edən şəxs üçün həmin eynək real zaman ərzində digər şəxsin ünsiyyətdə istifadə etdiyi xarici dili tərcümə edərək altyazı formatında təqdim edir. Bu isə öz növbəsində iki şəxsin bir-birini anlamasına imkan yaradır. Şirkət tərəfindən təqdim edilmiş videoda sözügedən AR eynəyin imkanları sərgilənib. Həmin videoda Google əməkdaşı digər dillərdə danışan insanlar ilə ünsiyyət yaratmağa çalışır və ingilis dilində danışır.

    Eynək isə öz növbəsində real zaman ərzində ingilis dilini digər şəxslərin doğma dillərinə tərcümə edərək altyazı formatında təqdim edir. Videodan da görmək olar ki, Google şirkətinin yeni AR eynəyi həmçinin jestlərlə ifadə edilən dili də təyin edərək onları altyazı formatına çevirə bilir. Qeyd etmək lazımdır ki, bütün bu imkanlar artıq smartfonlarda mövcud olsalar da, Google şirkətinin fikrincə artırılmış reallığın istifadəsi ünsiyyət üçün daha rahat və təbii üsuldur. Sözügedən AR eynəyin hansı hazırlanma mərhələsində olduğu məlum deyil. AR eynəyin texniki özəllikləri barəsində də məlumat verilməyib. Bununla yanaşı nəticədə bu cür eynəyin satışa çıxıb-çıxmayacağı da bilinmir. Heç istisna deyil ki, bu cihaz sadəcə olaraq prototip rolunu oynayır və Google şirkətinin texnologiyalarını sərgiləmək üçün hazırlanıb.

Gözdən qaçırmayın:  Windows 11-i rəsmi Microsoft hesabı olmadan istifadə etmək mümkün olmayacaq

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button