2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ManşetXəbərlər

Günahsız insanların məhkum edildiyi məkandan – REPORTAJ

Saat 10:00. Divarları ləkəli Azərbaycan məhkəməsi. Tarixə şahidlik etmək üçün əsas qapının girişində qələbəlikdi. Kimisi yorğun gözlərini ovuşdurur, kimisi yarımoturaq vəziyyətdə, kimisi də sakit-sakit, bir az da yazıq görkəmdə qapının dəstəyindən möhkəm yapışan əsgərin ciyiltili səsini, ağzından çıxacaq sözü, adının çəkilməsini gözləyir.
***
Üzbəüzdə balaca meşə var: iki-üç ağac olan yerə, günəş şüalarından insanları azca qoruyan yer indi meşə sayılır. Adam əlindən yer yoxdu, iynə atsan yer düşməz; kiminsə üzünü cızar, ya da əsəbdən düyünlənən qaşlarına sancılar.

nar1
Hərənin bir dərdi var, hər kəs öz gününə, öz taleyinə ağlayır.
Bir azdan məhkəmə başlayacaq, yenə məsum üzlər, yenə günahsız insanlar ittihamçının dağınıq, rabitəsiz suallarına tuş gələcək.
Polislər çayxananı da yol kimi qapadıblar. Qələbəlik, izdiham yoldan ötənlərin diqqətini cəlb etməsin. Məhkəmə bitənə qədər heç kim çayxanaya gələ bilməz. Səhərdən axşama qədər domino, nərd oynayanlar özlərinə yeni ünvan tapmalı, ya da prosesin bitməsini gözləməlidirlər. Çay evinin sahibi də məhkəmə önünə toplaşanlar kimi çarəsizdi, etiraz edə bilmir, çünki dövran onun deyil. Stulları üst-üstə toplayaraq günün batmasını – məhkəmədə sonuncu zəngin çalınmasını gözləyir. Evinə bir tikə çörək aparmaq üçün daha çox işləməlidi – bəlkə də ürəyində söyür, qarğış edir.
Budur, əsgərin ciyiltili səsi qulaq deşir: “Gəlin, hər adamın iki qohumu içəri keçə bilər”. Qapının önü dolub-daşır, içəri keçənlər bayırda gözləyənlərə əl çantlarını verir, kimliklərini təsdiq edən sənədi əsgərin başı üzərində dayanan adama göstərir, yoxlanışdan sonra zala daxil olular.

nar2
***
“Allah”, “Allah” kəlməsi proses boyunca səslənir. İçəridəkilər ittihamçının tərtib etdiyi uydurma, yalan sənədlərdən boyun qaçırmaq Tanrıya pənah aparır, bayırdakılar isə bu oyunu quranları Allaha tapşırırlar.
İttihamçı danışır, sual verir, müttəhimlər cavablandırır, hakimlər gah göz ağardır, gah da üzlərini turşudurlar. İşin nə olduğunu özləri də gözəl anlayırlar. Ancaq ixtiyar sahibi deyillər. Başları üzərində yazılan “ədalət” kəlməsi də onlar üçün adi sözdən başqa heç nəyi ifadə etmir. Onlar da məhkumdurlar – qara mantiyalı məhkumlar!
İttihamçı danışır, səs-küyü zalı bürüyür. Müttəhimlər dözə bilmir, etiraz edirlər, yalan olduğunu söyləyirlər. Hakim də acizdi aranı sakitləşdirməkdə. Necə etsin, insan həyatı puç olur ortada. Özləri də bilirlər, sadəcə susurlar, seyr edirlər, proses iştirakçıları kimi…
***

Saytların yığılması Saytlarin yigilmasi

nar3
Növbə müttəhim kürsüsündə əyləşənlərə çatır. Tam sakitlik hökm sürür. Günəş şüaları pəncərələrdən içəri sıçrayır, ittihamçının üzünü qamaşdırır. Danışanları görmək üçün əliylə alnına hasar çəkir.
Hər biri sakit şəkildə durumu izah edir, başlarına gətirilən olaylar, onlara verilən işgəncələrdən söz açır. Qandonduran çıxışlar adamı vəcdə gətirir, nitqin qurudur. Yalnız hakimlər, itthamçı və gözətçilər sakitdir. Sanki heç nə olmayıb, adi bir haldı. Müttəhimlər danışdıqca əlləriylə qeyri-ixtiyarı dəmirbarmaqlıqları döyəcləyirlər. Qapıdan çıxan və sanki o əsgərin səsini yamsılayırmış kimi ciyilti səs susmuş zalı bürüyür. Tavandan asılan toz basmış lampa da közərə bilmir. İllərdi eyni fomadadı: qaranlığa qərq olmuş məhkəməni işıqlandırmağa gücü çatmır.
Müttəhimlərin çıxışı bitir, fasiləyə elan olunur. Hakimlər bir-iki qurtum çay içmək üçün bir saatlıq istirahətə gedirlər.
***

nar6
Zal boşaldılır, yalnız müəttəhimlər və gözətçilər qalır. İttihamçı bir səmtə, vəkilləri və proses iştirakçıları başqa səmtə – çöldəkilərin yanlarına gəlirlər. Prosesə şahidlik edənlər müttəhimlərin başına gətirənləri danışdıqca “Allah”, “Ya Hüseyn” kəlmələri məhkəmənin köhnə-kürüş divarlarına dəyib geri qayıdır…
Ağlayan kim, göz yaşlarını gizlədən kim, özünü zorla saxlayıb ürəyində min lənət yağdıran kim…
Çayxana bağlı, bir qisim adam uzaqlara üz tutur. Polislər isə getməyənləri bir az da küncə – meşənin dərinliklərinə sıxır; gediş-gəlişə mane olmamaları üçün. Halbuki yollar bağlıdır, kimsə gəlib-getmir – yalnız çayxananın daimi müştərilərindən başqa. Onlar da gəldikləri kimi kor-peşman geri dönürlər.
***

nar4
Əli qandallı, yayın cırhacırında qan-tər içində zalda dəmir stulda oturan müttəhimin anasının ah-naləsi yeri-göyü titrətsə də, yanındakılardan başqa heç kimi incitmir. Polislərin də, yolu səhv salıb məhkəmənin önündən adda-budda ötənlərin də içini tərpətmir. Sadəcə ayaq saxlayıb bir az tamaşa etdikdən sonra yollarına davam edirlər.
***
Məhkəmə işinə başlayır. İçəri bürkü olduğundan pəncərələrin bir neçəsi açılır. Hakimlər danışır, hamı ümidlidir. Möcüzənin baş verəcəyinə inanırlar, ancaq yenə yanılırlar və yenidən ümidlər ölür, hər şey öz axarına qayıdır. Qıyılan gözlər, titrəyən əllər, dodaqlarda pərçimlənən dualar anındaca yox olur.
Pəncərədən donmuş zala iri çinədanlı, qara rəngli göyərçin pırıldayıb daxil olur. Göyərçin kəsik-kəsik uğuldayır. Hər kəs ağ göyərçini – sülh quşunu gözləyirdi, ancaq içəridə qara göyərçin uçuşur, toz basmış lampaya qanadlarıyla toxunur. İnsanlar müttəhimlərin halına acıdıqları kimi buna da yanırlar.
***

nar5
Məhkəmə öz işindədir. İttihamçı dil boğaza qoymadan danışır, hakimlər gah başlarını yellədirlər, gah da əlavələr edirlər. Mütəhhimlər də, proses iştirakçıları da yorğun görünür. Eyni sözlərin havada göyərçin kimi uçuşması, yatmağa gedən günəşin şəfəqlərinin zalı azca işıqlandırması adamları məst edir. İttihamçı isə fürsəti fövtə vermədən danışır. Üz cizgiləri isə eyni qaydadadı – nə dəyişir, nə də solur. Bənizi də elə əvvəlki kimi qapqaradı.
İclas növbəti günə qədər təxirə salınır. Proses iştirakçıları bayıra, müttəhimlər isə soyuducaya bənzər, ancaq içərisi isti olan balaca dustaq maşınlarında sıx şəkildə təcridxanaya aparılırlar.
***
Polislər hamının dağılışmasını gözləyir. Sonuncu adam gedənə qədər növbə çəkirlər. Bu baş tutadan sonra isə arğın-yorğun maşınlara əyləşib işıq sürətilə gözdən yox olurlar.
Çayxana fəaliyyətə başlayır. Müştərilər çay sifariş verib, tələm-tələsik domino daşlarını qarışdırırlar. Onlar saatlarla bu anı gözləyirdilər. Artıq xoşbəxtdirlər…

Xüsusi olaraq 24saat.org saytı üçün
Ramin DEKO
REDAKSİYADAN
24saat.org saytının təqdim etdiyi bu reportaj Nardaran hadisələrinə görə tutuqlanan şəxslərin ittiham olunduqları məkandan hazırlanıb. Ancaq bunu xüsusi olaraq qabartmaq, məsələni yalnız həmin məkana şamil etməkdən uzağıq.
Bu reportaj ittiham olunanın və ittihamçının nə deməsindən asılı olmayaraq sıradan Azərbaycan məhkəməsinin sözlə çəkilmiş rəsmidir. O səbəbdən yazıda təqsirləndirənlə təqsirləndirilənlərin fikirlərinə yer vermədik. Məqsədimiz bir otağın timsalında Azərbaycan məhkəmələrinin bu gününü canlandırmaqdır…

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button